Mobil versiya
Novruzəli Aslanov: “Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir”
Tarix: 03-05-2023 | Saat: 09:56
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir”

“Ulu Öndər Heydər Əliyev XX əsrin ən görkəmli siyasi və dövlət xadimlərindən biri olaraq təkcə Azərbaycanın deyil, həmçinin 70 il ərzində dünyanın ən qüdrətli və ən böyük dövləti olan keçmiş SSRİ-nin ictimai-siyasi həyatında yüksək vəzifələri tutmuş, ən mühüm iqtisadi, sosial və mədəni sahələrə rəhbərlik etmiş və bu sahələrin inkişafına misilsiz töhfələr verçişdir. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və həmin ildə general-mayor rütbəsi vəzifəsinə layiq görülmüşdür. Bundan cəmi iki il sonra, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuş, 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutmuşdur. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev faktiki olaraq, SSRİ-nin idarə olunmasını həyata keçirən əsas şəxslərdən biri olmuşdur. Hər zaman prinsipiallığı və qətiyyəti ilə seçilən Ulu Öndər 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün qadağalara rəğmən, hətta özü və ailəsi üçün yaranmış həyati təhlükəni belə gözə alaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş və burdan bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Həmin il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşmüş, burada Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdir. Ulu Öndər Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışmışdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Öz fikirlərini davam etdirən deputat daha sonra Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşılaşdığı bir məqamda xilaskarlıq missiyasını öz üzərinə götürməsindən bəhs edərək bunları deyib: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış qarma-qarışıqlıqdan istifadə edən müəyyən anti-milli qüvvələr hakimiyyəti öz əllərinə ala bildilər. 1991-1992-ci illər ərzində respublikada sürətlə davam edən mürtəce, dağıdıcı proseslər 1993-cü ilin may-iyun aylarında ölkəni vətəndaş müharibəsinin başlanması ərəfəsinə gətirmiş və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir mürəkkəb dövrdə Azərbaycan xalqı dövlətin və millətin başı üzərini almış ölümcül təhlükələrdən yeganə xilas yolunun yalnız Ulu Öndərin ölkəyə rəhbərliyi öz üzərinə götürməsində olduğunu zamanında görərək, Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Bundan sonra ölkənin o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldu. Ölkənin, xalqın, Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ağır bir zamanda xalqın çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü və bu yolda misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi xaos və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Təsadüfi deyil ki, dövlətçilik tariximizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız öz xilaskar oğlunun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü, 15 iyun tarixini Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev artıq öz seçimini etmiş xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanan Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ulu Öndər ölkəyə rəhbərlik etdiyi illər ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və bu möhtəşəm strategiyanın həyata keçirilməsi üçün mühüm addımlar atdı.”

Həmçinin N.Aslanov Ümummilli Liderimizin xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması, iqtisadi müstəqilliyin əldə olunması, ordu quruculuğu kimi istiqamətlərdə böyük uzaqgörənliklə atdığı mühüm və zəruri addımların ölkəmizin bugünkü inkişaf səviyyəsinə çıxması baxımından kəsb etdiyi əhəmiyyətindən danışıb: “Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. Bununla Ümummilli Lider xalqın tarixi yaddaşını özünə qaytarmış, eyni zamanda da müstəqil Azərbaycan respublikasının birbaşa Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulamışdır.
Heç şübhəsiz Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması olmuşdur. Ölkənin ən vacib sənədinin haızırlanmasına başlamaq ərəfəsində Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin böyük əksəriyyəti Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Yeni Konstitusiyanın qəbulu ilə ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər baş verdi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addımlar atıldı.
Həmçinin son dərəcə vacib məqamlardan biri kimi, Ulu Öndər Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi istiqamətində işlərin prioritet olaraq müəyyən edildiyinə diqqət yetirmək lazımdır. 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi” adlandırılan ilk neft sazişi imzalanmışdır. Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmış “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. Müqavilənin gerçəkləşdirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır. Ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz Ulu Öndərin iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Sözsüz ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında olan ən önəmli xidmətlərinın tükənməz sırasında qüdrətli Ordu quruculuğu sahəsində görülən işlər xüsusi yer tutur. Heydər Əliyev bu sahənin müstəsna əhəmiyyətini hələ sovet dönənimdə düzgün qiymətləndirərək, 1969-cu ildə respublikada hakimiyyətə gəlişindən dərhal sonra hərbi kadrların hazırlanması prosesinin başlanması üçün ciddi səylər göstərməyə başladı. Ulu Öndər 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olmuşdu. Qeyd olunmalıdır ki, müstəqilliyin ilk illərində mövcud olan, ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr 1993-cü ildən sonra Ali Baş Komandan cənab Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.”

Sonda deputat Ulu Öndər Heydər Əliyevin öz xalqının qəlbində və qan yaddaşında əbədi olaraq yaşayacağını qeyd edərək bunları deyib: “2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmçinin bu tarixi günün əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2023-cü il 26 aprel tarixində imzalanmış müvafiq qanuna əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur. yaratdı. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin, Prezident cənab İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Ulu Öndər Heydər Əliyev yolu bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024