Mobil versiya
Novruzəli Aslanov: “Beynəlxalq hüququn çalışmadığı müasir dünyada Türkiyə-Azərbaycan birliyinin önəmi daha da aydın görünür”
Tarix: 15-06-2023 | Saat: 12:53
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Beynəlxalq hüququn çalışmadığı müasir dünyada Türkiyə-Azərbaycan birliyinin önəmi daha da aydın görünür”

“Türkiyə və Azərbaycan iki qardaş ölkə olaraq artıq uzun illərdir ki, Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” düşüncəsi ilə yanaşı addımlayırlar. Ölkələrimizi və xalqlarımıza bu günlərə gətirib çıxaran bu yol, bundan sonra da iki qardaş xalqı daha böyük zəfərlərə doğru aparacaq. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana iyun ayının 12-də etdiyi səfər ölkələrimiz arasında birliyin möhkəmliyini və gücünü bir daha nümayiş etdirir. Bu yaxınlarda qardaş Türkiyədə keçirilmiş prezident seçkilərindən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni perspektivlər açılır. Təsadüfi deyil ki, seçkilərdə məhz Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi Azərbaycan xalqını da çox sevindirmiş, məmnun etmişdir. Xüsusi olaraq belə bir vacib məqamı da qeyd etmək lazımdır ki, ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” artıq öz adında iki qardaş ölkə arasındakı strateji əlaqələrin yeni mərhələyə yüksəldiyini əks etdirir. Ötən müddət ərzində sənədin icrası ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etmişdir. O cümlədən ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat bunu da bildirib ki, Türkiyə və Azərbaycanın xarici siyasət sahəsində vahid mövqedən çıxış etmələri həm ölkələrimizin maraqları, həm də Cənubi Qafqazda sülhün və sabitliyin qorunması baxımından son dərəcə önəmlidir: “Keçirilən görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev də xüsusi olaraq vurğuladı ki, bu gün regionun inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi ən önəmli amillərdən biri kimi çıxış edir. Hər iki ölkənin dövlət başçıları ölkələrimizin ortaq niyyətini ifadə edərək, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin dayandığını vurğulayıblar. Təbii ki, ölkələrimiz arasında ən vacib əməkdaşlıq sahələrindən biri müdafiə və müdafiə sənayesi sahələridir. Bu gün Azərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edir. Cari il 16 birgə hərbi təlim keçirilməsi nəzərdə tutulub ki, onlardan da 6-sı artıq keçirilmişdir. Ölkələrimizin siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətləri həm Türkiyənin, həm də Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və təhlükəsizliyinə əlavə təminatdır. Öz çıxışında möhtərəm dövlət başçımızın dediyi kimi, güc amilinin getdikcə daha çox ön plana çıxdığı, beynəlxalq hüququn çalışmadığı müasir dünyada Türkiyə-Azərbaycan birliyinin önəmi daha qabarıq formada özünü göstərir.”

Daha sonra N.Aslanov ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin əhəmiyyətindən bəhs edib: “Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi sürətlə artır və bu artımın bundan sonra da davam edəcəyi heç kimdə şübhə doğurmur. Xüsusilə enerji sahəsində həyata keçirilməsi planlaşdırılan növbəti layihələr də bunu təmin edəcək. Bu gün Azərbaycandan Türkiyəyə təbii qazın ixracı da getdikcə artmaqdadır. Buna paralel olaraq Azərbaycan Türkiyə ərazisindən Avropa ölkələrinə də qazın ixracını artırmaqdadır. Lakin enerji sahəsində əməkdaşlıq sadəcə təbii qaz resursları ilə məhdudlaşmır. Bu gün Azərbaycan və Türkiyə bərpaolunan enerji növləri üzrə əməkdaşlığın perspektivlərini araşdırır və bu istiqamətdə çalışmalar aparırlar. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Daha bir diqqətəlayiq məqam da Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizinin açılması istiqamətində birgə səylərini artıracaqlarının bəyan olunması ilə bağlı oldu. Məlumdur ki, mövcud geosiyasi şəraitdə Orta Dəhlizin önəmi getdikcə daha da artır. Xəzər dənizindən keçməklə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və bu tendensiya davam edəcək. Ona görə də Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişlənməsi labüddür. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Bütün bunların fonunda isə əlbəttə ki, Zəngəzur dəhlizinin açılması qaçılmaz olur və bu, bütün ölkələr üçün yeni imkanlar açacaq, bölgədə işbirliyi məsələlərinə müsbət təsir göstərəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024