Mobil versiya
Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyaya yeni model nümayiş etdirən bir ölkəyə çevrilib
Tarix: 10-04-2023 | Saat: 16:25
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyaya yeni model nümayiş etdirən bir ölkəyə çevrilib

Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.
Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir. Səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son 5 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Nəticədə daxili siyasətin davamı və tamamlanmsı olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir.
2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Yürüdülən siyasət nəticəsində son 20 il ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox, büdcə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8.6 dəfə minimum əməkhaqqı 12.9 dəfə, ümumi daxili məhsul 3,2 dəfə,ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb,1 958 400 yeni iş yeri açılıb. 3 min 100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilib. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb.
Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə layiq gördü. Azərbaycan dünyada baş verən böhranlardan ən az itkilərlə çıxa bildi. Ölkədə sahibkarlığın inkişafı sürətlə getdi, sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verildi. Yeni texnologiyaların tətbiqinə böyük diqqət yetirilirdi. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik kluba daxil oldu. Təhsilə, elmə xüsusi diqqət verilirdi. Azərbaycan qaz ixrac edən ölkəyə çevrildi. Yeni layihələr üzərində iş gedirdi. Ölkə daxilində 30-dan çox elektrik stansiyası tikildi. Qazlaşdırma 95 faizə çatdırıldı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tarixi nailiyyət idi. Açıq dənizlərə çıxışı olmayan Azərbaycan Respublikası Avrasiyanın vacib nəqliyyat-kommunikasiya mərkəzlərindən birinə çevrildi. Beynəlxalq tədbirlərin keçirilməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, siyasi və humanitar tədbirlər Azərbaycanı dünyaya təqdim etdi.
2003-2018-ci illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunmuşdur.
Qazanılan bütün bu uğurlar yalnız müstəqillik şəraitində, dövlətimizin başçısının yürütdüyü düzgün müstəqil siyasət və qəti iradəsi sayəsində mümkün olmuşdu. Ölkə rəhbəri 2018-ci ildə andiçmə mərasimindəki nitqində söylədiyi “Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”fikrini tezliklə reallığa çevirmiş, 202-ci ildə qazanılan qələbə ilə qalib sərkərdə, görkəmli strateq olduğunu əməli fəaliyyəti ilə sübut etmişdir. Seçkidən az sonra, 2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində həyata keçirilən əməliyyat nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Günnüt kəndini, Ağbulaq yüksəkliyini, Qızılqaya dağını və Qaraqaya dağını işğaldan azad etdi. Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ümumi olaraq 11 min hektarlıq ərazi işğaldan azad edildi. Uğurlu hərbi əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan – Keşişkənd (Yexeqnadzor) – Gorus – Laçın – Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Ən başlıcası, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan məğlub edildi və torpaqlarımız işğaldan azad olundu. Ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmışdır. Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailiyyətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin bütövlükdə 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir.
Beynəlxalq aləmdə baş verən proseslərin gərginləşdiyi, dünya birliyini narahat edən müharibə və münaqişələr, hərbi toqquşmalar, beynəlxalq terrorçuluq kimi hadisələrin olduğu və nəticə olaraq insanların öz evlərini tərk etmək məcburiyyətində qaldığı bir dövrdə ölkələrin öz sabitliyini qoruyaraq beynəlxalq arenada nüfuz qazanması olduqca çətin bir prosesdir. Azərbaycan isə məhz Müzəffər Ali baş Komnadan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu çətin missiyanın öhdəsindən layiqincə gələn və hətta dünyaya yeni model nümayiş etdirən bir ölkəyə çevrilməyi bacarıb.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024