Mobil versiya
Eltun Süleymanov: “20 Yanvar xaqımızın qanlı, lakin şərəfli tarixidir”
Tarix: 18-01-2023 | Saat: 11:43
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “20 Yanvar xaqımızın qanlı, lakin şərəfli tarixidir”

“XX yüzillik Azərbaycan xalqının tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil oldu. Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcıdır. Ümummilli lider Heydər Əliyev 20 yanvar hadisələrinə belə qiymət veridir: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.”
Bu gün 33 ili arxada qoyan Qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşilən bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər bir azərbaycanlını qürurlandırır.”

Bunu aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz qeyd edib ki, “1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbçiləri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyaları ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdıldı. Bu olanlar süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması siyasətinin yeni şəraitdə davamı idi. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 131 insan qətlə yetirilmiş, 744-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdı. Lakin Qanlı yanvar hadisələrin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda cəmi 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
Xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.”

Eltun Süleymanov sonda bildirdi ki, “Qanlı Yanvar hadisələrinin ilk hüquqi qiyməti də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilmiş, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələri üçün təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.”
“İllər keçdikcə Qanlı Yanvar hadisəsinə baxışlar dəyişir. Vaxtilə bu faciəyə görə matəm tutur, yas saxlayır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi həm də sonsuz qürur hissi ilə anırıq. Çünki bu şəhidlik mərtəbəsi Azərbaycan xalqına azadlıq uğrunda mübarizə əzmini, özgürlük duyğusunu qaytardı. Xalq özünün möhtəşəm birlik nümunəsini ortaya qoymuş oldu. Birliyimiz sübut etdi ki, Azərbaycan xalqı güclüdür, həmrəydir, istənilən çətinliyin öhdəsindən gəlməyə qadirdir. O gündən başlayan mübarizə bizi Zəfərə çatdırdı. Əldə etdiyimiz bu tarixi zəfər, torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, ordusuna, onun gücünə etibarını daha da möhkəmləndirdi. Torpaqlarımızın azadlığı uğrunda ölümə gedənlər ölməzliyə – əbədiyyətə, xalqımız isə azadlığa qovuşdu. Bu, bir tarixdir. Qanla yazılmış tarix olsa da şərəfli tarixdir”- deyə müsahibimiz fikrini yekunlaşdırmışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024