Mobil versiya
Azərbaycan Xalq Cümhuriyyəti İli
Tarix: 27-05-2023 | Saat: 21:20
Bölmə:Özəl | çapa göndər

Azərbaycan Xalq Cümhuriyyəti İli


Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əlamətdar hadisə olmaqla yanaşı, xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən birini təşkil etmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermişdir. Belə ki, müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlət quruculuğunun bərqərar edilməsində, xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymaqla yanaşı, xalqmızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə gələcək müstəqillik üçün etibarlı zəmin hazırlamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə itirilmiş dövlətçiliyimizin bərpası reallaşdı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasına verdiyi böyük töhfələrdən biri və bəlkə də ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin, həm də demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsası qoyulmuşdur.
Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Müstəqillik haqqında Konstitusiya Aktı” nda qeyd olunur ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur. Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda Respublika Günü kimi qeyd olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənə ilə qeyd edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Çünki bu gün hər bir ziyalı, ictimai-siyasi xadim, bütövlükdə ictimaiyyətin nümayəndələri də bilirlər ki, xalqımızın milli yaddaşında beş minillik dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir.
Mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 100 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın əsasına çevrildi. Məhz Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacardı. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi.
Şübhəsiz ki, bu gün hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. Məhz 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir.
Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyəti mütərəqqi dövlətçilik ənənələri formalaşdırdı.
1918-ci ilin 28 mayında Şərqin ilk demokratik respublikası kimi yaradılan AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə sahib olan Azərbaycanın həyatında mühüm rola malik oldu. Eyni zamanda, Cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri (Qafqaz İslam Ordusu) ilə birlikdə Nuru paşanın komandanlığı altında “Bakı Kommunası”nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra – avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər. Həmin ayın 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərar qəbul olundu. 2 iyul 1918-ci il tarixində Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu.
Digər tərəfdən, uğurlu xarici siyasət Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınmasını şərtləndirdi. 1918-ci il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi. Səmərəli xarici siyasətin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da keçirilən iclasında çox mühüm qərarlar qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyəti demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 milyon 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hər etnosa bir deputatla parlamentdə təmsil olunmalı idilər.
Azərbaycan dövləti Cümhuriyyət tarixi və dəyərlərinə böyük ehtiramla yanaşır.
Bu gün AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli liderin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi ölkəmizin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Çünki bununla dünya ictimaiyyəti görür və dərk edir ki, Azərbaycanın zəngin dövlətçilik tarixi və ənənələri var, müasir müstəqil Azərbaycan zəngin dövlətçilik ənənələri əsasında formalaşıb.
Müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir.
1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik respublika xalq cümhuriyyəti qurmaqla Azərbaycan xalqı öz dövlətçilik ənənələrini yenidən bərpa etdi. Lakin bu yol heç də asan başa gəlmədi. Çünki 1917-ci ilin fevralında Rusiyada baş verən inqilab nəticəsində imperiyanın süqutu yaxınlaşmış və mərkəzdənqaçma meylləri güclənmişdi. Rusiya Dövlət Dumasına seçilmiş Cənubi Qafqazdan olan deputatlar əvvəlcə Xüsusi Komitə, noyabr ayında isə Zaqafqaziya Komissarlığı yaratdılar. 1918-ci il fevralın 23-də Rusiyanın Müəssislər Məclisinə seçilmiş deputatlar Tiflisdə toplaşaraq əvvəlcə Zaqafqaziya Seymi, aprelin 22-də isə müstəqil Zaqafqaziya Federativ Respublikası yaratdılar. Hər üç millətin nümayəndələrinin təmsil olunduqları Zaqafqaziya seymində xarici və daxili amillərin sayəsində ümumi dil tapmaq çətinləşirdi. Mayın 26-da Zaqafqaziya Seymi özünün axırıncı iclasını keçirdi. Mayın 27-də Seymin müsəlman fraksiyası Azərbaycan Milli Şurasını elan etdi. Milli Şuranın rəyasət heyəti və sədri seçildi.
Mayın 28-də Azərbaycan Milli Şurasının 44 üzvündən 26-nın imzaladığı dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsi ilə türk-müsəlman dünyasında parlamentli respublikanın yaranmasının əsası qoyuldu. Azərbaycanın öz müstəqilliyini elan etməsi haqqında mayın 30-da hökumətin başçısı Fətəli xan Xoyskinin imzası ilə dünyanın əsas siyasi mərkəzlərinə telefonoqramma göndərildi. Sonralar Əsas Qanunun – Konstitusiyanın qəbul edilməsi mümkün olmadığı üçün İstiqlal Bəyannaməsi Xalq Cümhuriyyətinin süqutunadək faktiki olaraq Konstitusiyanı əvəz etmişdir.
Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açıldı. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hər il dövlət müstəqilliyinin bərpa edilməsi günü – Respublika Günü kimi qeyd edilir.
Azərbaycan Xalq Cümhuriyyəti parlament tipli respublika idi və o, çətin və mürəkkəb şəraitdə 23 ay yaşayıb fəaliyyət göstərdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü işi şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi. Dövlət atributları – bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi. Dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi. Naxçıvan diyarının Azərbaycan ərazisi kimi qorunub saxlanılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirildi. Qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı. Milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu. Maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu. Təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlandı. İctimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Azərbaycan xalqı haqlı olaraq müsəlman aləmində ilk demokratik respublikanın yaradıcıları kimi bu tarixlə fəxr edir. Amma bu şərəfli tarix uzun sürmədi, bolşevik-daşnak qüvvələri və onların rəhbərlərinin cinayəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etdi.

Zərinə Hümbətova— Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024