Mobil versiya
Azərbaycanla enerji sahəsində əməkdaşlıq Avropada yüksək qiymətləndirilir.
Tarix: 18-02-2023 | Saat: 09:24
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanla enerji sahəsində əməkdaşlıq Avropada yüksək qiymətləndirilir.

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın yüksəlişini xarakterizə edən amillərin əhatə dairəsi olduqca genişdir. İqtisadiyyatda əldə etdiyimiz uğurlar, qlobal miqyasda mövqelərimizin möhkəmlənməsi, dövlətimizin müstəqil və qətiyyətli siyasət yürütməsi, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi, regionda və dünyada söz sahibi olmağımız və digər bu kimi amillər göstərir ki, Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. 
Azərbaycanın yüksəlişindən xəbər verən məsələlər sırasında təbii ki, respublikamızın enerji siyasətinin öz yeri var. Müdrikcəsinə həyata keçirilən bu siyasətin nəticəsində respublikamız beynəlxalq müstəvidə söz sahibinə çevirilib. Enerji və digər iqtisadi layihələrin reallaşması nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu qazanıb. Bu gün respublikamız Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Son illərdə ölkəmizin enerji siyasətində müxtəlif möhtəşəm hadisələr baş verdi. Bunların sırasında "Cənub qaz dəhlizi"nin reallaşması bütövlükdə Avrasiya regionunun enerji xəritəsində mühüm dəyişiklik etdi. Prezident İlham Əliyevin liderliyi ilə həyata vəsiqə alan bu enerji dəhlizi ilə Xəzərdə hasil olunan təbii qaz tarixdə ilk dəfə alternativ marşrutla Avropa bazarlarına çatdırıldı.  Hazırda Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya kimi dövlətlər Azərbaycan qazının alıcılarıdır.
Azərbaycanla enerji sahəsində əməkdaşlıq Avropada, xüsusən Avropa İttifaqı səviyyəsində yüksək qiymətləndirilir. Aİ üzvü olan dövlətlərin bir qismi ilə münasibətlərin strateji məzmun daşıması da bunu təsdiq edir. Hazırda gərgin hərbi-siyasi proseslər səbəbindən Avropa yeni çağırışlarla üzləşib və bu müstəvidə enerjiyə olan tələbat da kəskin şəkildə artıb. Bir çox Avropa ölkələrində tarixboyu görünməmiş dərəcədə enerji mənbələrinə ehtiyac duyulur. Elə buna görə də Azərbaycanın enerji marşrutlarının daha da genişləndirilməsi ilə bağlı təşəbbüsləri Avropa İttifaqının xüsusilə diqqət yetirdiyi məsələlərdir. Bu çərçivədə Azərbaycanla Aİ və ayrı-ayrı dövlətlər arasında enerji dialoqu davam edir. Ötən il iyulun 18-də Bakıda imzalanan "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" da enerji sahəsində genişlənən əməkdaşlığın göstəricisidir.  Azərbaycan Avropaya 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr təbii qaz ixrac edib. Bu il isə Avropaya ixrac həcminin 24,5 milyard kubmetr olması gözlənilir. Prezident İlham Əliyevin dediyi kimi, bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur.  Eyni zamanda TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi də müzakirə mövzularıdır. Görünən odur ki, yeni çağırışlarla üzləşən Avropa Azərbaycana güvənir. Azərbaycan əldə olunmuş uğurlarla kifayətlənməyən, irəli baxan, müasir dövrün çağırışlarını nəzərə alan, bir sözlə, hər zaman öz gələcəyini düşünən dövlətdir. Ölkəmizdə "yaşıl" və bərpaolunan enerjiyə keçidin sürətli olması da bunu təsdiqləyir. Enerji keçidi ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəzlənməsini özündə ehtiva edir. Yaxın gələcəkdə qabaqcıl ölkələrdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə daha çox artacaq.  Azərbaycan da enerji məsələləri baxımından regionun və Avropanın irəlidə olan dövlətləri sırasında yer alıb.  Bu baxımdan respublikamızda da yeni və dayanıqlı enerji mənbələrinə, bu sırada "yaşıl enerji" istehsalına üstünlük verilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub.  "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də bu məsələ öz əksini tapıb.  İşğaldan azad edilmiş ərazilərimiz də "yaşıl zona" kimi bərpa edilir.  Ölkəmizdəki iqlim şəraiti "yaşıl enerjinin" əldə edilməsi üçün geniş imkanlar yaradır. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışında Prezident İlham Əliyev ölkəmizin çox böyük "yaşıl enerji" potensialına malik olduğunu bildirərək deyib: "Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş-elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Düşünürəm ki, bu potensial daha artıq olacaqdır". Ölkəmizdə ötən ildən bərpaolunan enerjinin əldə olunması ilə bağlı layihələrin həyata keçirilməsinə başlanılıb. 2022-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən "ACWA Power" şirkətinin inşa etdiyi 240 meqavat gücündə külək-elektrik stansiyasının, mart ayında isə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən tikilən 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyasının təməlləri qoyulub.  Ümumiyyətlə, hazırda ümumi generasiya gücü 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılıb. Bir neçə gün əvvəl Prezident İlham Əliyev bildirib ki, son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilib.
Bütün bunlar, eyni zamanda yeni günəş və külək elektrik stansiyalarının yaradılması Azərbaycana elektrik enerjisinin ixracı ilə bağlı yeni imkanlar yaradır. Başqa cür desək, tezliklə Azərbaycanın enerji ixracatında yeni mərhələ başlayacaq. Artıq "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında saziş də imzalanıb.

Bəxtiyar Həsənov,
YAP Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024