Mobil versiya
Manaf Manafov: “Azərbaycanın müstəqilliyinin əsasında duran vacib amillərdən biri də Ulu Öndərin müəllifi olduğu milli ideologiyadır”
Tarix: 13-03-2023 | Saat: 10:30
Bölmə:Ölkə | çapa göndər

Manaf Manafov: “Azərbaycanın müstəqilliyinin əsasında duran vacib amillərdən biri də Ulu Öndərin müəllifi olduğu milli ideologiyadır”

Bu gün Azərbaycanda həyata keçirilən möhtəşəm abadlıq və yenidənqurma işləri öz miqyasına görə insanı sözün həqiqi mənasında heyrətə gətirir. Quruculuq işləri həm paytaxt Bakıda, həm də ölkənin bütün digər rayon və bölgələrində böyük vüsət və yüksək dinamika ilə davam etdirilirndə O cümlədən hazırda Bakının Nərimanov rayonu ərazisində abadlıq və quruculuq işləri əhatəliliyi və yüksək keyfiyyətilə diqqəti cəlb edir. Elə bizim bugünkü müsahibimiz də rayonda aparılan işlərin həyata keçirilməsinə önəmli töhfələr verən qurumun, Nərimanov rayon MKTB-nin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafovdur.


- Manaf müəllim, ilk növbədə bu gün Nərimanov rayonunda həyata keçirilən abadlıq və yenidənqurma işlərində rəhbərlik etdiyiniz birliyin rolu haqqında bir qədər danışmağınızı istərdim.

- Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ölkəmizin iqtisadi gücünün və hərbi qüdrətinin əyani sübutu oldu. Bu Qələbə tarixi ədaləti bərpa etdi, 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi Azərbaycanın öz torpağının və öz taleyinin sahibi olduğunu bütün dünyaya sübut etdi. Bütün Şəhidlərimizin qanı döyüş meydanında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz tərəfindən alındı. İşğal altında olan ərazilərimiz azad edildi. Bu gün torpaqlarımızın azad edilməsindən iki ildən artıq müddət ötüb. Ötən dövr ərzində görülmüş işlər Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Bir ilə görülmüş işlərə qiymət verərkən görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Əlbəttə ki, həm azad edilmiş ərazilərdə, həm bütün digər rayon və bölgələrimzdə olduğu kimi, bu gün paytaxt Bakımızda, o cümlədən bizim Nərimanov rayonunun ərazisində də abadlıq-quruculuq işləri sürətli şəkildə davam etməkdədir. Hazırda paytaxtın bütün ərazilərində Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər davam etdirilir. Həmçinin paytaxtın Nərimanov rayonunda da mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn vəzifələrin icrası istiqamətində Nərimanov RİH-nin fəaliyyəti yüksək səmərəliliyi ilə seçilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2022-ci ilin fevral ayından etibarən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin rəhbərliyi altında rayonun bütün təşkilat, müəssisə və digər qurumları öz fəaliyyətlərini daha yüksək səmərəliliklə davam etdirirlər. Rəhbərlik etdiyim qurumun fəaiyyətinə dair bunu deyə bilərəm ki, hazırda rayonun ayrı-ayrı ərazilərində genişmiqyaslı yaşıllıq işləri aparılır, yeni yaşıllıq zolaqları salınır. Aydındır ki, ən abad park və yaşıllıqlar belə gündəlik qayğı göstərilmədən, xüsusilə də təmizlik işləri aparılmadan öz cazibədarlığını saxlaya bilməz. O cümlədən bina və evlər də öz funksionallığını, eləcə də estetik gözəlliyini saxlamaq üçün mütəmadi olaraq qayğı və diqqət tələb edirlər. Bu sahədə isə, görülən işlərin əsas ağırlığı bilavasitə rayonlar üzrə fəaliyyət göstərən mənzil-kommunal müəssisələrinin üzərinə düşür. Bu baxımdan Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi də, ümid edirəm ki, öz vəzifələrinin öhdəsindən bacarıqla gəlir.



