Mobil versiya
Zəngəzur dəhlizinin açılması bütün Cənubi Qafqazın gələcəyi üçün böyük önəm kəsb edən tarixi zərurətdir
Tarix: 13-01-2023 | Saat: 14:17
Bölmə:Gündəm / Özəl | çapa göndər

Zəngəzur dəhlizinin açılması bütün Cənubi Qafqazın gələcəyi üçün böyük önəm kəsb edən tarixi zərurətdir

Məlum olduğu kimi, bu gün dünyada müşahidə olunan sürətli qiymət artımı və inflyasiya bütün ölkələr üçün çox ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələri belə özlərini bu problemdən sığortalaya bilmirlər. O cümlədən, son illər ərzində inflyasiya göstəriciləri maksimum 1,5 faiz həddini aşmayan ölkələrdə bu gün həmin göstərici 10 faizi üstələyir. Əlbəttə ki, Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olaraq bir çox məhsulları idxal etdiyinə görə ölkəmizin də bu inflyasiyanın təsirinə məruz qalması labüddür. Yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Lakin ölkəmiz bu amilin mənfi təsirini minimuma endirmək məqsədilə bütün mümkün imkanlardan istifadə edir. O cümlədən idxalı əvəzləyən yerli istehsalın daha da genişləndirilməsi məqsədilə müvafiq addımlar atılır. Keçən il aparılan islahatlar nəticəsində, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı mübarizə, gömrük sistemində olan pozuntuların aradan qaldırılması, kadr islahatları, əlbəttə ki, bu məsələdə öz müsbət təsirini göstərəcək. Eyni zamanda da Azərbaycan dövləti birbaşa cənab Prezident İlham Əliyevin təşəbbüsləri ilə vətəndaşların sosial rifahının yüksəldilməsi məqsədilə praktiki addımlar atıb. Görülən əhəmiyyətli tədbirlərdən minimum əməkhaqqının 15 faiz artırılaraq 345 manat həddinə yüksəldilməsini qeyd etmək lazımdır ki, bu da inflyasiyanın fəsadlarının yumşaldılmasına önəmli töhfədir. Eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırılaraq 280 manata çatdırılıb. Əlbəttə ki, bu heç də son hədd deyil. Lakin bunu da nəzərə almaq lazımdır ki, hazırda xərclərin əsas istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordumuzun potensialını gücləndirməkdir. Dövlət başçımızn dediyi kimi, bu iki əsas prioritet ölkəmiz üçün hələ uzun illər prioritet kimi qalacaq.

Cənab Prezident İlham Əliyevin öz müsahibəsində toxunduğu vacib məqamlardan biri də əlbəttə ki, Zəngəzur dəhlizi ilə bağlı oldu. Məlumdur ki, Azərbaycan nəqliyyat sahəsində artıq uzun illərdir ki, mühüm beynəlxalq layihələrin aparıcı iştirakçısı və bir çox hallarda həm də təşəbbüskarı kimi çıxış edir. Müasir dünyada gedən proseslər, xüsusilə yeni dünya düzəninin məhz necə formalaşmasına ciddi təsir göstərəcək Rusiya-Ukrayna müharibəsi Azərbaycanın gördüyü işlərin əhəmiyyətini daha da artırmışdır. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan bu sahəyə uzun illərdir ki, böyük vəsaitlər qoyur. Nəticə olaraq Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm də Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Hesablamalara görə təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Həmçinin Azərbaycan Orta Dəhliz layihəsi ilə bağlı ardıcıl siyasət aparır. Hələ beş il bundan əvvəl Azərbaycan təşəbbüskarı olduğu Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdi. Qeyd olunmalıdır ki, bəzi böyük Qərb ölkələrinin bu layihənin əleyhinə çıxış etmələri və çox ciddi maneələr törətmələri səbəbindən layihənin icrası mümkün ola biləcəyindən daha çox zaman aldı. Həmin ölkələrin layihəyə qarşı çıxmalarının səbəbi də ondan ibarət idi ki, bu, Ermənistanı faktiki olaraq kənarda saxlayan bir layihədir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, ermənipərəstlik bu layihənin icrasında da özünü göstərdi. Lakin Azərbaycan bütün hallarda olduğu kimi, öz məqsədinə nail oldu və hazırda bu layihənin genişləndirilməsi ilə bağlı ciddi iş gedir. Həmçinin Orta Dəhliz layihəsinin tam reallaşması baxımından xüsusilə önəmli olan Zəngəzur dəhlizinin iqtisadi səmərəsinin təsdiqi bu layihənin reallaşmasını labüd edən əlavə amil kimi çıxış edir. Hazırda gündəmdə duran əsas məsələlərdən biri Orta Asiyadan gedən yüklər üçün yeni yolların açılmasıdır. Məhz buna görə də Zəngəzur dəhlizinin iqtisadi səmərəsi artıq heç kimdə şübhə doğurmur. Eyni zamanda da möhtərəm dövlət başçımız bu layihənin təkcə Azərbaycan üçün deyil, həm də bir neçə qonşu ölkə üçün, böyük bir coğrafiya üçün strateji bir layihə olduğunu vurğuladı və bir daha bəyan etdi ki, bu layihənin reallaşması ölkəmizin təbii hüququdur. Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılması şərtinin 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatda da öz əksini tapdığını xatırlatmaqla Ermənistan hökumətinə növbəti mesajını da göndərdi. Həmin sənəddə açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin açılması bütün Cənubi Qafqazın gələcəyi üçün böyük önəm kəsb edən tarixi zərurətdir və Ermənistan istəsə də, istəməsə də bu layihə reallaşacaq.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024