Mobil versiya
XALQIN İNANDIĞI, ETİMAD GÖSTƏRDİYİ VƏ TALEYİNİ ETİBAR ETDİYİ LIDER
Tarix: 11-04-2023 | Saat: 09:45
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

XALQIN İNANDIĞI, ETİMAD GÖSTƏRDİYİ VƏ TALEYİNİ ETİBAR ETDİYİ LIDER

Xalqımızın Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyinin göstricisi kimi tariximizə həkk olunan sonuncu prezident seçkilərindən 5 il ötür.

Əvvəlki seçkilərdə olduğu kimi 2018-ci il aprelin 11-də keçirilmiş növbəti prezident seçkisinin də nəticələri göstərdi ki, möhtərəm İlham Əliyev Azərbaycan seçicisinin inandığı, güvəndiyi və öz taleyini etibar etdiyi siyasi liderdir. Bir daha təsdiq olundu ki, cəmiyyətimiz Heydər Əliyev müəyyən etdiyi strateji xəttə, İlham Əliyev siyasi kursuna heç bir altenativi qəbul etmir. Çünki bu siyasət inkişaf, quruculuq, yüksək rifah və güclü dövlətçilik deməkdir.
2018-ci ilin seçkiləri Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin möhtəşəm tarixi uğur hesabatı oldu. Bu hesabatın hər bir səhifəsi xalqımızın görmək istədiyi uğurlarla əlamətdardır. 15 il böyük zaman kəsiyi olmasa da, bu dövrdə Azərbaycanın inkişafı istiqamətində əldə olunan nailiyyətlər bir neçə onilliyə bərabərdir. İqtisadiyyatımızın 3 dəfə artması, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, Azərbaycanın kosmik kluba daxil olması kimi hadisələr 15 ildə qazanılan tarixi nailiyyətlərdir.
Azərbaycanın 2003-2018-illərin ən böyük inkişaf göstəricilərindən biri də ordu quruculuğudur. Bu illərdə Silahlı Qüvvələrimizin ən müasir döyüş imkanlarına malik hərbi gücə çevrilməsi tam təmin edildi. 2016-cı ilin Aprel döyüşləri isə göstərdi ki, torpaqlarımızın işğaldan azad edilməsinə lap az qalıb.
2003-2018-ci illərdə regional və beynəlxalq miqyasda da böyük uğurlar əldə olundu. Müdrikcəsinə həyata keçirilən enerji siyasəti Azərbaycanın qlobal mövqelərini daha da möhkəmləndirdi, 2012-2013-cü illərdə respublikamız 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında təmsil olundu. Regional miqyasda isə Azərbaycan artıq uzun illərdir ki, lider dövlət statusu daşıyır. Bu müstəvidə respublikamızın vacib uğurlarından biri də Ermənistanın bütün regional layihələrdən təcrid edilməsidir.
Bütün bu uğurların müəllifi və memarı isə möhtərəm Prezidentimiz İlham Əliyevdir Məhz İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində 2003-2018-ci illərdə Azərbaycanın fəxrlə bəhs etdiyimiz yüksəliş və tərəqqi tarixi yazıldı. Və bütün bunların məntiqi yekunu olaraq 2018-ci ilin növbədənkənar prezident seçkiləri də cənab İlham Əliyevin növbəti siyasi qələbəsi ilə başa çatdı. Seçkilərin nəticəsi belə bir obyektiv tarixi gerçəkliyin növbəti təsdiqi oldu ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs Azərbaycanın alternativsiz inkişaf yoludur.
Onu da fəxrlə qeyd etmək istərdim ki, vaxtilə prezident seçkiləri kampaniyası dövründə həm Ulu Öndər Heydər Əliyevin, həm də möhtərəm İlham Əliyevin vəkili kimi fəaliyyət göstərmişəm. Həmin vaxtlarda yerlərdə seçicilərlə keçirilən görüşlər zamanı hər zaman xalqımızın Ulu Öndərə və onun layiqli davamçısı olan cənab İlham Əliyevə sevgisinin, etimadının şahidi olurdum. Bəli, bir lider üçün xalqın sevgisindən böyük nə ola bilər? Seçkilərdə vəkil kimi fəaliyyətim həm də mənə göstərilən böyük etimad idi.
Cənab İlham Əliyevin növbəti prezidentlik müddətinin 5 ili də tariximizdə qürurverici hadisələrlə yadda qalır. Məsələn, Cənub Qaz Dəhlizinin tam istifadəyə verilməsi, Azərbaycan qazının tarixdə ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çatdırılması, üçüncü peykimizin orbitə çıxarılması kimi hadisələr dövlətimizin həm iqtisadi imkanlarına təsir edib, həm də qlobal nüfuzunu artırıb.