- Manaf müəllim, bildiyiniz kimi, bu il bütün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük tənənə ilə qeyd edəcək. İstərdim ki, bu barədə də öz fikirlərinizi bizimlə bölüşəsiniz.

- Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev iki fərqli tarixi dövrdə ölkəmizə rəhbərlik etmişdir. 1969-cu ildə Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlişi ilə Azərbaycanda iqtisadi inkişafa doğru ciddi dönüş əldə edildi, elmi, texniki və ədəbi-mədəni intibahın əsası qoyuldu. Məhz həmin dövrdən başlayaraq Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün əsaslı zəmin hazırladı. Beləliklə, hələ sovet dönəmində Azərbaycanda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran ulu öndər əlverişli sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradaraq, bu möhkəm bünövrə üzərində xalqın illər sonra azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etdi. Birmənalı olaraq vurğulamaq lazımdır ki, məhz 1969-1982-ci illər respublikada ictimai-siyasi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklərin miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.

- Bu gün bütün dünya azərbaycanlıları üçün əsas birləşdirici amil olan milli ideologiyamızın formalaşmasında Ulu öndər Heydər Əliyevin rolu barədə nə deyə bilərsiniz?

- Əlbəttə ki, müstəqillik ideyasının əsasında duran vacib hərəkətverici qüvvələrdən biri də milli ideologiya amilidir. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli lideri Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın deyi, həm də dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə ən yüksək dəyəri verən ulu öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü.



- Manaf müəllim, Ulu Öndərimizin xilaskarlıq missiyası barədə hansı fikirlərinizi bizimlə bölüşmək istərdiniz?

- 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə müstəqil Azərbaycanın tarixində Heydər Əliyev epoxasının ən dinamik, gərgin, səmərəli dövrü başladı. Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldi. Ulu öndərin respublikada ikinci dəfə hakimiyyətə qayıdışı dövlətimizi yox olmaq təhlükəsindən qurtardı. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” - prinsipinə əsaslanan Ulu öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb, dirçəliş, ardınca isə inkişaf yoluna çıxarmaq idi. Bu, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni Azərbaycanın inkişaf modeli idi. Təsadüfi deyildir ki, Azərbaycanın yeni neft strategiyası bu baxımdan atılmış ilk və həyati əhəmiyyətli addım olmuşdur. Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ulu öndər respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirib, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə zəmin yaradıb. Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən iqtisadi siyasət müstəqillik amilinin əyani şəkildə bərqərar olmasını təmin edib. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılıb, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilib, torpaq islahatı kimi çətin və ağrılı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılıb, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik bazası yaradılıb, respublikanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ümummilli lider Heydər Əliyev siyasi kursunu yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artır. Bu gün Azərbaycan artıq Avrasiya məkanında həyata keçirilən irimiqyaslı transmilli enerji və logistik layihələrin mühüm iştirakçısına, bir çox hallarda isə təşəbbüskarına çevrilmişdir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu getdikcə artmaqdadır. Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib.
XX əsr Azərbaycan tarixinin ən görkəmli siması olan Heydər Əliyev bu tarixin həm də ən şərəfli səhifələrinin müəlliflidir. Ulu öndər dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara qırılmaz tellərlə bağlı olub. Ümummilli lider Heydər Əliyev unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən strategiyanın müəllifi kimi Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb. Az öncə sizin də vurğuladığınız kimi, bu il bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük tənənə ilə qeyd edəcək. 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması da xalqın öz xilaskar oğluna olan əbədi sevgisinin, Ulu Öndərin əziz xatirəsinə sonsuz ehtiramın ən bariz təcəssümüdür.

- Manaf müəllim, dolğun və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm və bütün redaksiyamız adından

Sizə və bütün kollektivinizə şərəfli işinizdə yeni nailiyyətlər arzulayıram. Sağ olun.

- Mən də Sizə təşəkkür edirəm, sağ olun.


Söhbətləşdi: Azər Məmmədov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024