Mobil versiya
Böyük Qayıdışın mənəvi zəmanəti: Sabir Rüstəmxanlı imzası
Tarix: 27-04-2026 | Saat: 20:58
Bölmə:Manşet / Özəl / Qərbi Azərbaycan / Yazar3 | çapa göndər

Böyük Qayıdışın mənəvi zəmanəti:

Bəzən insan özünə bir sual verir: bir ömrün içində bütöv bir millətin taleyini necə yerləşdirmək olar? Bu sualın cavabını axtaranda gözümün önünə ilk olaraq Sabir Rüstəmxanlı gəlir. Mən bu gün təkcə bir şairdən, bir ictimai xadimdən deyil; ruhu bütöv Azərbaycan boyda olan, qələmi ilə amalını eyni məqamda birləşdirən bir məsləkdaşımdan, ustadımdan söz açıram.

Mənim üçün Sabir Rüstəmxanlı, hər şeydən əvvəl, "Ömür kitabı"dır. Bizim nəslin milli oyanışında o kitabın yeri müstəsnadır. O vaxtlar mən İlanlı kəndinin, Ağbabanın dumanlı dağlarının həsrətini içimdə daşıyanda, Sabir bəyin misraları sanki o dağların havasını Bakının mərkəzinə gətirirdi. O, bizə təkcə poeziya bəxş etmədi; həm də itirilmiş yaddaşımızı qaytardı, qanımıza hopmuş qorxunu yenmək gücü verdi.

Düşünürəm ki, Sabir müəllimlə ruhumuzun kəsişdiyi ən böyük nöqtə Vətən coğrafiyasıdır. O, Təbriz deyəndə könlü göynəyən, Dərbənd deyəndə qəddi bükülən, Borçalıdan, Zəngəzurdan, Ağbabadan keçib bütöv bir Turan xəyalı quran insandır. Onun yaradıcılığında Vətən sadəcə xəritə deyil; nəfəs alan, canlı bir varlıqdır. Mən Qərbi Azərbaycanın hər kəndini, hər ocağını sətir-sətir bərpa etməyə çalışanda, sanki Sabir bəyin illər öncə açdığı o böyük cığırla irəliləməyə can atıram.

Onun "Xətai yurdu" romanını vərəqləyərkən görürəm ki, Sabir Rüstəmxanlı təkcə keçmişdən yazmır; o, keçmişi bu günümüzə gətirib bizə güzgü tutur. Şah İsmayılın birliyi və vətən sevdası Sabir bəyin dilində elə səslənir ki, insan istər-istəməz düşünür: "Görəsən, biz bu gün o birliyə nə dərəcədə sadiqik?"

Ömür yolumun bu məqamında Sabir müəllim haqqında düşünərkən qəlbimdə böyük fəxr hissi duyuram. Bu, sadəcə eyni dövrün adamları olduğumuz üçün deyil; həm də eyni ağrının, eyni ümidin daşıyıcısı olduğumuz üçündür. O, millət vəkili kürsüsündən hayqıranda da, ağ kağızla baş-başa qalıb şeir yazanda da eyni səmimiyyətdədir.

Sabir Rüstəmxanlı mənim üçün həm də bir vəfa rəmzidir. O, ustadlarının və kökünün səsinə səs verən, seçdiyi yoldan sapmayan bir ziyalıdır. Mən də öz yazılarımda, "Qayıdış dastanı"nda həmişə o səmimiyyəti və vəfanı qorumağa çalışmışam. Çünki bilirəm ki, biz yazmasaq, biz xatırlatmasaq, tarixin tozlu səhifələri yaddaşımızı udub yox edər.
Sabir Rüstəmxanlının milli ruhu və vətəndaşlıq mövqeyi, əslində çoxları üçün qaranlıq olan bir dövrdə – 1970-ci illərin kommunist rejiminin ən kəskin çağında parladı. O, hələ o zaman "Müstəqillik ilk inamım, ilk həsrətim" deyəndə, əslində xalqın məslək bayrağını hamıdan öncə qaldırmışdı. Həmin illərdə tələbəlik ömrünü yaşayan gənclərin dilində əzbər olan "Sağ ol, ana dilim", "Qan yaddaşı", "Gəncə qapısı" kitabları sadəcə şeir toplusu deyil, biz sovet gənclərini öz soykökümüzə, dilimizə qaytaran mənəvi pasportlar idi.

