Mobil versiya
Eltun Sülüeymanov:” Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu Milli Ordu regionumuzun ən qüdrətli ordusudur”
Tarix: 31-03-2023 | Saat: 14:44
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Sülüeymanov:” Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu Milli Ordu regionumuzun ən qüdrətli ordusudur”

“Ulu öndər Heydər Əliyev 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda çıxış edərkən dediyi “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.” – fikir zaman keçdikcə bu tarixi şəxsiyyətin uzaqgörənliyini bir daha təsdiqləmiş olur.
Azərbaycan xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biri olan Heydər Əliyev XX əsrin sonlarında əvvəlcə müstəqil Azərbaycanı qurdu və sonra da onu inkişafının yüksək səviyyəsinə çatdırdı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz qeyd edib ki, “Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır. Heydər Əliyevin Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin xarakterik tərəflərindən biri bu idi ki, o, daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu. Heydər Əliyev əməli fəaliyyəti ilə bir daha sübut etdi ki, hərbi quruculuq kimi ümumxalq əhəmiyyətli bir məsələnin həlli də, ilk növbədə, ümumxalq yekdilliyindən və ümumxalq həmrəyliyindən asılıdır.
Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də incə siyasət yeridilməsində Heydər Əliyevin şəxsi keyfiyyətlərini qiymətləndirməmək olmaz. “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.”-deyən dahi sərkərdə cəmiyyəti ordu quruculuğuna səfərbər etməklə regionun ən güclü ordusunun yaradılması işinin əsasını qoydu və bu missiyanı başa çatdırmaq isə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirildi.”
Eltun Süleymanov sonda qeyd etmişdir ki, “Ümummilli lider hələ 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. O vaxt SSRİ-də iki belə məktəb vardı: Naximov və Suvorov adına hərbi məktəblər. Üçüncü belə məktəbin Azərbaycanda yaradılmasının böyük əhəmiyyəti vardı. Bu gün məktəbin məzunları arasında yüksək rütbəli zabitlər, generallar var. Eyni zamanda Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcə də SSRİ-nin digər məktəblərində oxuması üçün tədbirlər gördü. Heydər Əliyevin SSRİ dövründəki ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini vermişdir.
Doxsanıncı illərin ortalarından başlayaraq Azərbaycan və NATO arasında sıx və səmərəli əməkdaşlığın yaradılması ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarmışdır. Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmuş, 2008-ci ilin sonundan bu əməliyyat planının ikinci mərhələsi başlanmışdır. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edir, ən son hərb yeniliklərini mənimsəyirlər. 1997-ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçmiş, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölük, daha sonra isə sülhməramlı tabor NATO xəttilə həyata keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına əsgəri dəstək verirlər.
Bu gün artıq Azərbaycan öz zabitini hazırlayacaq hərbi məktəbə, müasir silahlar istehsal edən zavodlara malikdir. Ordumuz regionun ən qüdrətli ordusudur. Bütün bunlar ulu öndər Heydər Əliyevin sayəsində mümkün olub. “Biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik”-deyən o böyük şəxsiyyətin illər öncə səsləndirdiyi bu gün öz təsdiqini tapıb. Bu ideyanı gerçəkləşdirən isə ulu öndərin layiqli varisi, qalib sərkərdə, cənab Prezident İlham Əliyevdir.
Məhz belə bir orduya sahib olan Azərbaycan xalqı var olduqca öz liderinə sadiq qalacaq, onun ideyalarının həyata keçməsi uğrunda mübarizə aparacaqdır.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024