Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycanın iqtisadi müstəqilliyinin formalaşmasında “Əsrin müqaviləsi” müstəsna rol oynayıb”
Tarix: 21-04-2023 | Saat: 08:44
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycanın iqtisadi müstəqilliyinin formalaşmasında “Əsrin müqaviləsi” müstəsna rol oynayıb”

“Bu gün biz birmənalı olaraq deməliyik ki, Azərbaycanın iqtisadi müstəqilliyinin əsasında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli iqtisadi inkişaf modeli durur. Məhz Ümummilli Liderimizin müəllifli və təşəbbüskarı olduğu, həmçinin bilavasitə rəhbərliyi altında həyata keçirilən əsaslı islahatlar, irimiqyaslı dövlət proqramları sayəsində müstəqillik illərində ölkəmizdə iqtisadiyyatın bütün sahələrində möhtəşəm uğur və nailiyyətlər qazanılmışdır. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində 1993-2003-cü illər ərzində Azərbaycanda güclü iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı yaradılmış, insan kapitalı formalaşdırılmış, təhsilin dünya standartlarının tələblərinə müvafiq təşkili və idarə edilməsi üçün əlverişli zəmin qurulmuş, istehsal və qeyri-istehsal sahələrinin infrastrukturunun yenidən təşkilinə, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına nail olunmuşdur. Əlbəttə ki, bütün bunlar böyük çətinliklər bahasına başa gəlmişdir. Ulu Öndər Heydər Əliyev bu çətinlikləri, ölkəmizin özünün iqtisadi müstəqilliyini təmin etməsi yolunda rastlaşacağı bütün əngəlləri əvvəlcədən görürdü. Təsadüfi deyil ki, Ümummilli Lider 10 oktyabr 1993-cü il tarixində keçirilmiş Azərbaycan Respublikasının Prezidentinin Andiçmə mərasimində söylədiyi nitqində bu məsələyə də toxunaraq belə demişdi: “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın.” Heydər Əliyevin səsləndirdiyi bu fikirlər qısa zamanda həyata keçirilməyə başladı və Azərbaycan artıq bir neçə il sonra yaşadığı ağır iqtisadi böhrandan xilas ola bildi.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat həmçinin qeyd edib ki, müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyevin ilk növbədə ölkənin iqtisadi-siyasi müstəqilliyini qorumağa və xalqın zəruri tələbatlarını mümkün qədər təmin etməyə imkan verə biləcək sahələrin inkişafına üstünlük verməsi həmin dövrdə atıla biləcək yeganə doğru addım idi: “Xüsusilə 1991-1995-ci illərdə Azərbaycanın iqtisadi durumu tamamilə bərbad vəziyyətdə idi. Əslində bu hal həmin dövrdə respublikada cərəyan edən proseslərin məntiqi nəticəsi kimi yaranmışdı. Ölkədə hərbi, sosial-iqtisadi, siyasi böhran dərinləşmiş müstəqilliyin itirilməsi, hətta vətəndaş müharibəsi təhlükəsi yaranmış, Azərbaycana Ermənistanın hərbi təcavüzü nəticəsində 90-cı illərin əvvəlidən etibarən ölkədə iqtisadiyyatın bütün sahələrində istehsal tənəzzül etmişdi. Bu səbəbdən 1991-1995-ci illərdə ölkədə istehsal müəssisələrinin böyük əksəriyyəti dayanmış və ya tam gücünün cüzi hissəsi ilə işləyən vəziyyətdə idi. Təbii ki, belə olan vəziyyətdə ölkəmizin investisiya imkanları da son dərəcə məhdud idi. Məhz buna görə Ümummilli Lider hər zaman olduğu kimi, müdrik və uzaqgörən qərar qəbul edərək, ilk növbədə bəlli kriterilərə cavab verən sahələri inkişaf etdirməyə başladı. Məqsəd ölkənin iqtisadi-siyasi müstəqilliyini qorumaq və xalqın zəruri tələbatlarını mümkün qədər təmin etmək idi. Bu sahələrin inkişafından əldə olunan gəlirlər isə, tədricən ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilməli idilər. Tarix özü göztərdi ki, bu qərar həmin dövrdə atıla biləcək ən doğru addım idi. Öz çıxışlarının birində Ulu Öndər demişdir: “İqtisadiyyat sahəsində bizim yolumuz sərbəst iqtisadiyyat yoludur, iqtisadi islahatlar keçirməklə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına yaxınlaşdırmaq yoludur.” Məhz bu məqsədlərə nail olmaq üçün Ümummilli Lider Heydər Əliyev həmin illərdə bir sıra islahatlar keçirdi. