Mobil versiya
Bəhreyn Krallığı Nümayəndələr Şurasının nümayəndə heyəti Milli Məclisdə olub -Fotolar
Tarix: 05-09-2025 | Saat: 18:27
Bölmə:Siyasət / Parlament | çapa göndər

Bəhreyn Krallığı Nümayəndələr Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Sentyabrın 5-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Nümayəndə heyətini salamlayan Fərid Hacıyev qonaqların səfərinin parlament aparatları səviyyəsində münasibətlərin inkişafına töhfə verəcəyinə inamını bildirib.
Görüşdə aparat rəhbəri bu gün qanunvericilik orqanlarımız arasındakı səmərəli əlaqələrdən söz açıb, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında parlamentlər səviyyəsində əlaqələrin inkişaf etdiyini deyən Fərid Hacıyev bu istiqamətdə iki ölkənin parlament spikerlərinin davamlı səylərini xüsusi qeyd edib, parlamentlərimizin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından, parlament diplomatiyası institutunun möhkəmləndirilməsində, qlobal parlament dialoqunun təşviqində fəal iştirakından danışıb.
Söhbətdə Fərid Hacıyev Milli Məclisin fəaliyyəti və onun Aparatının strukturu və qanunvericilik prosesi barədə ətraflı məlumat verib. O, hər iki ölkə parlament aparatları arasında əməkdaşlığın inkişaf perspektivləri, bu çərçivədə əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsi proqramlarının reallaşdırılması ilə bağlı fikirlərini bölüşüb.
Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, iki ölkənin parlament aparatları arasında əməkdaşlığın vacibliyindən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətini qeyd edib.
Söhbətdə parlament aparatları səviyyəsində müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb. 
Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov və digər rəsmi şəxslər iştirak ediblər.

***

Həmin gün Milli Məclisdə Azərbaycan–Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Qonaqları salamlayan Azərbaycan–Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev bildirib ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlərin təməlində dövlət başçılarının qarşılıqlı dostluq əlaqələri dayanır. O, hər iki dövlətin parlament rəhbərlərinin qarşılıqlı səfərlərinin, həmçinin Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlar çərçivəsində həyata keçirilən birgə fəaliyyətin münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.
Öz növbəsində, Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainay nümayəndə heyəti adından onlara göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, gələn il Azərbaycan ilə Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirərək, bu yubileyin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Söhbət zamanı Azərbaycan–Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Məşhur Məmmədov və Ülviyyə Ağayeva çıxış edərək dövlətlərimiz arasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə münasibətlərin dinamik inkişaf etdiyini qeyd ediblər. Onlar yaxın gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduqlarını bildirərək, xüsusilə ticarət, investisiya və turizm istiqamətlərində böyük potensialın mövcudluğunu vurğulayıblar.

***
Sonra Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və parlamentin bir sıra şöbələrinin rəhbərləri ölkəmizdə səfərdə olan Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayinin başçılıq etdiyini nümayəndə heyəti ilə görüşüblər.
Qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Aparat rəhbərinin müavini spiker Sahibə Qafarovanın başçılığı ilə Milli Məclisdə görülən işlərdən danışıb, bu cür görüşlərin qarşılıqlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Sonra Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov, Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov, Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova rəhbərlik etdikləri şöbələrin fəaliyyət istiqamətləri, gördükləri işlər, tətbiq olunan yeniliklər barədə qonaqlara məlumat veriblər, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Görüşdə parlamentdə informasiya texnologiyaları sahəsində tətbiq olunan yeniliklər, müvafiq şöbənin hazırladığı proqramlar barədə məlumat verilib, bununla bağlı slaydlar nümayiş etdirilib.
Sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.
Bəhreyn Krallığı Nümayəndələr Şurasının nümayəndə heyətinin üzvləri Milli Məclisdə olarkən parlamentin İnzibati binası ilə tanış olublar.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-09-2025