Mobil versiya
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək
Tarix: 26-12-2022 | Saat: 13:01
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək

Məlum olduğu kimi, dekabrın 21-də ölkəmizə səfərə gələn Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyevin bu fikirləri bir daha göstərir ki, bu gün Azərbaycan Avropanın ən etibarlı enerji təchizatçısıdır və bu imkanlar get-gedə daha da böyüyəcək.   
Qeyd edək ki, Serbiya Prezidentinin ölkəmizə səfəri, aparılan danışıqlar, təbii ki, iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə verəcək. Artıq hər iki dost ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.  
Yeri gəlmişkən, dekabrın 21-də dövlət başçılarının görüşü son 3 ayda 3-cü görüş idi. İlk görüş oktyabrın 1-də Bolqarıstanda baş verdi. Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində liderlərin görüşü və Aleksandar Vuçiçin İlham Əliyevə xitabən səsləndirdiyi fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan Prezidenti yürütdüyü müstəqil siyasətlə Avropada ən arzuolunan lider və ən etibarlı tərəfdaşdır. Bu, həm də İlham Əliyevin qlobal liderliyinin Serbiya Prezidentinin timsalında məhz Avropa məkanında növbəti etiraf idi. Bir ay öncə, noyabrın 23-də isə İlham Əliyev onun liderliyinə həsəd aparan və nüfuzunu yüksək qiymətləndirən Aleksandar Vuçiçi və onun dövlətini ziyarət etdi. Liderlər arasında danışıqlar aparıldı və əlaqələrin bundan sonrakı inkişafının yol xəritəsi müəyyənləşdirildi, dövlətlər arasında daha 5 sənəd imzalandı.  
Azərbaycan-Serbiya münasibətləri son illərdə yüksələn xətlə inkişaf etməkdədir. 1997-ci il avqustun 21-də qurulan diplomatik münasibətlər ötən 25 ildə daha da şaxələndirilib. 2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycanda, 2011-ci il iyunun 8-də isə Azərbaycanın bu ölkədə səfirliyi açılıb.  
Dövlət başçıları arasında keçirilən sayca son 3 aydakı 3-cü görüşdə İlham Əliyev yüksək xətlə inkişaf edən əlaqələri dəyərləndirərkən bildirdi ki, bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb və iki dost ölkə hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, bu gün də dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. 
Prezident İlham Əliyev bildirdi ki, qarşıya qoyulan tapşırıqların hər biri uğurla icra olunacaq. Bunu şərtləndirən amil isə strateji tərəfdaşlıq münasibətləri və eyni zamanda şəxsi dostluq münasibətləridir. Məhz bu münasibətlər tezliklə ticarət dövriyyəsinin artmasına, nəqliyyat-logistika sahəsində böyük potensialdan səmərəli istifadəyə real zəmin yaradacaq. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün ən mühüm vasitədir. 
Təbii ki, energetika sektoru da əməkdaşlığın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropaya, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Bütün bunları nəzərə alan dövlət başçısı bir daha tərəflər arasında həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanların olduğunu, müvafiq danışıqların aparıldığını deyərək bildirdi ki, gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaq.
İmzalanmış sazişə əsasən Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.
Aleksandar Vuçiç ölkəmiz haqqında hər zaman olduğu kimi maraqlı fikirlər səsləndirdi: "Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olmasından xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir". Serbiya Prezidenti bəyan etdi ki, hər iki ölkə və onun liderləri bütün əməkdaşlıq formalarını müzakirə edib və mövcud dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün əllərindən gələni əsirgəməyəcəklər: "Biz birlikdə əməkdaşlığın mümkün sahələrini təhlil etdik. Sözsüz ki, bizim enerji sahəsi ilə bağlı əməkdaşlıq etməli çox məsələlərimiz var. Biz artıq özümüzün ötürücü sistemlərimizin inşası, inkişafı yollarını müzakirə etdik ki, Rumıniya və Macarıstana sualtı xətlə nəql olunacaq elektrik enerjisini əldə edək və özümüzün necə enerji benefisiarları ola biləcəyimizi nəzərdən keçirək. Biz Bolqarıstan və Şimali Makedoniya ilə birlikdə inşa etməyə hazırlaşdığımız interkonnektorlar vasitəsilə Azərbaycan qazını əldə etməyin yolları barədə müzakirə apardıq. Bütün bunlar bizim üçün vacibdir".    
Ən əsası, baş verən proseslər bir daha Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini təsdiqləyir və ölkəmizin Avropa İttifaqı üzvləri, eləcə də digər dövlətlərin enerji təchizatındakı rolu gündən-günə böyüyür. Bütün bunlar isə Azərbaycanın siyasi və iqtisadi çəkisini artırmaqla yanaşı, ölkəmizə böyük dividendlər gətirir.  

Emin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə “Azərişıq” ASC Qərb RETSİ-nin Göygöl Elektrik şəbəkəsi ərazi partiya təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024