Mobil versiya
Səməd Orucov: Dünya azərbaycanlılarının birliyi, həmrəyliyi sarsılmazdır
Tarix: 30-12-2022 | Saat: 12:41
Bölmə:Ölkə | çapa göndər

Səməd  Orucov: Dünya azərbaycanlılarının birliyi, həmrəyliyi sarsılmazdır

Hər zaman dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların həmrəyliyini, onların təşkilatlanması prosesini diqqət mərkəzində saxlayan Ulu Öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev uzaqgörənliklə, müdrikliklə demişdir: ”Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli - mənəvi dəyərlərini, adət - ənənələrini yaşatmalıyıq. “
Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən və Ulu Öndərimiz tərəfindən təsis edilən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal - hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli - mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz, Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli - mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır.
Artıq 31 dekabrı bütün dünyada yaşayan azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəylik Günü günü kimi qeyd edirlər. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Ümummilli Liderin ali azərbaycançılıq məramından qaynaqlanmış siyasətini uğurla davam etdirir, milli həmrəylik gününün yeni ilin gəlişi ilə eyni vaxtda möhtəşəm təntənələrlə qeyd edilməsini yüksək səviyyədə təmin edir. Milli həmrəylik günü münasibətilə bütün dünyanı dolaşan tədbirlər həm də müstəqil Azərbaycanın qazandığı tarixi uğurların dünyaya bütün əzəməti ilə nümayişidir. Bu əlamətdar gün soydaşlarımızın Ana vətənə sıx bağlılığının təzahürü kimi həm də səmimi və qarşılıqlı - faydalı tərəfdaşlığı bilavasitə nümayiş etdirir.
Bu gün Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində formalaşan birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tanınması və təbliği işində geniş fəallıq göstərirlər.
Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət diaspor siyasətini bu gün uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 19 il ərzində dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirmiş, bu sahədə ardıcıl, məqsədyönlü siyasət yürütmüşdür. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil birgə qüvvə kimi formalaşmaq səylərinə daim ciddi fikir verir.
Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan Prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini verir. Ölkə Prezidenti Azərbaycan diasporunun fəaliyyətini keyfiyyətcə yeni, daha yüksək səviyyəyə qaldırmaq üçün ötən dövrdə sistemli, ardıcıl tədbirlər gerçəkləşdirmişdir.
Hazırda dünya azərbaycanlılarının Lideri İlham Əliyev cənabları dəfələrlə vurğulamışdır ki, Ümummilli Liderimizin irəli sürdüyü azərbaycançılıq ideologiyası etnik mənsubiyyəti, milli - mənəvi dəyərləri qoruyub saxlamağa xidmət edir. İndiki mərhələdə diasporumuzun qarşısında duran əsas məqsədlərdən biri də yaşadıqları ölkələrdə digər xalqların diaspor təşkilatları ilə əməkdaşlıq etmək, zərurət yarandıqda onlarla bir mövqedən çıxış etmək və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında dost, qardaş ölkələrin diaspor təşkilatlarının dəstəyini qazanmaqdır. Dünya azərbaycanlılarının mövcud birliyini, həmrəyliyini heç bir qüvvə sarsıda bilməz.

Səməd Orucov
YAP Qazax rayon təşkilatı
ərazi partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024