Mobil versiya
10 iyun Vüsal Hüseynovun anadan olduğu gündür
Tarix: 10-06-2023 | Saat: 11:26
Bölmə:Ölkə / Özəl | çapa göndər

10 iyun Vüsal Hüseynovun anadan olduğu gündür

Vüsalın Vətən sevgisi...
İndi Lənkəran rayonunda böyük də, kiçik də Vüsal Yəhya oğlu Hüseynovun adını hörmətlə çəkir, hər an onu ehtiramla xatırlayır və qürur hissi keçirirlər. Vüsala belə bir saf, ilahi məhəbbət qazandıran lap uşaqlıqdan qəlbinə hakim kəsilən Vətən sevgisi oldu. O qədər Vətəninə bağlanmışdı ki, İkinci Qarabağ müharibəsində canını ona fəda etməklə əbədiyyət adlı dünyasına qovuşdu. Doğrudur, Vüsalın ömür yolu 19 il çəkdi. Uca Tanrı onu Vətəni üçün yaratmışdı, məhz buna görə də yaşadığı həyat olduqca şərəfli oldu, ülvi bir sevginin qanadlarında ürəklərə köçdü. Vüsal düz 43 gün ağır müharibədə Qarabağın hər qarışı uğrunda düşmənlə döyüşdü. Doğma Azərbaycana sədaqət, məhəbbət paylaya-paylaya yağıya qan qusdurdu. Elə arzusuna çatan gündə- Vətən torpaqların 30 illik əsarətdən çıxdığı xoş bir məqamda səmanın parlaq günəşinə tay oldu.
Vüsal orta məktəbi bitirib xeyirxah məqsədlərə tapınmaqla doğma Velədi kəndində özünün cəmiyyət üçün lazımlı, dəyərli olduğunu göstərə bilir. Zəhməti, ağılı, zəkası, qabiliyyəti sayəsində hörmət qazanır. Lənkəran texniki kollecində sürücü-mexanik peşəsini öyrənir. İşıqlı əməllərə can atır, el-obaya təmənnasız xidmətlə ucalır. Tutduğu işə ürəklə, qurub-yaratmaq eşqi ilə yanaşır. 2019-cu ildə əsgərlik yaşı gələndə sevinir. Axı sinəsini Vətənə sipər etmək, işğalçı düşməni əzmək Vüsalın çoxdankı arzusu idi. O, xidmət zamanı Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrində atıcı olur. Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirir, mərdliyi, cəsarəti onu çox əməliyyatlardan üzüağ çıxardır. Bir sözlə, əsgər Vüsal Vətənin qeyrətini hər şeydən üstün tutur və hətta canını ona qurban verməyə hazır durur. Əsgər dostları, komandirləri bu keyfiyyətlərinə görə həmişə Vüsala böyük inam, ümid bəsləyir.
İkinci Qarabağ müharibəsi başlanan andan Vüsal döyüş meydanında olur. Vətən məhəbbəti, düşmənə amansız nifrəti ilk gündən onu qələbəyə doğru aparır. Döyüşdən-döyüşə atıldıqca sanki ona yeni güc gəlir. Erməni faşistlərini qıra-qıra Şuşaya qədər min əzab-əziyyətli, ölümlü yollar keçir. Böyük ümid bəslədiyi zəfər günü, 8 noyabr tarixində qəfil açılan güllə Vətən eşqli ürəyinə dəyir.
Bəli, Vüsalın şəhidliyi Vətən torpağının azadlığına səbəb oldu. Bu hünərlə örnək bir ömür yaşadı. Qərinələr keçəcək, gələcək nəsillər də Vüsalın Vətən sevgisindən nümunə götürərlər. Dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, “İgidliyə görə”, “ Zəngilanın azad olunmasına görə” medalları Vüsalın müharibə meydanında göstərdiyi qəhrəmanlığa gözəl nişanədir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024