Mobil versiya
Abdulla Oruc oğlu Mehrabov – 85 Möhtərəm və möhtəşəm Mehrabov ...
Tarix: 29-04-2023 | Saat: 12:44
Bölmə:Gündəm | çapa göndər

Abdulla Oruc oğlu Mehrabov – 85 Möhtərəm və möhtəşəm Mehrabov ...

“Böyük adamların ömrü onların
ideyalarının ömrü ilə ölçülür”.
Dədə Turxan


Fizika elminin inkişafına töhfə verən çoxlu sayda eksperimental və nəzəri tədqiqat əsərləri, eləcə də pedaqogika elminin inkişafında, yeni təlim texnologiyalarının respublikamıza gətirilməsində və onun tətbiqində danılmaz rolu olan, elmi nailiyyətləri ilə Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da tanınan, texnika üzrə elmlər doktoru, professor, respublikanın əməkdar müəllimi, Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü Abdulla Oruc oğlu Mehrabovun anadan olmasının 85 ili 2023-cü ilin may ayının 1-də tamam olur.
Abdulla müəllim nəzəri fizikanın mühüm bir tərkib hissəsi olan “Bərk cisimlər” fizikası sahəsində respublikamızda və dünyada sayılıb-seçilən alimlərdən biri idi. Bu elmə onun sonsuz məhəbbəti vardı. O, Dekart sayağı fizika elmini böyük ağacın əsas gövdəsinə, digər elmləri isə bu ağacın gövdəsi üzərində şaxələnən qollara və budaqlara bənzədərək onun gənclərə daha yaxşı öyrədilməsinin vacibliyini vurğulayaraq söyləyirdi: “Fizika elmini öyrətmə yolu həyatdan fizikaya doğru yönəlməlidir. İnsan təbiəti duymalı, hiss etməli və hər şeyin təbiətini-fizikasını düzgün anlamalıdır”. Bir sıra alimlər fizikaya dair proqramların “müasirlik və yenilik” pərdəsi altında mürəkkəbləşdirilməsini və daha ciddi öyrədilməsini təklif edəndə, o, gülümsəyərək söyləyirdi:
“Bu kimə lazımdır, sizə və ya uşaqlara? İlk növbədə uşaqların maraqlarının ödənilməsi nəzərə alınmalı, müasirlik baxımından öyrədilməsi vacib olan mövzular seçilməlidir. Daha vacib olanı isə odur ki, öyrətdiklərimiz başa düşülən olsun. Bunun üçün hər bir öyrədənin daxilində öyrətmək istəyi, maraq və məqsədinin olması ilə yanaşı öyrətdiklərini də sevməlidir”.
Abdulla müəllim mənalı və xoşbəxt bir həyat yaşadı. Bu gün də onun adı el-obada, alimlər arasında, pedaqoji ictimaiyyətdə hörmətlə xatırlanır. Onu yaxından tanıyan görkəmli şəxsiyyətlərin fikirlərini ümumiləşdirərək onun haqqında belə söyləmək mümkündür: “O, həyatı və insanları sevən, xeyirxah insan, böyük alim, əsl pedaqoq idi. Milli-mənəvi dəyərlərimizin əsl sahibi və böyük daşıyıcısı olmaqla yanaşı, Vətənini, millətini və dövlətini özünəməxsus böyük məhəbbətlə sevirdi və hər şeydən əvvəl bu dəyərlərlə də hamıya örnək idi. Sağlam ailəsi, övladları ilə qürur duyurdu.
Taleyinə böyük insanlıq, alimlik, rəhbər olmaq yazılmışdır. Uzun illər rəhbər vəzifələrdə çalışdı. Həmişə sözü ilə əməli düz gəldi, Allah yolunu gözlədi, onun böyüklüyünə sığınan bir insaf adamı oldu. Hər kəsin, hər şeyin qədir-qiymətini düz bilirdi. Əhli-ürfana, yazıb-yaradanlara, arxa-kömək idi. Şəxsiyyət olanları sevirdi, istər həyatda, istərsə də elm aləmində öz yolu və sözü olanlara xüsusi dəyər verirdi. Hər bir insanın böyüklüyünü onun özünə bənzəməsində görürdü, bununla bağlı Mövlanə sayağı deyimləri də var idi. Yeri gəldikcə, “Filankəs, dünya durduqca özünə bənzə” deyərdi və bığaltı gülümsəyərdi.
