Mobil versiya
Qardaş Türkiyə bu sınaqdan üzüağ çıxacaq, qardaşlığımız daha da möhkəm olacaqdır
Tarix: 14-02-2023 | Saat: 18:04
Bölmə:Ölkə | çapa göndər

Qardaş Türkiyə bu sınaqdan üzüağ çıxacaq, qardaşlığımız daha da möhkəm olacaqdır

Fevralın 6-da Qəhrəmanmaraş episentr olmaqla, qardaş Türkiyənin 10 vilayətində baş vermiş təbii fəlakət nəticəsində minlərlə insanın həlak olması, saysız-hesabsız insanın yaralanması, evsiz-eşiksiz qalması doğrudan da dəhşətli faciədir. Qardaş ölkədə baş verən bu zəlzələ bütün azərbaycanlıları sarsıtdı. Eyni zamanda Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə ortaya qoydu. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan insanı qardaş ölkəmizin üzləşdiyi dağıdıcı təbii fəlakətə dərhal öz acısı kimi reaksiya verdi. Zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermək üçün fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyini ziyarət edən Prezident İlham Əliyevin orada çıxışı zamanı dediyi kimi “Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir: "Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrimiz mövcuddur”. Bütün bunlar əlbəttə ki, Azərbaycan-Türkiyə dostluğunun necə möhkəm, sarsılmaz olduğunu göstərir. Və bu gün Azərbaycan Türkiyəyə ən çox yardım göndərən, hər vasitə ilə dəstək verən ölkələrin sırasında ilk başda yer alır. Həm vətəndaşlarımız tərəfindən humanitar yardımların toplanması, həm də rəsmi qurumlarımız tərəfindən şəxsi heyət, canlı qüvvə və texnika ilə yardımların göndərilməsi durmadan davam edir. Bir sözlə, bütün azərbaycanlıllar Türkiyənin acısını öz acısı kimi, Azərbaycanın acısı kimi qəbul edərək indi hər vasitə ilə qardaş ölkənin yaralarını sarımağa çalışır".
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”
Bu gün bütün qurumlar kimi ictimai təşkilatlar da ardaş ölkəyə öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərəcək. Türkiyəyə göndəriləcək humanitar yardım Fondun Türkiyəyə ezam edilən əməkdaşları tərəfindən zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara çatdırılacaq.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını yorulmadan davam etdirirlər. Azərbaycanlı xilasedicilər zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş vilayətində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Zəlzələ bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 34 nəfər tibbi heyəti olmaqla 725 xilasedicisi fəaliyyət göstərir. Azərbaycan Müdafiə Nazirliyinin 10 hərbi həkimi və 8 tibb bacısı da zəlzələ bölgəsində xidmət edir.
Göründüyü kimi həmişə olduğu kimi, yenə də xalq və dövlətin bir yerdə olması, qardaş dərdinə şərik çıxması bu kədərli günlərimizdə qəlbimizi qürur hissi ilə doldurur. 44 günlük müharibədə bizə qardaş köməyini əsirgəməyən Türkiyə ilə sevincimiz də kədərimiz də eyni olduğundan eyni ağrını da birlikdə yaşayırıq. Dövlət başçımız cənab İlham Əliyevin hadisədən dərhal sonra yardım və dəstək üçün təcili tapşırıqlar verməsi, xalqımızın bir nəfər kimi ayağa qalxaraq səfərbər olması bizim qardaşlığımızın sarsılmaz nümunəsidir.
Bu çətin gündə qardaş Türkiyə ilə həmrəylik rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət Bayrağı rəngində işıqlandırılması, Azərbaycan xalqının sosial şəbəkələrdə də qardaş türk xalqının yanında olması, sözdə və əməldə bu dəstəyi göstərməsi tezliklə bir millət olaraq toparlanıb daha da güclü olacağımızdan xəbər verir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024