Mobil versiya
Azərbaycan və Litva arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür
Tarix: 26-05-2023 | Saat: 17:33
Bölmə:Özəl | çapa göndər

Azərbaycan və Litva arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür

Azərbaycanın xarici siyasətində bütün dövlətlərlə normal, bərabərhüquqlu münasibətlərin qurulması mühüm yer tutur. Bu kontekstdə ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan-Litva əlaqələrinin inkişafı da bu baxımdan böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bu ilin 22 may tarixində Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda bir çox mühüm açıqlamalar vermişdir. Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir.Biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq.

Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda ölkəmiz Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyinə töhfə verir.  İxracatda neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları var, başqa sözlə, Azərbaycanın enerji resurslarına ehtiyac kifayət qədər böyükdür.Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır.Logistika, şəbəkələr və daşımalarda böyük əməkdaşlıq potensialı var. Daşımalar sektorunu yalnız tranzit gəlirləri potensialı ilə məhdudlaşmır. Burada, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsətidir.Avropanın enerji xəritəsi əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır.Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edilir. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyulur. Çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək. Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Əsas hədəf şaxələndirmədir. Ölkəmiz iqtisadiyyatı şaxələndirəcək və enerji sektorundan asılılığı azaldacaq.İqtisadi sabitlik uğurlu əməkdaşlığın təminatıdır. 
Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti imkanların, biznes mühitinin, qaydaların, vergilərin, sərmayə imkanlarının və digər məsələlərin nümayiş etdirilməsindən ibarətdir. Bunlar Azərbaycanın imkanlarına aid qısa bir arayışdır və Litva ilə əməkdaşlığın konkret istiqamətlərini ifadə edir. Sözsüz ki, Azərbaycanın potensialı bunlarla məhdudlaşmır, son illərdə əldə etdiyi uğurlar, xüsusilə işğaldan azad olunmuş torpaqlarda başlatdığı nəhəng tikinti-quruculuq işləri ilə beynəlxalq ictimaiyyət yaxşı tanışdır, Azərbaycanla əməkdaşlıq etmək istəyən hər bir dövlət üçün bu müsbət dinamika mühüm əhəmiyyət daşıyır. Litva Respublikasının ölkəmizə göstərdiyi marağın əsasında da Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurlar dayanır və təsadüfi deyildi ki, ölkə rəhbərinin rəsmi səfəri əməkdaşlıq üçün konkret təkliflərlə müşayiət olundu. Litvanın Prezidenti Azərbaycanın imkanlarını qiymətləndirərkən, ölkəmizin qlobal iqtisadiyyatda oynadığı rolun daha da artacağını, Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycanın qlobal ticarətdə ən mühüm rollardan birini oynadığını və oynayacağını etiraf etdi. Üstəlik, Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşıdır, Litva da Avropa İttifaqının üzvü kimi bu əməkdaşlıq münasibətlərinin bir parçası olaraq Azərbaycanla əlaqələrin gələcəyinə də inamla baxır.
 
Azərbaycan da öz növbəsində Litva ilə strateji münasibətlərin davamında, biznes əlaqələrinin möhkəmlənməsində maraqlıdır. Litva Prezidentinin öz ölkəsinin inkişaf göstəriciləri ilə bağlı verdiyi məlumatlar deməyə əsas verir ki, keçirilən biznes-forum işgüzar əlaqələrin qurulması üçün yaxşı fürsət və uğurlu təməldir. Çünki Litvada geniş maliyyə və vergi imtiyazlarına malik yeddi azad iqtisadi zona var. Ölkə sürətli rəqəmsal infrastruktura malikdir və münasib tariflərə əsaslanan bu infrastruktur Avropa İttifaqında ən yaxşılar sırasındadır. Ölkənin digər üstünlükləri yaxşı inkişaf etmiş şose və dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı sahəsindədir. Ölkə innovativ və yüksək texnoloji sektorlar üzərində çalışır. Son on il ərzində böyük elektrik istehsalı işlərini icra edib, qaz və maye qaz terminalının tikintisi layihələrini həyata keçirib. Litvanın hazırda enerji sektoru günəş və külək enerji parklarından ibarətdir. Bu yaxınlarda Baltik dənizində ilk dəfə olaraq külək enerji parkını yaradacaq. Hər iki dövlət birgə səyləri, layihələri, daha çox məlumatlandırmalarla möhkəm iş birliyi qura bilərlər. Əminik ki, hər iki ölkənin biznes nümayəndə heyətləri bu forumdan və keçirdikləri görüşlərdən faydalanacaq, iqtisadi əlaqələrimiz daha da möhkəmlənəcəkdir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024