Mobil versiya
Erməni təbliğatının yalanları
Tarix: 16-12-2022 | Saat: 21:22
Bölmə:Ölkə | çapa göndər

Erməni təbliğatının yalanları

Ermənistan rəhbərliyinin yalanları ifşa olunmaqdadır. Maraqlısı bundadır ki, ermənilərin yalanları o qədər gülünc və absurddur ki, artıq bəzi ermənilər və Ermənistana yaxınlığı ilə seçilən jurnalistlər və bloqgerlər də İrəvanın apardığı gülünc siyasəti ifşa etməkdədirlər.
Ermənistan və ermənilik milli ideologiyasına xidmət edənlər 200 ildir, olmazın yalanlar danışırlar. Havadarları və himayədarlarına arxayın olaraq cəfəngiyat danışmaqdan yorulmayan ermənilər başa düşmürlər ki, artıq dövran başqadır. İndi, informasiya cəmiyyəti dövründə, elmi – texniki tərəqqinin pik həddə çatdığı bir vaxtda yalan və çirkab dolu informasiya siyasətinə düzəlişlər etmək lazımdır.
Sentyabrın 27-si Azərbaycan və Ermənistan arasında işğal altındakı torpaqlarda müharibənin başlanmasından sonra Ermənistan yalan maşını gah F-16 qırıcısının guya Ermənistan sərhədini keçərək hərbi hava qüvvələrinin helikopterini vurmasını, gah da Azərbaycan silahlı qüvvələrinin guya Ermənistan ərazisinə raket zərbələri endirməsindən danışırdı.
Azərbaycana qarşı apardıqları çirkin kampaniyalardan biri də guya hərbçilərimizin ermənilərə qarşı ikinci soyqırımı törətdikləri, Qarabağda dinc erməni əhalisini bombardman etmələri ilə bağlı idi. Heç bir fakta söykənməyən bu məlumatları yayaraq, Ermənistan döyüşlərdəki məğlubiyyətini kompensasiya etmək, Azərbaycana qarşı beynəlxalq koalisiyanın formalaşmasına cəhd edirdi. Lakin kosmik əsrdə yaşadığımız bir dövrdə dünyanın aparıcı dövlətləri Cənubi Qafqazda əsl aqressorun və terrorçunun kim olmasını çox yaxşı bilir.
Bu arada, biz növbəti dəfə dünyanın ayrı-ayrı ölkələrinin dördüncü hakimiyyətlərinin nümayəndələrinin Ermənistanı ifşa etmələrinin şahidi olmaqdayıq.
Son illər Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği işində müsbət, titanik irəliləyişlər qeydə alındığını deyən Q.Əliyevin sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində bu sahədə yaranmış fəsadlar indi aradan qaldırılır: “1990-cı illərin əvvəllərində, daha dəqiq desək, 1991-92-ci illərdə Azərbaycan ictimaiyyətinin başı daxili problemlərə qarışmışdı. Milli birlik yox idi. Hakimiyyətin isə başı iqtidar davasına qarışmışdı. Bunun əksinə erməni ideolji maşını dünyada işləyirdi. Lakin 1993-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün digər istiqamətlərdə olduğu kimi, bu sahədə də dönüş yarada bilmişdi. Sevindirici haldır ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, məkrli erməni siyasətinin əsl üzünün açılması yönündə addımlar atmaq, böyük işlər görmək ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də fəaliyyətində prioritet istiqamətlərdəndir. Azərbaycan inkişaf etdikcə, dünyadakı mövqeləri daha da möhkəmlənir, Azərbaycan öz həqiqətlərini daha inamlı qoruya bilir və qəbul etdirir. Tam səmimiyyətimlə deyə bilərəm ki, bu gün artıq Azərbaycanın apardığı ideoloji iş erməni təbliğatını üstələyir.
Baş verənlər barədə əsl həqiqətlərə önəm verməyə başlayan müxtəlif ölkələrin parlamentlərinin, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar da Ermənistanın təcavüzkar siyasətinin ifşasına yol açıb. Xüsusən Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən qətnamələr həm də dünya erməniliyinə və yalançı erməni təbliğatına güclü zərbə vurub. Görünən odur ki, Prezident İlham Əliyevin başlatdığı hücum diplomatiyası nəticəsində artıq dünyadakı erməni mifi dağılmağa başlayıb və saxta erməni təbliğatı iflasa uğrayır. Uğurla davam edən bu tendensiya qondarma erməni soyqırımını təbliğ edən ermənilərin niyyətlərini, planlarını da alt-üst edib. İndiyədək danışıqlar prosesinin bütün mərhələləri də yalnız və yalnız Azərbaycanın diplomatik uğurları ilə müşayiət olunub. Əslində, Ermənistanın danışıqlar prosesini iflic halına salması da Azərbaycanın təzyiqi ilə dalana dirənməsidir və özünü ifşa etməsidir.
Prezident İlham Əliyev hər bir beynəlxalq tədbir çərçivəsində Ermənistanın əsl mahiyyətini faktlarla ifşa edir, bu ölkənin terrorizmi dəstəklədiyini, terrorçuları isə qəhrəmanlaşdırdığını faktlarla sübuta yetirir. Bu baxımdan Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında son sammiti ölkəmiz üçün yalnız Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafda olmasının təsdiqi kimi yadda qalmadı.
Ermənistan uzun müddət təbliğat apardı ki, Azərbaycanda saxlanılan hərbçilərinə işgəncə verilir, onlarla qeyri insani rəftar edilir. Ayrı-ayrı xarici təşkilatlar, müxtəlif ölkələrin rəsmi şəxsləri erməni iddialarına dəstək verir, onların qaytarılması tələbi ilə çıxış edir, Azərbaycana qarşı aparılan kampaniyaya dəstəklərini ifadə edirdilər. Ancaq Azərbaycanın növbəti humanist addımı bu erməni yalanlarının növbəti ifşası oldu, həm də onlara dəstək verənlərin bütün cəhdlərinin əbəs yerə olduğunu göstərdi. Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi, beynəlxalq hüquqla müəyyən edilmiş bütün norma və prinsiplərə dönmədən əməl etməsi həm də müharibə vaxtı ölmüş erməni hərbçilərinin meyitlərinin axtarıb tapılması və geri qaytarılmasında da özünü aydın göstərir. Artıq 1600-dən artıq meyit Ermənistana təhvil verilib. Lakin Ermənistan hələ də Birinci Qarabağ müharibəsində əsir, girov götürülmüş və taleyi məlum olmayan 4 mindən artıq azərbaycanlı haqqında heç bir məlumat vermir. Lakin Ermənistanın yalanlarını müdafiə edən xarici dairələr bu məsələni nə gündəmə gətirir, nə də Ermənistan qarşısında tələb qoymurlar.

Hüseynli Billurə,
Nəsimi rayon sakini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024