Mobil versiya
Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir
Tarix: 09-03-2023 | Saat: 14:57
Bölmə:Ölkə | çapa göndər

Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir

Məlum olduğu kimi, altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edən Prezident İlham Əliyev geniş çıxış edərək, çox mühüm mesajlar verib. Dövlət başçısı bildirib ki, ölkədə parlament seçkiləri demokratik keçirilib, səsvermənin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib. Altıncı çağırış Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb: “Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Sadəcə olaraq, özünü müxalifət adlandıran marginal qruplaşma seçkiləri sanki boykot etmişdir. Bu da gülməlidir. Çünki Azərbaycan xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib və 27 ildir ki, onlar tarixin zibilxanasındadırlar. Belə olan halda boykot elan etmək həm gülməlidir, həm də təəccüblüdür.
Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşmışdır ki, bu da demokratiyanın inkişafında önəmli addımdır. Seçkilərdə Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Ölkə prezidentinin tövsiyəsi ilə partiyaların nümayəndələri Altıncı Çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunmuşlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var və Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır.
Qeyd edək ki, müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq qadın parlamentin sədri seçildi. İlk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında formalaşdı. 6-cı çağırış Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar. Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə sədr seçildilər. Milli Məclisin yeni tərkibi onu deməyə əsas verir ki, parlament ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir.
Prezident vurğulayıb ki, Azərbaycanın daxili problemləri ölkə daxilində həll olunmalıdır, Vətən və dövlətçilik naminə bütün siyasi qüvvələr onların həllinə birlikdə öz töhfələrini verməlidirlər. Problemlərin ölkə hüdudlarından kənara çıxarılması və ölkəmizi istəməyən xarici qüvvələrin əlində Azərbaycana qarşı vasitəyə çevrilməsi yolverilməzdir. Azərbaycan daim müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür.
Azərbaycan Prezidenti cənab İlham Əliyev həmçinin çıxışında bir çox məqamlara toxunaraq seçkilərin demokratik, şəffaf və müasir standartlara cavab verən səviyyədə keçirildiyini qeyd etdi. Bildirdi ki, dörd dairənin ləğv olunması da öz növbəsində nümayiş etdirir ki, Azərbaycan tərəfinin özü neqativ halların, çatışmazlıqların aradan qaldırılmasında hamıdan qabaq maraqlıdır: “Mənim bununla bağlı mövqeyim ondan ibarətdir ki, Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələrinin yoxlanılması zamanı bir çox dairələrdə, məntəqələrdə səsvermənin nəticələri də ləğv olundu. Bunu bizdən hansısa bir beynəlxalq istansiya istəməmişdi, tələb etməmişdi. Azərbaycan dövlətinin özü maraqlı idi ki, seçkilərdə bütün çatışmazlıqlar qiymətləndirilsin və onların aradan qaldırılması istiqamətində addımlar atılsın. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan dövləti, hakimiyyəti seçkiləri ən demokratik, şəffaf formada keçirilməsində özü hamıdan qabaq maraqlıdır.”
Bu gün altıncı çağırış Milli Məclis yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərir və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verir. Parlament xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini quraraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atır.

Məlakə Məlikova,
Salyan şəhər 5 saylı ümumi orta məktəbin direktoru




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024