Mobil versiya
Qardaş Türkiyənin yanındayıq!
Tarix: 10-02-2023 | Saat: 16:05
Bölmə:Ölkə | çapa göndər

Qardaş Türkiyənin yanındayıq!

Azərbaycan ilə Türkiyə arasında mövcud olan birlik, həmrəylik, humanizm, sadəcə qardaşlıq deyil, həm də insanlıq nümunəsidir. Türkiyə və Azərbaycan bir yumruq, bir ürək, bir candır. Qardaş ölkədə baş verən zəlzələ böyük dağıntılara, minlərlə insan tələfatına səbəb oldu. Qeyd edilməlidir ki, bu, son yüz ildə regionda və Türkiyədə baş verən ən güclü zəlzələdir.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirdi ki, biz təkcə cümhuriyyət tariximizin deyil, coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə üz-üzəyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təbii fəlakətin baş verdiyi həmin gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Bununla əlaqədar faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə yola düşüb.Türkiyədə yardıma ehtiyacı olan əhaliyə kömək məqsədilə ölkəmizdə kütləvi kampaniyaya start verilib. Yardım kampaniyasında sözün əsl mənasında izdiham yaşanır. Yüzlərlə insan kampaniyanın keçirildiyi yerə axın edərək, qardaş türk xalqına yardımlarını çatdırır. Zəlzələdən zərərçəkən insanlar üçün geyimlər, qızdırıcı vasitələr və qidalar toplanaraq Türkiyəyə yola salınır.  Azərbaycan vətəndaşları qardaş ölkədə baş vermis dəhşətli zəlzələlər nəticəsində evsiz qalan insanlara yardım kampaniyalarını davam etdirir. Hazırda axtarış-xilasetmə əməliyyatlarında azərbaycanlı mütəxəssislər də türkiyəli həmkarları ilə birlikdə əsl fədakarlıq göstərirlər. Azərbaycandan toplanmış ianə və yardımlar lazımi ünvana çatdırılır.
Sonda onu da qeyd etmək istəyirəm ki, Göygöl rayonu da Türkiyəyə yardım üçün səfərbər olub. Belə ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayevin rəhbərliyi altında Göygöl Gənclər Evində Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkmiş qardaşlarımız üçün keçirilən və gənclərimizin fəal iştirak etdiyi yardım kampanyasına başlanlıb. Məlumat üçün bildirim ki, kampaniyamız hələ də davam etməkdədir. Rayon sakinləri qardaş ölkəyə dəstək məqsədilə gün ərzində məntəqəyə yaxınlaşaraq yardımlar edirlər.
Göründüyü kimi, Azərbaycan həmişə olduğu kimi, bu çətin günündə də Türkiyəyə dəstək olmağı özünün mənəvi və şərəf borcu sayır, qardaşının yanında olduğunu nümayiş etdirir. Türkiyə və Azərbaycanın həmrəyliyi, bu yolda qətiyyət nümayiş etdirməsi bizim bütün maneələri dəf etmək, təkcə özümüzün deyil, bütün bölgənin təhlükəsiz, firavan gələcəyini təmin etmək iqtidarında olduğumuzu bir daha göstərir.

İlkin Məmmədov,
Göygöl Rayon İcra Hakimiyyəti başçısının Qızılqaya qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024