Mobil versiya
Novruzəli Aslanov: “Avropa ölkələrinin yeni enerji mənbələri axtarışında üzlərini məhz Azərbaycana tutmaları tamamilə anlaşılandır”
Tarix: 07-02-2023 | Saat: 09:43
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Avropa ölkələrinin yeni enerji mənbələri axtarışında üzlərini məhz Azərbaycana tutmaları tamamilə anlaşılandır”

“Məlum olduğu kimi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası bu layihənin uğurlu istismarı və fəaliyyəti üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Cari ilin fevral ayının 3-də Bakıda, “Gülüstan” sarayında Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Bu tədbir Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması baxımından xüsusi önəmini bir daha vurğulamış oldu. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər hər zaman olduğundan daha çox mürəkkəbliyi ilə diqqəti cəlb edir. Cənab Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, son bir ildə dünyada çox şey dəyişib və məhz bu dəyişikliklər artıq enerji təhlükəsizliyini faktiki olaraq hər bir ölkənin milli təhlükəsizlik məsələsi statusuna qaldırıb. Yaranmış vəziyyətdə Avropa ölkələrinin yeni enerji mənbələri axtarışında üzlərini məhz Azərbaycana tutmaları da tamamilə anlaşılandır. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına sahib olmaqla yanaşı, həm də üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin yerinə yetirlməsinə hər zaman yüksək məsuliyyətlə yanaşan bir ölkədir. Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında son dərəcə mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinin iki il bundan öncə açılaraq istismara verilməsi bunu bir daha əyani şəkildə sübut etdi. COVİD-19 pandemiyasının bütün planetdə tüğyan etdiyi, dünya iqtisadiyyatını demək olar ki, iflic vəziyyətinə saldığı 2020-ci ildə əksər ölkələrdə bütün qlobal layihələrin icrası dayandırılmışdı. Azərbaycan isə, 2020-ci ilin sentyabr-noyabr aylarında üstəlik öz ərazilərini işğaldan azad etmək üçün müharibə aparmaq məcburiyyətində qalmışdı. Lakin bütün bunlara baxmayaraq Cənub Qaz Dəhlizi layihəsinin icrası uğurla başa çatdırıldı və Azərbaycan Avropanı təbii qazla təchiz etməyə başladı. Bu gün isə, artıq bu möhtəşəm layihənin genişləndirilməsi müzakirə mövzusudur. Belə ki, hazırda TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdən keçirilir. Həmçinin layihənin sonuncu seqmenti olan TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi müzakirə edilir. Bu da ondan irəli gəlir ki, Avropada indi alternativ enerji mənbəyinə və təchizatın davamlı şaxələndirilməsinə böyük ehtiyac yaranıb.”

Bu sözləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən növbəti iclasında müzakirə olunan məsələlər barədə fikirlərini paylaşan Milli Məclisin deputatı Novruzəli Aslanov mətbuata açıqlamasında deyib.


Deputat qeyd edib ki, Azərbaycan keçən il Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan irəli gələn öhdəliklərini hər zaman olduğu kimi, vaxtında və tam həcmdə yerinə yetirmək üçün bütün imkanlara malikdir: “Memorandumun imzalanmasından dərhal sonra Azərbaycan öz tərəfdaşlarını daha çox həcmdə təbii qazla təchiz etmək məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başladı. Bu məqsədlə hazırda hasilatın artırılmasına əlavə olaraq, həmçinin ölkə daxilində enerji səmərəliliyi üzərində iş aparılır. Tətbiq olunan proqram Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət edilməsinə imkan verəcək. İstənilən halda Azərbaycan Avropaya təbii qaz ixracını artırır. Əgər 2021-ci ildə ixrac həcmi təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdusa, bu il artıq bu göstəricinin 24,5 milyard kubmetr olması gözlənilir. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir. Dövlət başçısı xüsusi olaraq qeyd etdi ki, Azərbaycanın təbii qaz ehtiyatları həm öz daxili tələbatlarımıza, həm də tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək.”
Daha sonra N.Aslanov yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclasının əhəmiyyətini qeyd edərək bunları deyib: “Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Cənab Prezident İlham Əliyev öz çıxışında birmənalı olaraq bəyan etdi ki, bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Bundan başqa Azərbaycanın azad edilmiş ərazilərində yaşıl enerji potensialı 10 qiqavata yaxındır. Həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən edilib. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Hələlik Azərbaycanın üç əsas enerji şirkəti ilə razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaqdır. “ACWA Power” şirkəti isə hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəkdir. Bu, həqiqətən də çox böyük potensialdır və bu potensial həm ölkəmizin, həm də tərəfdaşlarımızın maraqlarına xidmət edəcək”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024