Mobil versiya
Prezident İlham Əliyev alman biznesinin təmsilçilərinə “Böyük Qayıdış” dövlət proqramı barədə ətraflı məlumat verib
Tarix: 17-03-2023 | Saat: 11:05
Bölmə:Ölkə | çapa göndər

Prezident İlham Əliyev alman biznesinin təmsilçilərinə “Böyük Qayıdış” dövlət proqramı barədə ətraflı məlumat verib

Bu gün Avropada Azərbaycanın mövqelərini dəstəkləyən ölkələrin sayının getdikcə artmasının əsas səbəbi Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi düşünülmüş, praqmatik xarici siyasət strategiyasıdır. Hazırda Azərbaycanın yüksək səviyyədə əlqalərə malik olduğu Avropa ölkələrindən biri də Almaniyadır. Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə bu ölkəyə etdiyi işgüzar səfəri də əlbəttə ki, mövcud əlaqələrin bundan sonra daha sürətli inkişafına xidmət edəcək. Səfər çərçivəsində dövlətimizin başçısı Berlində Almaniyanın 30-a yaxın aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirmişdir. Həmin görüşdə cənab Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının mövcud durumu, eləcə də alman biznesinin təmsilçiləri üçün açılan imkanlar barədə açıqlamalar təqdim etmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri olub. Ölkəmizin iqtisadiyyatı son 20 ildə üç dəfədən çox artıb və bu, dünya rekordu hesab oluna bilər. Cənab Prezident həmçinin qeyd edib ki, Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda Azərbaycan kəmər imkanlarını genişləndirməyi planlaşdırır. O cümlədən 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirmək nəzərdə tutulur. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub və ölkəmiz tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün hər şeyi edir. Həmçinin dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji mənbələrinin böyük potensialı olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, ölkəmizin külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda Azərbaycan nəinki xarici sərmayədarları cəlb etməkdə davam edir, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradır. 2009-cu ildə inşa edilmiş 525 meqavat gücündə olan “Sumqayıt” Elektrik Stansiyası müasir texnologiya əsasında tikilmiş Azərbaycanın ilk elektrik enerjisi stansiyası idi. Həmin vaxtdan etibarən elektrik enerjisi stansiyası tam gücü ilə işləyir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planları mövcuddur. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur.

Lakin Avropanın şərqində artıq bir ildən çoxdur ki, davam edən müharibənin fəsadları özünü yalnız enerji böhranında göstərmir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi Azərbaycanın nəqliyyat infrastrukturuna da tələbatı artırır. Son bir neçə ildə ölkəmiz enerji satışından əldə edilən vəsaitləri nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işlər görüb. Ötən il tranzit yük daşınmasında 75 faizdən çox artım olub və hətta nisbətən yeni tikilmiş və yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb. Buna görə hazırda Azərbaycan dövləti tərəfindən dəniz limanının və dəmir yolu infrastrukturunun imkanlarının artırılması məqsədilə əlavə maliyyə vəsaitləri ayrılır. Əlbəttə ki, iri xarici şirkətləri maraqlandıra biləcək perspektivli fəaliyyət istiqamətlərindən biri də 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında aparılan yenidənqurma işləri ilə bağlı ola bilər. Alman biznesinin təmsilçilərinə “Böyük Qayıdış” dövlət proqramı barədə məlumat verən cənab Prezident İlham Əliyev erməni işğalı nəticəsində Livanın ərazisi qədər sahənin tamamilə yerlə-yeksan edildiyini vurğuladı.

Ölkə Prezidenti cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində dövlət başçımızın martın 14-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə və Kansler Olaf Şoltsla keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərin gedişində bir çox mühüm məsələlərin müzakirə olunub. Dövlətimizin başçısı bir daha Azərbaycanın maraqlarına uyğun mövqelərdən çıxış edərək bildirdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanması vacibdir və eyni zamanda da bu müqavilə məhz Azərbaycanın irəli sürdüyü prinsiplərə əsaslanmalıdır. Cənab Prezident İlham Əliyev beynəlxalq hüquqa uyğun olan beş prinsipi özündə ehtiva edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürüldüyünü və iki ölkə arasında sülh müqaviləsinin yalnız bu prinsiplər əsasında imzalana biləcəyini vurğuladı. Azərbaycanın mövqeyinə bir daha aydınlıq gətirən dövlət başçısı bu mövqeyin iki yanaşmadan ibarət olduğunu diqqətə çatdırdı. Birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir. Eyni zamanda cənab Prezident dövlətimiz tərəfindən müəyyən olunmuş nümayəndənin martın 5-də Azərbaycanın Qarabağ bölgəsindən olan sakinlərlə görüşdüyünü, Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinin reinteqrasiya məsələləri və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təmasların davam etdirilməsi üçün Bakıya dəvət olunduğunu bildirməklə, bu məsələnin sırf ölkəmizin daxili işi olduğunu və bunun nə Ermənistanla, nə də heç bir başqa ölkə və ya beynəlxalq təşkilatla müzakirə edilməyəcəyini bəyan etmiş oldu. Qeyd edək ki, Kansler Olaf Şolts mətbuat konfransında bir daha bəyan etdi ki, Almaniya beynəlxalq səviyyədə öz fikrini bildirib və “Dağlıq Qarabağ”ı respublika kimi tanımayıb.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024