Mən Sabir bəyin 1980-ci illərdəki axtarışlarında sanki özümü görürəm. O, "Tarix adlı bir güzgüdə mən özümü axtarıram" deyəndə, əslində bütün xalqı o güzgüyə baxmağa dəvət edirdi. İndi biz Qərbi Azərbaycan İcmasında hər gün o güzgüyə baxırıq; tariximizin acı dərslərini unutmamaq üçün onun açdığı cığırlardan keçirik. 1988-ci ilin noyabr meydanlarında xalqın qarşısına çıxan Sabir Rüstəmxanlı artıq sadəcə şair deyil, o, meydanı "ana qucağı" bilən, parçalanmış Vətənə sığmayan bir lider idi.

Onun "Ömür kitabı" isə 1989-cu ildə xalqın dirçəliş nidasına çevrildi. Bu kitab erməni saxtakarlığına verilən ən tutarlı cavab, azadlığa çağırış manifesti idi. Akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi, Sabir bəy bu əsəri ilə yeni dövrün ən mükəmməl "Azərbaycannamə"sini yaratdı. "Xətai yurdu"ndan "Göy Tanrı"ya, "Difai fədailəri"ndən "Sunami"yə qədər hər bir romanı tariximizin bir qatını aydınlatdı. O, "Xətai öz ömrünü kişi kimi yaşayıb getdi... bəs biz neyləyək?" sualını verəndə, bizə milli kimliyimizi dərk etməyi təlqin edirdi.

Onun siyasi fəaliyyəti – təsis etdiyi "Azərbaycan" qəzeti, rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresi – hər biri həmin "Vətəndaş həmrəyliyi" ideyasına xidmət edir. Sabir bəy üçün türklük bir şovinizm deyil, humanizmə söykənən qardaşlıq ənənəsidir. O, bizə öyrətdi ki, milli birliyi olmayan xalqın taleyi hər zaman sual altında qalar.

Nəhayət, 44 günlük Vətən müharibəsində Sabir Rüstəmxanlının qələmi yenidən qılınc tək parladı. Zəfər yolumuzun ilk irihəcmli poemanın – "Qarabağa dönüş"ün müəllifi kimi, o, məğlubiyyətdən qalibiyyətə gələn şərəfli yolun fəlsəfəsini açdı; Ali Baş Komandanın "Vur, əsgərim, vur!" əmrini poetik bir qüdrətlə tarixə həkk etdi.

Sabir Rüstəmxanlının fəaliyyəti təkcə ədəbi-ictimai müstəvidə deyil, həm də müasir Azərbaycanın dövlətçilik təməllərində həlledici yer tutur. O, 1991-ci ildə Azərbaycanın Müstəqillik Aktına imza atan 'İstiqlalçı deputatlar'dan biri kimi adını tariximizə qızıl hərflərlə həkk etmişdir. Bu imza sadəcə hüquqi bir sənədin təsdiqi deyil, şairin onilliklər boyu poeziyasında cızdığı azadlıq idealının dövlət möhrünə çevrilməsi idi. Onun dövlət atributlarına, bayrağa və ana dilinə münasibəti bir ziyalının romantik arzusu deyil, suveren dövlətin sarsılmaz sütunlarını quran bir dövlət adamının strateji baxışıdır.