O, təkcə öyrətmirdi, öyrənməyi də sevirdi. İşləməkdən xüsusi zövq alırdı, öz üzərində daima əzmlə çalışırdı. Çalışmayanı, gündəlik mütaliə etməyəni, öyrənməyəni tez hiss edirdi və deyirdi ki, filankəs oxumur, axsayır.
Abdulla müəllimdən bizlərə qalan ən böyük miras bütün dövrlərdə elm aləmində gərəkli olan çoxlu sayda elmi əsərləri, şərəflə başa vurulmuş əsl insan, əsl alim ömrünün nümunəsi və minlərlə insanın yaddaşında kövrək bir xatirəyə çevrilmiş hadisələr oldu. “Allah rəhmət eləsin Abdulla müəllimə, bu işdə mənə arxa-dayaq oldu” kəlmələrini söyləyənləri tez-tez eşitmək olur.
Abdulla müəllimə Allahtalə bütün insani gözəllikləri vermişdi, özü də bol vermişdi; boylu-buxunlu, səliqəli-sahmanlı, nəzakətli, mehriban, üzündə peyğəmbər nuru olan bir insan - əsl türk idi. Bu baxımdan bütün möhtəşəmliyi ilə o, özünə bənzəyirdi. Harada olmasından asılı olmayaraq onun görünməsi bir canlanma yaradırdı, hadisəyə çevrilirdi, hamı ona əsl insan, əsl alim kimi böyük hörmət və ehtiram bəsləyirdi”.
Abdulla Mehrabov 1938-ci il mayın 1-də qədim Borçalı mahalının Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuş, natamam orta təhsili Saraçlı kəndində, tam orta təhsilini isə qonşu Arxılı kəndində almışdı. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsinə daxil olmuşdu. 1962-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən Abdulla müəllimə institutda qalmaqla bağlı olunan təklifi qəbul edir.
1963-cü ildə Abdulla müəllim Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasına işə dəvət olunur və elmi staj keçmək məqsədilə Rusiya Federasiyasının Leninqrad Dəqiq Mexanika və Optika İnstitutunun "İstilik fizikası" kafedrasına ezam olunur. Qısa müddətdə fizika elminin bu sahəsi ilə bağlı olan yetərli bilik və bacarığı, fərqli düşünmə tərzi, elmi tədqiqata olan sonsuz maraqları ilə diqqəti cəlb edən Abdulla müəllimə, institutun aspiranturasında təhsilini əyani davam etdirməsi təklif olunur. 1964-cü ildə Aspiranturaya qəbul imtahanlarında uğur qazanan Abdulla müəllim, əzmlə çalışaraq vaxtından əvvəl - 1967-ci ildə "Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alır.
Qazandığı uğurlar onun perspektivli bir alim olmasından xəbər verdiyi üçün Abdulla müəllimə Leninqrad Dəqiq Mexanika və Optika İnstitutunda qalıb elmi tədqiqatlarını davam etdirilməsi israrla təklif olunsa da, o, sonrakı fəaliyyətini Azərbaycanda davam etdirəcəyində qərarlı olduğunu bildirir.
1967-ci ildə Azərbaycana qayıdan Abdulla müəllim Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında assisent kimi işə başlayır, daha sonra müəllim, baş müəllim, dosent və kafedra müdiri vəzifələrinə yüksəlir.
