Mobil versiya
Səttar Möhbalıyev: “Neftçala və Salyanda görülən işlər məşğulluğa mühüm töhfə olacaq”
Tarix: 19-04-2023 | Saat: 14:39
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər

Səttar Möhbalıyev: “Neftçala və Salyanda görülən işlər məşğulluğa mühüm töhfə olacaq”

“Bu gün Şərqi Zəngəzur və Qarabağla paralel ölkəmizin digər regionlarında da əhəmiyyətli işlər görülür, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, iri sosial infrastruktur layihələrinin icrası təmin edilir, həmçinin yeni müəssisələr və iş yerləri yaradılır. İnfrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən iştirak edir, istehsal müəssisələri ilə tanış olur, müvafiq göstərişlər verir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına son səfərləri də bu baxımdan məhsuldar oldu, müəssisə və obyektlərin, infrastruktur layihəsinin açılışını etdilər, yaradılmış şəraitlə tanış oldular. Görülən bütün işlər bilavasitə sakinlərin məşğulluğunun artmasına, rifahının yüksəlməsinə, sosial vəziyyətin yaxşılaşmasına, bir sözlə, həmin rayonların hərtərəfli inkişafına səbəb olacaq”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsi zamanı bir sıra vacib məqamlardan söz açıb. Şərqi Zəngəzurun və Qarabağın bərpası dövlətimizin əsas diqqətində olan məsələlərdəndir. Hazırda həmin ərazilərdə sistemli və ardıcıl şəkildə abadlıq-quruculuq işləri həyata keçirilir. Əsas hədəf sakinlərin tez bir zamanda ata-baba yurduna qayıtması, orada məskunlaşması və xoşbəxt yaşamasıdır. Bunun üçün dövlətimiz bütün zəruri addımları atır. Həm də qürurla deyə bilərik ki, Ağalı və Talış kəndlərinə sakinlər qayıdıb və orada yaradılan şərait göz qabağındadır. İnanırıq ki, işğaldan azad olunan bütün ərazilərimiz dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu cür bərpa ediləcək və sakinlər yerləşdiriləcək”, - AHİK sədri bildirib.
“Müsahibəsində Prezidentimiz hərbi xərclər məsələsinə də toxundu. Bildiyimiz ki, böyük qələbəyə imza atan Azərbaycan Ordusu günü-gündən güclənir. Ölkəmizdə dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Öz zavodlarımızda istehsal olunan hərbi təyinatlı məhsullarla Ordumuz əhəmiyyətli dərəcədə təchiz edilir. Həmçinin bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilir, silah və hərbi texnikalar alınır. Bu, bir daha onu göstərir ki, Ordumuzun qüdrəti durmadan artır. Təbii ki, Azərbaycanın yerləşdiyi coğrafiya xeyli mürəkkəbdir, maraqlar toqquşur. Bu səbəbdən Azərbaycan Ordusunun daha da güclü olması əsas şərtdir”, - Milli Məclisin deputatı vurğulayıb.

“Ermənistanla sülh danışıqları məsələsində dövlətimizin başçısı aydın şəkildə bəyan etdi ki, “Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır”. Məncə, Prezidentimizin bu təklifi Ermənistan üçün ən doğru seçim olardı. Onların mənasız və boş xəyallarının gerçəkləşməsi qeyri-mümkündür. Heç bir şansları qalmayıb, ədalət Azərbaycanın tərəfində, hərbi güc də həmçinin. Odur ki, yeganə çıxış yolu qalib Azərbaycanın müəyyən etdiyi şərtlərlə sülhə gəlməkdir. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlığını qəbul edərək separatizmdən xilas olmalıdırlar. Anlamalıdırlar ki, Azərbaycan ərazisində yaşayırlar və başlarının üzərində Azərbaycan bayrağı olmalıdır. Əks təqdirdə, Prezidentimizin ifadə etdiyi kimi, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar”, - Səttar Möhbalıyev əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024