Seçkilərdən sonra Milli Məclisdə and içən Prezident İlham Əliyev demişdi ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməli və gələcəyə baxmalıyıq. Aradan ötən 5 ilin uğurları təsdiq edir ki, Prezident İlham Əliyevin bu sözləri reallığa çevrilməkdədir. Məsələn, ənənəvi enerji növlərini ixrac edən Azərbaycanın bu dövrdə alternativ enerji mənbələrinin yaradılması və ixracı istiqamətində atılan addımlar göstərir ki, respublikamız həqiqətən nailiyyətlərlə kifayətlənməyən və gələcəyə baxan dövlətdir.
Ötən 5 il həm də hərtərəli islahatlar dövrüdür. Bu islahatlar Prezident İlham Əliyevin inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi bütün sahələri əhatə edərək böyük dəyişikliklərə gətirib çıxarıb. Bu gün iqtisadi və sosial sferalarda, idarəçilikdə islahatların uğurlu nəticələri aydın görünür.
Xatirimizdədir, 2018-ci aprelin 11-də seçkilərdən sonra xalqımıza müraciətində göstərilən böyük etimada görə minnətdarlığını bildirən İlham Əliyev demişdi ki, gün gələcək və işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq. Verdiyi bütün vədləri layiqincə yerinə yetirən möhtərəm İlham Əliyev öz uzaqgörən və düşünülmüş siyasəti ilə Azərbaycan bayrağını Qarabağda, Şərqi Zəngəzurda, Şuşada ucaltdı. Beləliklə, İlham Əliyevin növbəti prezidentlik müddətində müəllifi olduğu ən böyük uğur torpaqlarımızın işğaldan azad edilməsidir. Buna görə cənab İlham Əliyev tariximizə həm də şanlı Zəfər salnaməsini yazan şəxsiyyətdir.
İşğaldan azad olunan şəhər və kəndlərimiz indi böyük tikinti meydanını xatırladır. Torpaqlarımızı azad edən cənab İlham Əliyev indi onları yenidən qurur, keçmiş məcburi köçkünlər tədricən doğma evlərinə qayıdırlar.Artıq Zəngilanın Ağalı və Tərtərin Çaylı kəndlərində həyat öz axarına düşüb.
Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi həm də cəmiyyətimizdə humanizm dəyərlərinin daha da möhkəmlənməsinə yol açıb, Ulu Öndərin bu sahədə əsasını qoyduğu ənənələr davam etdirilib. Fəaliyyətinin təməl prinsiplərində humanizm dəyərləri dayanan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də daim Prezident İlham Əliyevin yürütdüyü siyasətdən güc alaraq öz missiyasını uğurla həyata keçirib. Xatırladım ki, cənab İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk aylarda imzaladığı sərəncamlardan biri AzQAC-nə dövlət qayğısının artırılması ilə bağlı olub. 2007-ci ildə isə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə «Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında» Qanun qəbul edilib. Cəmiyyətin bütün yubileylərində AzQAC üzvləri dövlət başçısı tərəfindən «Tərəqqi» medalı ilə təltif olunublar. Son olaraq 2020-ci ildə AzQAC-nin 100 illiyi münasibətilə və aztəminatlı vətəndaşlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki xidmətlərinə görə əməkdaşlarımız Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” və 3-cü dərəcəli “Əmək” ordenləri, həmçinin “Tərəqqi” medalları ilə təltif olunublar. Bu diqqət və qayğı fəaliyyətimizə verilən ali qiymət olmaqla bizləri humanizm missiyamızı daha inamla həyata keçirməyimizə sövq edir.
Sonuncu prezident seçkilərindən ötən 5 il tariximizin yüksəliş və zəfər həkk olunmuş növbəti uğurlu mərhələsidir. Eyni zamanda geridə qalan hər bir il Prezident İlham Əliyevin uğur hesabatının yeni və möhtəşəm nailiyyələrlə zənginləşdiyini göstərir. Bütün bunların fonunda görünən həm də odur ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bundan sonra da bütün hədəflərinə qətiyyətlə çatacaq. Bu şərəfli yolda və şanlı missiysında möhtərəm Prezident İlham Əliyevə müvəffəqiyyətlər arzu edirik.

Novruzəli Aslanov,
Milli məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024