Sabir Rüstəmxanlının poeziyasında Bayraq sadəcə bir parça deyil; o, "tarixin ərintisi", bir millətin kəfən yerinə geyindiyi şəhadət libası və namus səngəridir. Onun 2022-ci ildə yazdığı bu şeir, əslində 1960-cı illərdəki "Vətən" şeirindən başlayan alovun, Zəfər müharibəsinin odunda bərkiyib poladlaşmış formasıdır. Şairin fəlsəfəsində bayrağın rəngləri bir varlıq manifestidir:
• Mavi – onun üçün türklük şərəfidir, əbədi varlığımızın möhrüdür. Sabir bəy "Göy Tanrı" romanında axtardığı o qədim ruhu məhz bu mavilikdə tapır.
• Yaşıl – inancımızın, dinimizin və sönməz sevgimizin məbədidir.
• Qırmızı – əsarət zəncirini qırmaq üçün axıdılan o müqəddəs qandır ki, şairin hər misrasında bir şəhid nəfəsi kimi duyulur.

Məni ən çox mütəəssir edən isə şairin bayrağa o insani və səmimi müraciətidir: "Hava tutqun olanda Ayı çək qucağına!" Bu, sadəcə poeziya deyil; bu, ustadın Vətən göylərindəki qaranlıqdan qorunmaq üçün tapdığı ilahi bir sığınacaqdır. Sabir bəy illərlə bu bayrağı "ümid yerinə qəlbində gizləyənlərin", əsarətin sonunu gözləyənlərin dili ilə danışır.

Onun siyasi mübarizəsi, parlamentdəki çıxışları, Dünya Azərbaycanlıları Konqresindəki fəaliyyəti – hamısı bu bayrağın kölgəsində birləşir. O, dünən bayrağımızı cırıb ayaqlayanların bu gün onu qızıldan tökdürüb sinələrində gəzdirməsini bir tale ironiyası kimi qeyd etsə də, əsas qayəsi birdir: Birlik nəğməsi! Və bu şeirin ən böyük nidası, bəlkə də hamımızın – o Qərbi Azərbaycan həsrətimizin mənəvi hədəfi bu misralarda gizlənib:

"Bu gün azadlığımsan Bakının göylərində,
Sabah da bütövlük ol, ucal Təbriz üstündə!"


Bu, Sabir Rüstəmxanlıdır! O, Bakıda azad olan bayrağı Təbrizdə bütövlük simvolu kimi görmək istəyən, ruhu Arazın hər iki tayını, Borçalını və bizim o doğma Ağbabanı eyni məhəbbətlə qucaqlayan ustad sənətkardır.

Mən Sabir bəyin şeirlərini vərəqlədikcə görürəm ki, onun qələmi bir tərəfdən tarixin qayalarını yonur, digər tərəfdən insanın qəlbindəki ən zərif simləri titrədir. Bu poeziya bir neçə mühüm mənəvi qatdan ibarətdir:

"Ey qürbətin dağları" şeirində Sabir bəy uzaq coğrafiyalara üz tutur, amma orada da öz kökünü tapır. Bizim İlanlı kəndinə, Ağbabaya olan o dərin bağlılığımız kimi, şair də Tanrı dağlarının buzunda "dipdiri olan dilimizi" və tariximizi görür. O, "Oyan, ey türkün oğlu, gör sərhəddin hardadı" deyərkən, milləti təkcə siyasi sərhədlərə deyil, ruhun və yaddaşın sonsuz hüdudlarına sahib çıxmağa çağırır. Bu, bizim cızdığımız o böyük Azərbaycan xəritəsinin poetik təzahürüdür.

Ustadın "İnsan" və "Başlanğıc" şeirləri bir mütəfəkkirin həyatın mahiyyətinə baxışıdır. Onun nəzərində insan həm Tanrının nəfəsi, həm də "bir damlanın içindəki canlı kəhkəşan"dır. "Ömür yolu bir adlamacdı, torpaqdan Tanrıyacan" misrası əslində hamımızın, xüsusən də Vətən amallı ziyalıların ömür fəlsəfəsidir. O, ölümü bir son deyil, "başqa bir yolun başlanğıcı" kimi görür və bu arxayınlıq onun yaradıcılığına ilahi bir hüzur verir.

