Mobil versiya
Rasim Məmmədova bəraət verilə bilər -Vəkildən açıqlama
Tarix: 19-01-2023 | Saat: 17:17
Bölmə:Gündəm / Ölkə | çapa göndər

Rasim Məmmədova bəraət verilə bilər

Xəbər verildiyi kimi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sabiq I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov ötən ilin fevralın 4-də saxlanılmışdır. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti həmin dövrdə rəsmi məlumat yaymışdır. Məlumatda deyilirdi ki, «…vətəndaş Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb etmişdir.
R. Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlətmiş və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılmış və araşdırmanın nəticəsinə uyğun olaraq Azərbaycan Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılmışdır…».
Beləliklə, artıq bir ilə yaxındır ki, R.Məmmədov faktiki olaraq istintaq altındadır, təcridxanada saxlanılır və neçə aydır məhkəmə istintaqı həyata keçirilsə də, hələki onun barəsində hökm də çıxarılmır.

Daxil olan oxucu sorğuları ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün Rasim Məmmədovun hüquqlarını müdafiə edən, Azərbaycan vəkillər Kollegiyasının üzvü Vüqar Əliyevə müraciət etdik. Vəkil jurnalist sorğumuzu belə cavablandırdı.
Rasim Məmmədovun cinayət işinin hüquqi tərəfi belədir: ona ittiham verilib ki, guya o, Sumqayıtda Sabir İsmayılov adlı şəxsin baş nahiyəsinə xüluqanlıq niyyəti ilə 3 dəfə zərbə endirmişdir. Lakin məhkəmə istintaqı dövründə ümumilikdə həmin hadisənin 7 şahidi var idi, lakin onlardan 5-i məhkəmədə ifadə verdi ki, biz Rasim Məmmədovun kimisə vurmasını, başına zərbə endirməsini görməmişik. Hətta bu şahidlərdən bəziləri bildirdilər ki, əksinə, qarşı tərəf 10-12 nəfərlik dəstə ilə Rasim Məmmədovu dəstə şəklində sürüyərək zavodun içərisinə salıb, belə demək mümkünsə, onu cəzalandırmaq istəyirdilər… Yerdə qalan 2 şahid isə zərərçəkmiş Sabir İsmayılovun şahidləridir. Onlar da ziddiyyətli ifadə veriblər. İstintaq vaxtı zərərçəkmiş tərəfdən bir şahid var idi- Qamət Ağazadə, o məhkəmədə ifadəsində bildirdi ki, mən hadisə vaxtı ümumiyyətlə, orda olmamışam.
Lakin ibtidai istintaq materiallarında əksinə, guya o yazmışdır ki, bəli, mən hadisənin şahidi olmuşam və s. Onu da deyim ki, ibtidai istintaqda verilən ifadələrə fikir verdikdə məlum olur ki, hamının ifadəsi nöqtə-vergülünə kimi təxminən eynidir. Belə pozuntuları nəzərə alaraq biz müstəntiqi də şahid kimi məhkəmədə dindirilməsini təmin etdik.

-Bəs məhkəmə hökmü niyə bu qədər uzadılır?
Bilirsiniz, artıq məhkəmə istintaqı başa çatıb, şahid ifadələri dindirilib. Növbəti məhkəmə prosesindən çıxışlar mərhələsinə keçirik. Birmənalı olaraq deyim ki, Rasim Məmmədovun həmin əməli törətməsi sübuta yetirilmir. Lakin təəssüflər olsun, əlavə sübutlar cəlb etməyə cəhdlər olur… Amma hesab edirəm ki, məhkəmə ədalətli qərar qəbul edəcək. Məlumat üçün deyim ki, istintaq dövründə ona Azərbaycan Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən əlavə, daha 2 maddə ilə də ittiham verilmişdi. Dələduzluq və hədə-qorxu ilə pul tələbetmə cinayəti. Bu ittihamlar da sübut edilmədiyindən istintaq dövründə onlara xitam verildi. İstintaq yalnız Azərbaycan Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə ona ittiham vermişdir. Azərbaycan cəmiyyətində də bilirlər ki, Rasim Məmmədov evin tək oğludur, himayəsində 85 yaşlı anası var.Üstəlik, mediadan da görürük ki, o, YAP üzvüdür, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən şəxsdir.
Dəfələrlə Türkiyənin Kahramanmaraş və Kayseri şəhərlərində Xocalı abidəsinin ucaldılmasının təşəbbüskarlarından və bu abidələrin qoyulmasında, Xocalı parklarının açılışında iştirak edib. Daim rəsmi telekanallarda çıxışları olub… Eləcə də mətbuatdan oxuyuruq ki, o, Başqırdıstanın Ufa şəhərində Ulu Öndər Heydər Əliyevin
xatirəsinə həsr olunmuş elmi konfransın təşkilatçısı olub. Həmçinin Moskvada Azərbaycan diasporunun fəaliyyətinə həsr olunmuş möhtəşəm bir tədbirin təşkilatçısı olmuşdur. Həmin tədbirdə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri, Xalq yazıçısı Çingiz Abdullayev də iştirak etmişdir. Yəni demək istəyirəm ki, belə bir şəxs cəmiyyət üçün təhlükəli ola bilməz və onun barəsində məhkəmənin bəraət hökmünün çıxarılmasına və 1 ilə yaxındır davam edən məhkəmə-istintaq proseslərinə tezliklə son verilməsinə inanırıq./Təzadlar



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024