Mobil versiya
Novruzəli Aslanov: “Prezident İlham Əliyevin vacib strateji ideyaları vaxtında irəli sürməsi beynəlxalq müstəvidə yüksək qiymətləndirilir”
Tarix: 21-01-2023 | Saat: 10:00
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Prezident İlham Əliyevin vacib strateji ideyaları vaxtında irəli sürməsi beynəlxalq müstəvidə yüksək qiymətləndirilir”

“Azərbaycan özünün beynəlxalq əlaqələrini getdikcə genişləndirir. Ölkəmizin Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməsi bu əlaqələrin istər Avropa, istərsə də Asiya dövlətləri ilə yüksək səviyyədə qurulması üçün əlavə imkanlar yaradır. Bu gün Azərbaycanın etibarlı münasibətlər qurduğu ölkələrdən biri də dünyanın ən nəhəng iqtisadiyyatlarından birinə malik olan Çin Xalq Respublikasıdır. İki ölkənin dövlət başçıları arasında təşkil olunan görüşlər də təsdiq edir ki, Çin və Azərbaycan yaxşı dost və tərəfdaş ölkələrdir. Əlbəttə ki, ötən ilin payızında Pekində keçirimiş “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Çinin dövlət başçısı Si Cinpin Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırması dövlət başçıları arasında mövcud olan qarşılıqlı hörmətin rəmzi kimi qiymətləndirilməlidir. Cənab Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda iştirakı zamanı yanvarın 17-də Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsində də qeyd etdi ki, Azərbaycan ilə Çin arasında 30 il ərzində davam edən siyasi münasibətlər, iki ölkənin beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığı və bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi artıq ölkələrimizin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Təbii ki, siyasi münasibətlər həmçinin iqtisadi əlaqələri inkişaf etdirmək üçün möhkəm zəmin deməkdir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini hər zaman dəstəkləyib. Bununla belə ölkələrimiz arasında enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlığın cəlbedici perspektivləri mövcuddur. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər. Bu da əlbəttə ki, ölkəmizdə investisiya mühitinin çox müsbət olması sayəsindədir. Azərbaycanda xarici və yerli investisiyaların lazımınca qorunması son dərəcə önəmli amildir. Buna görə də hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar dövlətimiz tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat bildirib ki, Azərbaycanın qoşulduğu bütün beynəlxalq layihələrdə əhəmiyyətli rol oynaması ölkəmizi həmin layihələrin eyni zamanda həm arzuolunan, həm də zəruri iştirakçısına çevirir: “Bütün digər qlobal transmilli layihələrdə olduğu kimi, Azərbaycan Çinin 10 il bundan öncə bir təşəbbüs kimi irəli sürdüyü, bu gün isə artıq nəhəng beynəlxalq layihəyə çevrilmiş “Bir kəmər, bir yol” layihəsində də çox konstruktiv rol oynayır. Dövlət başçımızın dediyi kimi, Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və o zaman hələ mövcud olmayan infrastruktura investisiya yatırmağa başladı. Bu illər ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü və Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdi. Həmçinin dəmir yolu infrastrukturuna ən çox investisiya yatırıldı. Buna paralel olaraq bütün digər layihələr - avtomagistrallar, hava limanları kimi layihələr də həyata keçirildi. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Cənab Prezident İlham Əliyev həmçinin Çinin artıq yeni Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin təşəbbüsü ilə çıxış etdiyini və onu artıq başladığını qeyd etdi və vurğuladı ki, bu layihə də Azərbaycana, Xəzər dənizinə istiqamətlənib. Bu, əlbəttə ki, çox vacib əlavə təchizat marşrutudur və ümumilikdə Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Lakin bütün bunlarla yanaşı Azərbaycan Çinlə əməkdaşlığın digər sahələrini də irəli çəkmək niyyətindədir. O cümlədən Azərbaycanın böyük potensialı və Çinin böyük texnoloji nailiyyətləri ölkələrimizə yaşıl enerji sahəsində əməkdaşlıq üçün geniş perspektivlər vəd edir. Məlumdur ki, bərpaolunan enerji mənbələri ölkəmiz üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində Azərbaycan 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalayıb. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Avropada baş verən yaşıl enerjiyə keçid bizim regionda da bu sahənin inkişafını stimullaşdırır. İndi Azərbaycan artıq yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük əhəmiyyəti var.”

Daha sonra N.Aslanov Azərbaycanın bir çox qlobal problemlərin həllində mühüm rol oynadığını və bu faktın artıq sadəcə regional səviyyədə deyil, həm də dünyada təsdiq olunduğunu vurğulayaraq bunları deyib: “Enerji böhranı məsələsi bu il Dünya İqtisadi Forumunda müzakirə olunan ən mühüm mövzulardan biri oldu. Azərbaycan bu qlobal problemin həllində mühüm rol oynayan ölkələrdən biri kimi çıxış edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin vacib strateji ideyaları vaxtında irəli sürməsi və indi, belə bir aktual zamanda maraqlı tərəfləri bir araya gətirə bilməsi beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Dövlətimizin başçısı bu problemin həlli istiqamətində Azərbaycanın atdığı addımlar barədə açıqlama verərək bildirdi ki, ölkəmiz hələ enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında artıq yaxşı sərmayə mühiti yaratmış və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşdu. Bu prosesin getdiyi dövrdə Azərbaycanın hələ ixrac üçün boru kəmərləri yox idi. Bununla belə Azərbaycan dövləti həmin vaxt ilk növbədə qonşu tranzit ölkələrlə razılaşmalar əldə etdi və hər kəs üçün uduşlu bir vəziyyət yaratmağa nail oldu. Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında əsas uğur amili olan balansı qoruyub saxladı. İki il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlandı. Bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Nəhayət bu gün, bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, Azərbaycan qazına indiyədək olduğundan daha çox ehtiyac var. Avropada yeni yaranmış reallıqlar həm də qaz çatışmazlığı, enerji bphranı ilə xarakterizə olunur. Buna görə də Azərbaycandan Avropaya uzanan kəmər enerji təhlükəsizliyinə töhfənin ən mühüm elementlərindən biri oldu. Hazırda Azərbaycan təbii qazın heç də çox böyük təchizatçısı deyil, lakin ölkəmizin Şərqi və Cənubi Avropada artıq konkret bazarı mövcuddur. Yaxın gələcəkdə isə, Azərbaycan özünün qaz hasilatını artırdıqca bu coğrafiya daha da genişlənəcək”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024