Mobil versiya
Böyük Qayıdışa start verilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricisidir.
Tarix: 20-12-2022 | Saat: 11:27
Bölmə:Ölkə | çapa göndər

Böyük Qayıdışa start verilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricisidir.

Müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz böyük nailiyyətlər əldə edib, son 19 il ərzində sabitlik və dayanıqlı inkişaf təmin edilib. Dövlət siyasətində milli maraqları hər şeydən üstün tutan Azərbaycan Liderinin gördüyü işlər sayəsində respublikamız dünyanın tanınmış ölkələrindən birinə çevrilib. Ən böyük uğurumuz isə ərazi bütövlüyümüzün təmin olunmasıdır. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində azad olunub. Zəfər yürüşünün nəticəsində Azərbaycan düşməni torpaqlarından qovaraq BMT-nin qətnamələrini özü yerinə yetirməli olub. Hazırda işğaldan azad edilən torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir. Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə sərhədlərinə tam nəzarət edir. Sərhədlərimizin etibarlı qorunması üçün bütün lazımi işlər görülür. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” üçün Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” pilot layihəsinin icrasına başlanması dediklərimizin əyani sübutudur. Yenicə təməli qoyulan Zəngilan Hava Limanı bu rayonun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradacaq. İşğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması oraya qayıdacaq insanların rahat gediş-gəlişi üçün çox vacibdir.
Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolunun təməlinin qoyulması təqdirəlayiqdir. Strateji əhəmiyyət daşıyan Horadiz-Ağbənd dəmir yolunun bərpası isə Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birləşdirəcək. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malikdir. Təbii ki, bu, hər bir azərbaycanlının arzusudur. Bur bir arzu idi ki, Azərbaycan xalqının, ordusunun, Ali Baş Komandanın dərin iradəsinin sayəsində həyata keçdi. Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya, o cümlədən digər işğaldan azad olunmuş rayonlara qayıdış planları var. İşğal səbəbi ilə Azərbaycanın fərqli fərqli yerlərinə köçmüş milyonlarla azərbaycanlının öz dədə-baba yurdlarına qayıdış layihələri həyata keçirilir. Əminəm ki, öz yurdlarından didərgin düşməyə məcbur edilmiş soydaşlarımızın qayıdışı həm Azərbaycan iqtisadiyyatına töhfə vermiş olacaq, həm gücümüzə güc qatacaq, həm də bu “Böyük Qayıdış” tarixdə iz buraxacaq. Son 200 ildə Azərbaycan ancaq torpaq itirmişdi. Azərbaycan son 200 ildən sonra ilk dəfə öz torpaqlarını qaytarmağa, ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Bu, Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq dövrdür. Bir siyasi partiya rəhbəri, sadə Azərbaycan vətəndaşı kimi bu dövrü yaşamaq mənim üçün qürurvericidir.
Xalqların bir yerdə, tərəqqi yolunu seçərək inkişafından danışırıq. Düşmən tərəf isə revanşist ideyalarını gündəmə gətirmək istəyir. Biz bir daha Azərbaycanın iqtisadi potensialını, yaratmaq, qurmaq və reallığı dəyişdirmək gücünü gördük. Həmin qüdrətin nəticəsidir ki, qısa müddət ərzində bu qədər işlər görüldü. Bunlar hamısı onu göstərir ki, imkanımız da, qüdrətimiz də, gücümüz də var, inamımız da yüksəkdir. Heç bir şərr qüvvə bunu sındıra bilməz. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Bu qələbəni xalqımıza yaşadan, ərazi bütövlüyümüzü bərpa edən cənab Prezident İlham Əliyevin Qarabağın yenidən qurulması ilə bağlı planları böyükdür. Artıq Şuşa məsələsində xalqımız gördü ki, Prezident azad olunmuş torpaqların yenidən qurulmasına necə dərin həssaslıqla yanaşır. Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş bütün ərazilərimiz ən qısa zamanda, ən yüksək keyfiyyət və həyat standartları çərçivəsində yenidən qurulacaq və Qarabağ bölgəsinin əvvəlki şöhrəti özünə qayıdacaq. Bu qüruru bizə yaşatdığına görə Azərbaycan Ordusuna, Silahlı Qüvvələrin Ali Baş Komandanına təşəkkür edirik. Məhz Azərbaycan xalqının birliyinə, həmrəyliyinə görə biz bu gün “Böyük Qayıdış”ın qürurunu yaşayırıq.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024