Mobil versiya
Serbiya və Azərbaycan strateji tərəfdaşlığı
Tarix: 24-12-2022 | Saat: 16:26
Bölmə:Özəl / Ölkə | çapa göndər

Serbiya və Azərbaycan strateji tərəfdaşlığı

Cari ilin 21 dekabr tarixində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüşü baş tutmuşdur. Serbiya Prezidenti Azərbaycana dekabr ayının 20-də gəlmişdir. Onun səfəri dekabrn 21-də başa çatıb.
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçi qarşılayıb. Daha sonra birgə fotoşəkillər çəkilib.
Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etmişdir. “Şadam ki, əziz dostum mənim dəvətimi qəbul edib və bir ay keçmədən Bakıya səfər edib. Bu onu göstərir ki, əlaqələrimizin dinamikası doğrudan da çox müsbətdir. Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. Belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə bunun nəticəsi olacaq, ilk növbədə, ticarət sahəsində. Əminəm ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır.
Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır.
Onu da bildirməliyəm ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik”.
Ardınca öz növbəsində Serbiya Prezidenti Aleksandr Vuçiç bəyanatla çıxışı davam etdirmişdir. “Hər dəfə Azərbaycana gələndə, Bakını ziyarət edəndə böyük dəyişikliklərin şahidi oluram. Sizin nailiyyətlərinizə görə sevinirəm. Həm mənim nümayəndə heyətim, həm də mən özüm Azərbaycan xalqının və cənab Prezident, şəxsən Sizin səmimi dostunuzuq. Azərbaycanda gördüyümüz belə sürətli inkişafı müasir dünyada yalnız çox az yerdə görmək olar. Bəziləri deyə bilərlər ki, bu, neft və qaza görədir. Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir.”
Sonda isə Aleksandr Vuçiç prezident Ilham Əliyevə təşəkkür və səmimi arzularını səsləndirib.”Prezident Əliyev, mən Sizə dostluğa, Serbiyaya səmimi münasibətinizə görə olduqca minnətdaram. Arzu edirəm və ümidvaram ki, Siz tezliklə yenidən Serbiya Respublikasına səfər edəcəksiniz və hər hansı Avropa ölkəsinə səfəriniz zamanı daim Serbiyada dayanacaqsınız və o, Sizin həmişə məmnunluqla baş çəkəcəyiniz ikinci eviniz olacaq. Mən həmişə Bakıya gələndə həqiqətən də çox xoşbəxt oluram. Ümidvaram ki, Sizin baxışınız, bizim və xalqınızın səyləri sayəsində əməkdaşlığımız üçün yeni pəncərə açacağıq. Mən bu səfərdən həqiqətən də çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm. Bildiyiniz kimi, mən nə yerli, nə də beynəlxalq ictimaiyyət qarşısında bu cür sözləri deməkdən çəkinmirəm. Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən artıq tərifləməyi xoşlayan biri deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə tərifləmirəm. Prezident Əliyev, müstəsna qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Mən Serbiya Respublikasına münasibətdə dostluğa görə Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm. Biz gələcəkdə güclü əlaqələrimizi və güclü dostluğumuzu necə quracağımızı bilirik. Mən inanıram ki, biz bunu ən yaxşı şəkildə xalqlarımızın maraqları naminə edəcəyik. Bir daha təşəkkür edirəm”
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bir ay öncə, noyabr ayının 23-də Serbiyada səfərdə olmuşdu.

Mehriban Hüseynova Sabir qızı,
Azərbaycan Dövlət Pedaqoji Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024