"Əli bənövşəli qadın" şeiri Sabir bəyin qəlbinin nə qədər kövrək olduğunu göstərir. Saçları ağarmış qadının əlindəki üç saplaq bənövşəni "Tanrıya yerdən reportaj verən mikrofona" bənzətməsi dünya poeziyasında nadir tapıntılardan biridir. Sabir Rüstəmxanlı üçün sevgi sadəcə bir hiss deyil, "qutsal ocaq"dır. O, sevgini ən ali məqama qaldırır, ruhlar bir olanda məsafələrin heç bir hökmünün qalmadığını sübut edir.

"Şeir məzarı" və "Sual" şeirlərində biz ustadın öz yaradıcılığına qarşı nə dərəcədə tələbkar olduğunun şahidi oluruq. O, sözü bir sürgün kimi görsə də, bu sürgün yerində belə sözün "zindan qapılarını" qıracağına inanır. Mənim üçün Sabir bəyin poeziyasında ən kəskin xətt "Zaman məndən keçir" fəlsəfəsidir. O, zamanı ötən günlər kimi deyil, öz sümüklərindən keçirdiyi bir tarix kimi yaşayır. Yaddaşı gələcəyə daşımaq vəzifəsini çiyinlərinə götürən şair bilir ki, yaddaşını itirən hər kəs əslində ölüb. Bizim Ağbabaya, İrəvana qayıdış yolumuz da məhz bu sarsılmaz yaddaşdan keçir.

Ustadın "Sağ ol, ana dilim" şeiri isə bir xalqın döyüş xəritəsidir. "Torpağım ikiyə bölünən zaman, bu dil bölünməyən torpağım oldu" misrası milli bütövlük idealımızın ən böyük manifestidir. Şair sübut edir ki, hara bircə kəlmə sözümüz çatırsa, orası bizim halalca yurdumuzdur. Bu, arxivlərdə axtardığımız o "tarixi haqq"ın poetik möhürüdür.
Sabir Rüstəmxanlı ömür yoluna, ayrılıqlara və ölümə mərdanə bir baxış sərgiləyir. "Ölüm xəbərimi eşitsən bir gün, onu qəbul elə salamım kimi" deyən şair üçün həyat bir "sınaq dərsi"dir. O, bu dərsdə tənlikləri deyil, vaxtın qədrini və millətin zamanını öyrənib. Yol bitəndə ruhun ucalığına olan inamı isə ona sarsılmaz bir mənəvi güc verir.

Ustadın "Səni Vətənə bənzədirəm" şeiri sevgini coğrafiyalaşdırır. Onun üçün sevgi həm hüzur tapdığı bir sığınacaq, həm də hara getsə mütləq dönəcəyi Vətəndir. Şair dünyanı "bənövşə qanadlarında göyə qaldırmaq" istəyir və bu bənzərsiz bədiilik onun hər misrasına hopub. Onun öz ad gününü dağlarda, qoca çinarlar və bulaqlarla qutlaması isə təbiətə və köklərə bağlılığının simvoludur. Şəhərin küyündən uzaqlaşıb dağların ruhu ilə cavanlaşmaq istəyi, əslində bir ziyalının öz mənəvi intibahına qayıdışıdır.
Şairin:

"Torpağım ikiyə bölünən zaman,
Bu dil bölünməyən torpağım oldu."