1975-ci ildə isə ona Azərbaycanda yeni yaradılmış İnşaat-Mühəndisləri İnstitutunun kadr hazırlığı proqramlarının tələblərini ödəyən "Fizika" kafedrasının təşkil olunması kimi çətin bir iş tapşırılır. Böyük istedada, şəxsi təcrübəyə və nüfuza malik olan Abdulla müəllim, qısa zaman kəsiyində kafedranın inkişaf istiqamətlərini düzgün müəyyənləşdirir. Kafedrada məqsədyönlü elmi tədqiqat işlərinin aparılması məqsədilə istedadlı gənclərdən ibarət güclü elmi-pedaqoji kadr potensialı formalaşdırır. Elmi-tədqiqat işlərinin aparılmasını təmin etmək məqsədilə kafedranın müasir avadanlıqlarla, tədris və elmi-tədqiqat laboratoriyaları ilə təchiz olunmasına nail olur. Üzərinə düşən vəzifələrin öhdəsindən layiqlə gəlməklə yanaşı o, bir dəqiqə olsun belə elmi axtarışlara ara vermir. Aparılan tədqiqatların davamlı nəticəsi olaraq 1983-cü ildə "Mürəkkəb həndəsi formalı sistemlərdə istilik ötürülməsinin bəzi problemləri" mövzusunda yazdığı doktorluq dissertasiyasını uğurla müdafiə edərək, texnika elmləri doktoru elmi dərəcəsini alır. Onun bu fundamental tədqiqat əsərindəki, mürəkkəb həndəsi formalı konstruksiyalarda istiliyin paylanmasının tədqiqi üçün tətbiq olunan yeni metodların nəzəri və təcrübi əsasları ilə bağlı elmi nəticələri bu sahədə çalışan alimlər tərəfindən uğurlu elmi yenilik kimi dəyərləndirilərək geniş müzakirələrə səbəb olur və müəllifinə şöhrət gətirir. Kafedrada aparılan elmi tədqiqat işlərinin yenilik və əhatəlik baxımından respublika və ittifaq miqyasında təqdirə layiq hesab olunur. Ölkə rəhbərliyi aparılan elmi-tədqiqat işlərinin perspektivliyini nəzərə alaraq, onun davam etdirilməsini və həm də miqyasının genişləndirilməsini tövsiyə edir. Məqsədyönlü elmi-tədqiqat işlərinin aparılmasına işgüzar şəraitin yaradılması məqsədilə, tezliklə kafedranın nəzdində bir neçə elmi-tədqiqat laboratoriyaları yaradılır. Yeni yaradılmış “Nüvə qanma-rezonansı spektroskopiyası” laboratoriyasına professor Q.H.Binnətli, “Metal və ərintilərin fizikası” laboratoriyasına prof. T.M. Pənahov və “Yüksəktemperatur ifratkeçiricilik” laboratoriyasına isə prof. V.Y. Əliyev rəhbərlik edir. Bu laboratoriyalarda Abdulla müəllim zaman-zaman fizika elminin prioritet istiqamətləri: "Bərk cisimlər fizikası", "Bərk cismlərin radiasiya fizikası", "İstilik fizikası və molekulyar fizika" üzrə tədqiqatlar aparmaqla yanaşı, gənc alimlərə də elmi rəhbərlik etmişdir. O, ilk dəfə olaraq bərk cisimlərin, mayelərin istilik xassələrini yüksək temperatur və təzyiqlərdə tədqiq etmək üçün yeni dinamik üsulların elmi əsaslarını işləyib hazırlamışdır, bu sahədə fundamental tədqiqatlar aparmışdır.
Aparılan elmi-tədqiqat işlərinin aktuallığı Sovetlər birliyinin digər elmi-tədqiqat mərkəzlərinin də diqqətini cəlb edir və kafedra ilə birgə fəaliyyətlə bağlı təkliflərinin sayı durmadan artır. Qısa zaman ərzində bir çox qabaqcıl elm və təhsil mərkəzləri ilə yanaşı, tanınmış alimlərlə də sıx, işgüzar elmi əlaqələr yaranır. Kafedra Rusiya Federasiyasının qapalı müəssisələri olan “Astrofizika”, “Uçuşları idarəetmə mərkəzi”, Sankt-Peterburq Fizika-Texniki İnstitutu, Ural “Metal fizikası”, Ukrayna EA-nın “İstilik fizikası”, “Metal fizikası” və bir sıra digər ölkələrin elmi-tədqiqat müəssisələri ilə birgə uğurlu araşdırmalar aparır. Burada aparılan elmi-tədqiqat işlərinin nəticələri namizədlik və doktorluq dissertasiyalarının yazılmasında, elmi dərəcələrin alınmasında həlledici rol oynayır. Ən böyük nailiyyətlərdən biri isə kafedrada yeni gənc alim-pedaqoq nəslinin yetişməsi və elmi məktəbin formalaşması olur. Mütəxəssislərin qazandığı elmi nailiyyətlərin elmi ictimaiyyətə çatdırılması məqsədilə, çoxlu sayda monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər nəşr edilir, dünyada tanınmış nüfuzlu ölkələrin elmi jurnallarında isə elmi-metodik məqalələr dərc olunur. Kafedra “Abdulla müəllimin məktəbi” kimi şan-şöhrət tapır.
