Mobil versiya
Deputat olmaq istəyən şəxs bir neçə mərhələdən keçməlidir
Tarix: 31-08-2015 | Saat: 02:21
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

Deputat olmaq istəyən şəxs bir neçə mərhələdən keçməlidir


Noyabrın 1-də Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçiriləcək. Artıq bir sıra partiya və bloklar öz namizədlərinin siyahısını açıqlayıb.


Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalara görə, deputat olmaq istəyən şəxs bir neçə mərhələdən keçməlidir.

Aia.az musavat.com-a istinadən deputatlığa namizəd olmağın ilkin şərtlərini təqdim edir:

Deputatlığa namizədlik vətəndaşın özü, seçicilərin təşəbbüs qrupları, partiyalar və partiyaların blokları tərəfindən irəli sürülə bilərlər.

Özü və ya seçicilərin təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən şəxs dairə seçki komissiyasına yazılı bildiriş təqdim etməlidir. Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq deputat olmaq istəyənə şəxs adı, soyadı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir. Əgər namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, həmin səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi təqdim edilməlidir. Eyni zamanda, namizədin ərizəsində onun siyasi mənsubiyyətinə dair məlumat vardırsa, bu barədə təsdiqedici sənəd olmalıdır. Seçki Məcəlləsi ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyasına təqdim olunmuş sənədlərin qəbulu barədə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə yazılı arayış verilir, təqdim edilmiş sənədlərə beş gün müddətində baxılaraq, namizədə və ya onun səlahiyyətli nümayəndəsinə namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar təqdim edilir.

Namizədlərin siyasi partiyalar və siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında qərarı isə siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir və siyasi partiyanın, siyasi partiyalar blokunun bu barədə qərarı protokolla rəsmiləşdirilir.

Deputatlığa namizədlərin irəli sürülməsinin təsdiq edilməsi üçün siyasi partiyalar qeydə alındığı barədə şəhadətnamənin və qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surətlərini, namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarını və müvafiq iclasın protokolunu, hər bir namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildirişi, namizədliyi irəli sürülən şəxsin tərcümeyi-halına dair məlumatları, deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş ərizəsini və digər sənədləri təqdim etməlidir.

Namizəd olmaq üçün nə qədər səs toplamaq lazımdır...

Seçki Məcəlləsinə görə namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Maksimal hədd nəzərdə tutulmayıb.

Seçki qanunvericiliyinə görə, seçici imzalarını 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaş toplaya bilər. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplamaq ixtiyarı yoxdur.

Minimal 450 min səs toplandıqdan sonra lazım olan mühüm sənəd imzaları toplanmasının yekunu haqqında MSK-nın müəyyən etdiyi formada tərtib edilmiş protokoldur. Bu protokol müvafiq səlahiyyətli şəxs tərəfindən 2 nüsxədə tərtib edilir və həmin şəxs tərəfindən təsdiq edilərək müvafiq seçki komissiyasına təqdim edilir. Bu zaman namizəd dairə seçki komissiyasına mülkiyyət hüququ əsasında özünə məxsus olan əmlak barədə, gəlirlərinin miqdarı və mənbələri barədə məlumat təqdim etməlidir.

Bundan başqa namizədin qeydə alınması üçün namizədin ilkin maliyyə hesabatı da təqdim edilməlidir. Seçki prosesləri başlayandan seçkilərin nəticələri elan olunana qədər namizədlər 3 dəfə maliyyə hesabatı verir. Sənədlərin təqdim edilməsi prosesində həmin şəxsin təqdim etdiyi hesabat qanunvericiliklə ilkin maliyyə hesabatı kimi müəyyən edilir və bunun mahiyyəti ondan ibarətdir ki, həmin hesabatda seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilir. Belə ki, seçki qanunvericiliyinə görə, seçki fondunda toplanmış vəsait təbliğat prosesi başlanana qədər yalnız seçici imzalarının toplanmasının təşkilinə sərf edilə bilər.

Namizd seçkilərə nə qədər pul xərcləyə bilər?

Namizəd, seçicilərin təşəbbüs qrupu, siyasi partiyalar və siyasi partiyaların blokları dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra beş gün müddətində seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabları açmalıdırlar. Seçki Məcəlləsinin 156.1-ci maddəsinin tələbinə görə, hər bir namizədin seçki fondu vəsaitinin yuxarı həddi 500 min manatdan çox ola bilməz.

Seçki komissiyası, imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılmasının nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolun surəti namizədin qeydiyyata alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə təqdim olunur. Bundan sonra, müvafiq seçki komissiyası namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir.

Qeydə alınmış namizədlərin siyahısı dairələr üzrə səsvermə gününə azı 20 gün qalmış təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və dövlət büdcəsindən maliyyələşən dövri nəşrlərdə dərc edilir.

Eyni zamanda, qeydə alınmış namizəd səsverməyə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Şəxsin namizədlik statusundan imtina edilməsi barədə müraciətinə 1 gün müddətində baxılır.

Həmçinin, siyasi partiya və siyasi partiyaların bloku səsvermə gününə ən geci 10 gün qalmış istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədini, qeydə alınmış namizədini geri çağıra bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024