Mobil versiya
ZƏNGƏZUR QƏDİM AZƏRBAYCAN TORPAĞIDIR – ŞƏRH
Tarix: 27-12-2022 | Saat: 10:21
Bölmə:Özəl | çapa göndər

ZƏNGƏZUR QƏDİM AZƏRBAYCAN TORPAĞIDIR

Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdikləri düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Xalqımıza, türk dünyasına qarşı erməni daşnaklarının həyata keçirdikləri soyqırımı siyasətinin bir məqsədi olub: işğal olunmuş türk torpaqları hesabına "böyük Ermənistan" dövləti yaratmaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərində dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Yəni, indiki Ermənistan Respublikası Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur, bu tarixdir. Ermənilər isə həyasızcasına iddia edirlər ki, guya tarixi İrəvan qalası onlara məxsus olub və "Yerevanqala" adlandırılıb.
Tarixi faktlarda qeyd olunur ki, 1500-cü illərdə Şah İsmayıl Xətai öz hakimiyyəti dövründə ağıllı, müdrik vəzirlərindən olan Rəvanqulu xana qala tikdirməyi tapşırır və həmin vəzir də möhtəşəm bir qala inşa etdirərək ona öz adını verir: "Rəvan qalası". Sonradan bu ifadə xalqın dilində "İrəvan qalası" kimi səslənir. Siz ermənilərin necə hiyləgər bir millət olduğuna fikir verin. Tarix sübut edir ki, 5 əsr əvvəl heç onların dövləti olmayıb. Ermənistan adlı dövlət 200 il öncə, daha dəqiq desək, 1813 və 1828-ci illərdə Rusiya və İran arasında bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələrinin nəticəsində Azərbaycan torpaqlarının bu iki imperiya arasında bölüşdürülməsi hesabına yaranıb. Birmənalı qeyd etmək lazımdır ki, imperialist qüvvələrin məqsədyönlü işğalçılıq siyasətinin yekunu olaraq Ermənistan adlı dövlət meydana gəlib.
1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından sonra şəhərin adı Erivan (Эривань) kimi yazılmış, daha sonralar, XX əsrdə tarixdə ilk dəfə erməni dövlətinin paytaxtına çevrildikdən sonra Yerevan adlandırılmışdır. İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin (çay, göl, bulaq və s. ), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s. ), oykonimlərin (yaşayış məntəqələri, küçələr, məhəllələr və s. ) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir. Urartuluların süqutundan ərəb xilafətinin bərqərar olmasınadək keçən təqribən 1200 il ərzində heç bir mənbədə bu yaşayış məntəqəsinin adı çəkilmir. Bunları bəzi obyektiv erməni tarixçiləri də etiraf edirlər. Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bircə dənə də olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı tipik müsəlman şəhəri kimi təsvir etmişlər.
Prezident İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfəri zamanı Ermənistanın əsassız ərazi iddialarını və ermənilərin Cənubi Qafqaza, xüsusilə Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərində məqsədyönlü şəkildə köçürüldüyünü bir daha diqqətə çatdıraraq bildirdi ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb: “Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi?”
Prezident ilham Əliyev bildirdi ki, mərhələlərlə indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələri yer üzündən silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetik respublika yaradılmışdır. Dövlət başçısı bir daha diqqətə çatdırdı ki, Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, Ermənistanın əsasız ərazi iddiaları var. Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir: “İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün”.
Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətlərin ortaya qoyulmalı olduğunu vurğulayaraq bildirib ki, XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrdə indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir: “Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm. Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm.”
Hazırda keçmiş İrəvan xanlığının (indiki Ermənistan Respublikası) ərazisində yaşayan ermənilərin sələflərinin, demək olar ki, hamısı vaxtilə İrandan və Türkiyədən, son dövrlərdə isə digər xarici ölkələrdən əsasən Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan köçüb gəlmə ermənilərdir. 1948-1950-ci illər deportasiyasından canını qurtarıb öz doğma yurd-yuvasını tərk etməyərək Ermənistan ərazisində qalan azərbaycanlılar isə 1988-ci ildə - Sovet İttifaqının dağılması ərəfəsində erməni silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qaldılar və tarixi torpaqlarından qovulub çıxarıldılar. Beləliklə, 1918-ci ildə Şimal Qərbi Azərbaycan torpağında keçmiş İrəvan xanlığının ərazisində özlərinə dövlət yartmağa nail olan və burada etnik azlıq təşkil edən ermənilər bundan 70 il sonra - 1988-ci ildə Ermənistanı təketnoslu ölkəyə çevirdilər. Bununla 70 il əvvəl öz Vətənində - İrəvan xanlığı ərazisində ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş azərbaycanlılar minillərlə yaşadıqları Vətənlərindən məhrum oldular! Beləliklə, bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi təqribən 2 əsr bundan əvvəl Azərbaycan torpağı, buranın aborigen əhalisi isə azərbaycanlılar olub. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı "Ermənistan Respublikası" adlanan ərazi isə Azərbaycan torpağıdır. Bu həqiqəti heç kim, heç nə dəyişə bilməz!

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024