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarlarının sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərmişdir. Ayrıca olaraq Ulu Öndər kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirmişdi. Bu sahənin əhəmiyyətini vurğulayan Ümummilli Lider demişdir: “Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Əhalinin yarısı, ola bilər ki, yarısından bir qədər azı kənddə yaşayır, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur. Ona görə də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında, bir tərəfdən böyük yer tutur, digər tərəfdən isə, iqtisadiyyatımıza həm mənfi, həm də müsbət təsir göstərə bilir. Sənayenin də bir hissəsi, ola bilsin, böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti var.” 1995-ci il fevralın 18-də “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanun qəbul olundu. Növbəti illərdə Azərbaycanda kənd təsərrüfatında olan durğunluq aradan qaldırılmış, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərüffat dövrüyyəsinə cəlb olunması, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul olunmuş islahatlar bu inkişafa xeyli təkan vermişdi. 1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqında” mühüm qanunlar qəbul edildi. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə əlaqədar olan 100-dən yuxarı normativ-hüquqi akt qəbul olunmuşdur. “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı”nın həyata keçirilməsi aqrar sahədə uğurlar qazanılmasına imkan yaratmışdır.”

Daha sonra N.Aslanov Azərbaycanın iqtisadi müstəqilliyinin formalaşmasında “Əsrin müqaviləsi” adlandırılan neft kontraktının müstəsna rolunu qeyd edərək bunları deyib: “Azərbaycanın müasir iqtisadi inkişaf modelinin müəllifi Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycan dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan saziş imzaladı. Bununla da Xəzər dənizində ilk iri miqyaslı layihənin həyata keçirilməsində beynəlxalq əməkdaşlığın əsası qoyuldu. Dünyanın ən nufuzlu və yüksək texnologiyalarına malik olan neft şirkətləri ilə neft sazişinin bağlanması olkə iqtisadiyyatının bütün sahələrinin inkişafının əsasını yaratdı və nəticədə bu tədbirlərin həyata keçirilməsi hal-hazırkı davamlı və dinamik inkişafın təmin edilməsində müstəsna əhəmiyyətə malik oldu. 1997-ci ilin noyabr ayından ilk müqavilə üzrə neft hasilatına başlandı. Ulu Öndərin müəllifi olduğu neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Azərbaycanın neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, xarici, işgüzar dairələrin böyük həcmli investisiyalarının respublika iqtisadiyyatına cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışı təmin edildi, bağlanmış müqavilələrin nəticəsində ölkənin neft-qaz sənayesinə milyardlarla dollar həcmində investisiya qoyuldu. Həmçinin Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin edən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilişi ideyasının meydana gəlməsi və onun reallığa çevrilməsi Ulu Öndərin neft strategiyasının ən mühüm nailiyyətlərindən oldu. Azərbaycan xalqına etdiyi müraciətlərindən birində Ulu Öndər demişdir: “Neft özü-özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir.”
Bu gün Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin müstəqil inkişaf strategiyasının dəqiqliklə hazırlanması və ölkə Prezidenti cənab İlham Əliyevin bu kursu uğurla davam etdirməsi ölkə iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024