Mobil versiya
İqtisadi strategiyamız yeni bir inkişaf dövrünü yaşayır
Tarix: 26-04-2023 | Saat: 12:24
Bölmə:Gündəm | çapa göndər

İqtisadi strategiyamız yeni bir inkişaf dövrünü yaşayır

Dövlətin inkişafında onun iqtisadi üstünlüyü əsas rol oynayır. Bu baxımdan Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Tarixə nəzər salsaq görərik ki, görkəmli şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycan iqtisadiyyatı öz inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərin Azərbaycana rəhbərliyin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görülüb.
Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan verib. Bu dövrlərdə inkişaf səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənirdi. Bu ondan irəli gəlirdi ki, Azərbaycan daim Heydər Əliyevin diqqət mərkəzində idi. İqtisadiyyatın inkişafı Azərbaycanı digər SSRİ ölkələrindən fərqləndirirdi.
Azərbaycana rəhbərliyinin ilk onilliyində Heydər Əliyev ölkə iqtisadiyyatında sözün əsl mənasında inqilab etmiş, respublikada yüzlərlə yeni müəssisə tikilmiş, neft-maşınqayırma sənayesinin yeni sahələri yaradılmış, dəmiryol nəqliyyatı sektoru yenidən qurulmuş, kimya, yeyinti sənayesi, kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf etməyə başlamışdı. Artıq 1975-ci ildə respublikada ümumi neft və qaz hasilatının həcmi 27,1 milyon tona çatmışdı. Bu isə o demək idi ki, Azərbaycan 1941-ci ildəki ən yüksək neft və qaz hasilatı səviyyəsini ötüb keçmişdi.
Az bir zamanda Azərbaycanın keçmiş sovetlər birliyində qabaqcıllar sırasına çıxması, Heydər Əliyevin ölkənin gələcəyinə ünvanlanan sirli strateji planlarının həyata keçirilməsinə şərait yaradırdı. Artıq müstəqillik illərində bu dövrü xatırlayarkən ümummilli lider deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər şeydən əvvəl iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara demirdim nə üçün bu lazımdır… Mən istəyirdim mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin.”
Tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəb olur. Ötən əsrin 90-cı illərində düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycan da həmin dövrü yaşadı. Respublikamız yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda daxildən parçalanmaq təhlükəsi ilə də qarşı-qarşıya qaldı.
Ölkənin belə bir vəziyyətdə, bir çox dövlətlərin Dağlıq Qarabağ savaşından spekulyasiya etdiyini, Azərbaycanın isə dünyanın istər iqtisadi, siyasi, istərsə ideoloji savaşında çox zəif olduğunu, 1993-94-cü illərdə Qarabağ münaqişəsinin hərbi yolla həllinin perspektivsizliyini və onun ölkənin iqtisadi dirçəlişini əngəllədiyini nəzərə alan Heydər Əliyev ölkənin müharibədən çıxmasına və atəşkəs haqqında özünəməxsus razılaşma əldə edilməsinə nail oldu.
…Heydər Əliyevin az bir müddətdə bu istiqamətdə atılmış düşünülmüş və hədəfə ünvanlanmış addımları öz bəhrəsini verdi. 1994-cü il sentyabrın 20-də təzyiq və hədələrə baxmayaraq, “Əsrin müqaviləsi” imzalandı. Şübhəsiz, bu müqavilənin çox böyük iqtisadi dəyəri ilə yanaşı, ölçüyə gəlməyən siyasi əhəmiyyəti də var idi. Yaxın vaxtlara qədər dünyanın tanımadığı, iflas və məhv olmaq təhlükəsi qarşısında olan gənc, müstəqil Azərbaycan beynəlxalq iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrilirdi.
Ümummilli lider bu müqavilənin əhəmiyyətini belə qiymətləndirirdi: “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir.”
Ölkədə dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlanması da Heydər Əliyevin adı ilə bağlıdır. İstər bu sahədə təkmil qanunvericilik bazasının yaradılması, istərsə də dövlət proqramlarının qəbulu ulu öndərin təşəbbüsü ilə reallaşıb. O zaman bu prosesə mane olmaq istəyən qüvvələrə qarşı mübarizə aparan Heydər Əliyev bu prosesin ağrılı olsa da həyata keçirilməsinin vacibliyini vurğulayır və deyirdi: “Mən birmənalı deyirəm: biz sərbəst iqtisadiyyata keçməliyik və bu yolda cürbəcür bəhanələr axtarmamalıyıq. Ola bilər ki, bu yolda itkilərimiz, çətinliklərimiz olsun. Ancaq bu yolu keçməliyik. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın.”
Ulu Öndər Heydər Əliyev düşünülmüş strategiya tətbiq edərək xarici ölkələrin şirkətlərini Azərbaycana gətirdi. "Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Ulu Öndər Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, bank sahəsini, vergi sahəsini və digər sahələri daxil etmək olar. Bu illər ərzində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün mühüm addımlar da atıldı. Ulu Öndərin islahatları ilə Azərbaycanda nəqliyyatın bütün sahələrinin yenidən bərpası və inkişafı üzrə qanunlar qəbul olundu, tədbirlər həyata keçirildi ki, bu da ölkəmizin digər dövlətlərlə istər havadan, istər sudan, istərsə dəmiryolları vasitəsilə iqtisadi əlaqə yaranmasına, möhkəmlənməsinə şərait yaratdı. Qədim ipək yolunun Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın burada tranzit rolunu oynaması iqtisadi cəhətdən böyük imkanlar verdi.
2003-cü ildən başlayaraq Heydər Əliyev strategiyası yeni keyfiyyətdə və yeni məzmunda uğurla davam etdirilərək hazırda tamamilə yeni bir inkişaf dövrünə qədəm qoymuşdur. Ulu öndərin müəyyənləşdirdiyi strategiyanın layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində dövlət quruculuğunun yeni mərhələsi başlamış, iqtisadiyyatın müasirləşməsinə, qeyri-neft sektorunun inkişafına nail olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların inkişafı sürətləndirilmişdir. Həyata keçirilən sosialyönümlü siyasət və layihələr nəticəsində əhalinin sosial rifahı xeyli yaxşılaşmışdır. Təsadüfi deyil ki, ümummilli liderin əməlləri və ideyaları ölkəmizin Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024