Elmi-pedaqoji nailiyyətləri və ictimai fəallığı ilə diqqəti cəlb edən Abdulla müəllim ölkə rəhbərliyi tərəfindən 1990-cı ildə Azərbaycan Respublikası Xalq Təhsili nazirinin müavini vəzifəsinə təyin olunur. Ölkədə cərəyan edən özbaşınalıqlar tezliklə təhsil sisteminin də işini iflic edir. 1992-ci ildə o, yenidən doğma kollektivə qayıdır, burada - İnşaat Mühəndisləri İnstitutunun birinci prorektoru - tədris-tərbiyə işləri üzrə prorektor, rektor əvəzi kimi vəzifələrdə çalışdı.
15 iyun 1993-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni bir dövrün, inkişaf və tərəqqinin əsasını qoydu. İnsanlarda yaşamağa, yenidən qurub-yaratmağa, dövlətə və dövlətçiliyə inam yarandı. Ölkə ziyalıları Heydər Əliyevin “Respublikamız müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır” çağırışına qoşularaq, daha da əzmlə çalışmağa başladılar. Müstəqillik dövrünün tələblərinə cavab verən yeni təhsil sisteminin, o cümlədən ali təhsil sisteminin yenidən qurulmasında, onun hüquqi-normativ bazasının yaradılması və yeni nəsil təhsil proqramları ilə təmin olunmasında Abdulla müəllim fədakarlıq göstərən, yönəldici alim-pedaqoqlardan biri oldu. Professor Abdulla Mehrabovun elmi-pedaqoji, ictimai fəaliyyəti, dövlət quruculuğunun bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan, təhsilə, tərbiyəyə strateji sahə kimi baxan   Ümummilli lider Heydər Əliyevin diqqətindən yayınmır və 2001-ci ildə onun Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutuna rəhbər təyin olunmasını məsləhət bilir. Ona göstərilən yüksək etimada böyük dəyər verən professor Abdulla Mehrabov Təhsil Problemləri İnstitutuna yeni idarəetmə səriştəsini gətirir, yaradıcı alimlərə qayğı göstərir, işgüzar şərait yaradır. Eyni zamanda o, bu etimadı təhsilimizin dünyanın inkişaf etmiş ölkələrinin, xüsusilə də Avropa təhsil sisteminə inteqrasiya olunması, yeni təlim texnologiyalarının Azərbaycana gətirilməsi, yeni pedaqoji təfəkkürün formalaşdırılması, yeni təhsil paradiqmalarının, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi sisteminin-Qiymətləndirmə Konsepsiyasının  yaradılması ilə bağlı yazdığı: "Təhsil sistemində monitorinq və qiymətləndirmə", "Testologiya və müasir təhsil", "Təhsil marketinqinin əsasları", "Şagird intellektinin inkişafı", "Pedaqoji texnologiyalar", "Azərbaycan təhsilinin müasir problemləri", "Müasir təhsilin konseptual problemləri", "Müasir təhsilin  metodoloji problemləri" əsərləri ilə doğrultdu.
Professor Abdulla Oruc oğlu Mehrabov Allahdan ona bəxş olunan ömrünü alim-müəllim olmaqda gördü, yazdı-yaratdı, dövlətinə və millətinə şərəflə xidmət etdi. Ondan bizə əmanət olaraq bir çox ölkələrinin, eləcə də respublikamızın aparıcı elmi jurnallarında çap olnmuş 500-dən  artıq elmi məqalə, 51 elmi-metodik vəsait, 13 dərslik və dərs vəsaiti, 14 monoqrafiya və kitab, 15 ixtirası qaldı. Bu gün elm aləmində Abdulla müəllim yolunu öz zəhmətinin bəhrəsi olan, elmlər doktoru proqramı üzrə 12,  fəlsəfə doktoru proqramı üzrə 30  alim uğurla davam etdirirlər. Onlardan biri də mənəm.
Qədir bilən Azərbaycan xalqı və dövləti professor Abdulla Mehrabovun əməyini lazımınca dəyərləndirdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olundu, 2006-cı ildə isə "Azərbaycan Respublikasının  əməkdar müəllimi" fəxri adına layiq görüldü.

Vidadi Ömər oğlu Orucov
pedaqogika üzrə elmlər doktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024