Mobil versiya
Ulu Öndər Heydər Əliyev sovet dönəmində milli inkişaf konsepsiyasının əsasını qoymaqla böyük cəsarət və qətiyyət nümayiş etdirmişdir 
Tarix: 10-03-2023 | Saat: 13:47
Bölmə:Ölkə | çapa göndər

Ulu Öndər Heydər Əliyev sovet dönəmində milli inkişaf konsepsiyasının əsasını qoymaqla böyük cəsarət və qətiyyət nümayiş etdirmişdir 

Azərbaycan cəmiyyətinin milli özünüdərkə dönüşü, xalqımızın tarixi yaddaşının özünə qaytarılması, milli ruhun oyanması mərhələsinin əsası ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hər hansı milli maraqların önə çəkilməsi cəhdlərinə qarşı ən sərt qadağaların mövcud olduğu sovet dönəmində Azərbaycan xalqının gerçək tarixinin öyrənilməsi, milli ədəbiyyat nümunələrinin, adət-ənənələrinin təbliğ olunması, Azərbaycan dilinin qorunması və geniş yayılması, kadrların milliləşdirilməsi, şəhər və rayonlarda sağlam ictimai mühitin yaradılması kimi cəsarətli addımların atılması Ulu Öndərin qətiyyətinin və siyasi iradəsinin göstəricisi olmuşdur. Ümummilli Lider Heydər Əliyev bu gün müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin qoymuş, onun mükəmməl bir konsepsiya şəklində irəli sürmüş və həyata keçirilməsini təmin etmişdir. Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan Ümummilli Lider Heydər Əliyevin ideyalarının xalqımızın qəlbində, gələcək nəsillərin qan yaddaşında əbədi olaraq yaşayacağının daha bir sübutudur.
Azərbaycanın özünün dövlət müstəqilliyini bərpa etdiyi ilk illər ərzində ölkəmizin üzləşdiyi daxili və xarici təhdidlər və bu səbəbdən xalqımızın illər boyu həsrətində olduğu müstəqilliyi itirmək təhlükəsi bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1993-cü ilin 6 iyul tarixində “Ostankino” dövlətlərarası televiziya şirkətinə verdiyi müsahibəsində Ulu Öndər demişdir: “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.” Bir tərəfdən həmin il Azərbaycanın öz dövlətçiliyini itirmək üzrə olduğu bir vəziyyətə düşməsini şərtləndirən əsas amillər Ermənistanın ölkəmizə qarşı təcavüzü və ərazilərimizin 20 faizinin işğalı, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köşkün vəziyyətinə düşməsi və bu səbəbdən ölkəmizin üzləşdiyi humanitar fəlakət idisə, digər tərəfdən də məhz bu amillərin 1991-1992-ci illərdə ölkəyə rəhbərlik edən siyasi hakimiyyətin yarıtmazlığı, yürüdülən daxili və xarici siyasətin yararsızlığı və Azərbaycanın vətəndaş müharibəsi astanasına gətirilməsi nəticəsində formalaşdıqları danılmaz tarixi faktdır. Xüsusilə ölkənin və dövlətçiliyimizin xilası yönümündə Ümummilli Liderimizin daxili separatçı qüvvələrə qarşı mübarizəsi məhz 1993-cü ildə sözün əsl mənasında həyati əhəmiyyət kəsb edirdi. Ulu Öndər bu mübarizənin mahiyyətini açaraq, həmin ilin 13 avqust tarixində Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşündə demişdir: “Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur.” Lakin düşmənlərimizin bu arzularının da həyata keçməsi mümkün deyildi. Çünki Azərbaycan xalqı artıq öz xilaskar oğlunun ətrafında sız birlikdə idi.
Xalqın səsinə səs verərək ölkənin rəhbərliyinə qayıdan ümummilli lider qısa zaman ərzində ölkədə başlanmaq üzrə olan vətəndaş müharibəsinin qarşısını aldı, ilk vaxtlarda bir qədər kövrək də olsa ictimai-siyasi sabitliyə nail oldu, milli həmrəyliyi təmin etdi. Ulu öndər nizami ordu yaradılması istiqamətində təcili və qətiyyətli addımlar ataraq, cəbhədə vəziyyəti dəyişdirdi, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrin təsiri altında Ermənistan atəşkəsə vadar edildi. Bundan dərhal sonra ulu öndər Heydər Əliyev Azərbaycanın yerləşdiyi ərazinin geostrateji əhəmiyyətini, mövcud geosiyasi amilləri, tarazlaşdırılmış və çoxqütblü xarici siyasətə olan zərurəti, ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat imkanlarına malik olmasını və bir çox digər təsiredici məqamları nəzərə alaraq həmin dövrün çağırışlarına cavab verən yeni xarici siyasət strategiyasını müəyyən etdi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyası bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktora çevrilib. Bu mükəmməl idelogiyanın əsasını qoymaqla, ulu öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, xalqın milli dövlətçilik məfkurəsinin formalaşması üçün möhkəm zəmin yaratmışdır. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli liderimiz 21 noyabr 1998-ci il tarixində keçirilmiş və Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda söylədiyi tarixi nitqində demişdir: “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır.” Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edir, mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət hissi ilə yanaşırdı.
Artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün dünya ölkələri arasnda da söz sahiblərindən biridir. Əlbəttə ki, bu uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və 2003-cü ildən bəri Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən praqmatik xarici və daxili siyasət kursu durur. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2020-ci ildə Ulu Öndərimizin ən böyük vəsiyyətinə əməl etdi. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına daim xidmət edəcək.

Kamran Qasımov,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024