misraları Azərbaycan tarixinin ən ağrılı yarasına vurulmuş ən güclü mənəvi məlhəmdir. Bizim Ağbaba, İrəvan, Göyçə həsrətimiz bu dildə yaşayır. Torpaq əldən getsə də, o yurdun adı, dağı-daşı ana dilində qaldıqca, həmin məkan itirilmiş sayılmır. Bu dil bizim "mənəvi xəritəmizdir".
Bir tarixçi kimi yaxşı bilirəm ki, tariximizi saxtalaşdırmaq istəyənlər həmişə olub. Lakin Sabir bəy sübut edir ki, ana dilinin bircə kəlməsi həmin qondarma cildləri "tar-mar" etməyə qadirdir. Arxivlərdəki qədim kənd adlarını bərpa etməyimizə bu poeziya ən böyük dayaqdır. Onun dilində kəlmələr Araz sərhədini sənədsiz-sualsız keçən "reaktiv təyyarələr"dir. Şeirin sonunda ustad ən böyük vəsiyyətini edir: "Bədənim torpağa tapşırılsa da, ruhumu mən sənə (dilimə) tapşıracağam."

Sabir Rüstəmxanlının "Ayrılıq" şeiri son iki əsrdə yaşadığımız parçalanmanın poetik xəritəsidir. Bu şeirdəki "Bakı-Təbriz ayrılığı" onun yaradıcılığının ana xətti olan bütövlük idealının ağrılı ifadəsidir. Şairin "Ayaq gedər, iz qoyar" deməsi isə bizim o torpaqlardakı silinməz tariximizə işarədir. Ayağımız o yerlərdən çəkilsə də, qədim toponimlərimiz və ocaq yerlərimiz hələ də bizimlədir. Bu "Ayrılıq" həm də bir qayıdış vədidir; çünki hər bir hicranın sonunda mütləq bir vüsal dayanır.

Sabir Rüstəmxanlının çoxcildlik külliyyatı bütöv bir millətin yaddaş səngərində qurulmuş mənəvi istehkamdır. Bu yolda şair sözün ilahi qüdrəti ilə, tədqiqatçı isə tarixin sənədləri ilə eyni amala – milli kimliyin qorunmasına xidmət edir.
Mayın 20-də Sabir Rüstəmxanlının qeyd olunacaq 80 illik yubileyi təkcə bir sənətkarın bayramı deyil, bir millətin mənəvi dirçəliş salnaməsidir. 1960-cı illərin "Vətən" həsrətindən Zəfər gününün "Qarabağa dönüş" poeziyasına qədər uzanan bu şərəfli yol, parçalanmış yaddaşımızı bütövləşdirən canlı bir abidədir. 90-dan çox kitabın, 4 mindən çox məqalənin müəllifi olan ustadımız hələ də ön sıradadır.O, təkcə kağız üzərində deyil, millətin qan yaddaşında elə bir Azərbaycan xəritəsi cızdı ki, həmin xəritəni heç bir siyasi fırtına silə bilməz .

Sabir Rüstəmxanlının 80 illik ömür yolu və yaratdığı bu nəhəng yaddaş xəzinəsi təkcə biz yaşda olanların deyil, gələcək nəsillərin də əsas yol xəritəsidir. Bu günün gəncliyi müasir dünyanın qlobal fırtınalarında milli kimliyini itirməmək üçün ustadın bu 'Ömür Kitabı'na sığınmalı, onun açdığı yaddaş cığırlarını genişləndirməlidir. Çünki Sabir bəyin əsərlərində qoyub getdiyi mənəvi miras, qlobal küyün içində səsimizi boğulmağa qoymayacaq yeganə 'qan yaddaşı' pasportudur. Gələcək nəsillər bütöv Azərbaycanın sərhədlərini məhz bu misraların və sənədlərin işığında tanıyacaq və qoruyacaqlar.

Mən, Şəmsi Qoca olaraq inanıram ki, Sabir Rüstəmxanlının yaratdığı bu "milli yaddaş aktı" bizim bütün yurd yerlərimizə, o cümlədən Ağbabaya və İrəvana qayıdışımızın mənəvi zəmanətidir. O, tarixin güzgüsündə özünü tapdı, bizə isə o güzgüdə bütöv Azərbaycanı göstərdi. Sabir Rüstəmxanlı imzası Azərbaycan durduqca, sözün və istiqlalın zirvəsi kimi ucalarda qalacaq.



Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026