Mobil versiya
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır .
Tarix: 15-12-2022 | Saat: 13:40
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır .

İllərdir ölkəmizə qarşı nümayiş etdirilən ədalətsiz mövqe, haqlı ilə haqsıza bərabər yanaşma kimi çirkin ikiüzlü siyasi münasibətlər torpaqlarımızın uzun illər düşmən tapdağında qalmasına rəvac verdi. Lakin dəmir siyasi iradə, dövlət-xalq həmrəyliyi, Prezidentə inam və orduya mənəvi dəstək 44 günlük Vətən müharibəsinin mütləq şəkildə qələbəmizlə yekunlaşmasını təmin etmiş oldu. Otuz ilə yaxın davam edən işğala son qoyuldu, vətən torpaqları işğaldan azad edilərək tarixi ədalət bərpa olundu.
Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etməklə, BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində tətbiqini gözləyən, tozlanmış məlum qətnamələrinin icrasını reallığa çevirdi. Xalqımızın şərəf, qürur və heysiyyatını alçaltmağa çalışan mənfur düşmən layiq olduğu cavabı artıqlaması ilə aldı, ədalət zəfər çaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə vətən, millət və bayraq sevgisi ilə böyüyən yeni nəsil, döyüşçü ruhlu, rəşadətli Azərbaycan Ordusu düşmən üzərinə şığıyaraq haqqı olanı geri aldı, illərlə düşmən tapdağında inildəyən vətən torpaqlarını canı və qanı bahasına işğaldan azad etdi. Prezident İlham Əliyev həm müdrik siyasi lider, həm də dəmir iradəli Ali Baş Komandan kimi ona qarşı yönələn hədsiz təhdid və ağır təzyiqlərə rəğmən, bütün çətinliklərə sinə gərərək icra etdiyi missiyanı uğurla başa vurdu, ata vəsiyyətini yerinə yetirdi.Azərbaycan Ordusunun önündə aciz duruma düşən qarı düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Şanlı qələbə yürüşümüzün əsas hədəfi, yekun mərhələsi olan qədim yurd yerimiz, Qarabağın tacı Şuşa şəhərinin işğalçılardan azad olunduğu gün isə xalqımızın qüdrətinin və milli qürurunun təntənəsi olaraq – 8 Noyabr Zəfər Günü kimi əbədi tarixə düşdü.
Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Regionda yeni əməkdaşlıq imkanlarına yol açacaq yeni reallıqlar yarandı. Bu reallıqları isə Azərbaycan, onun Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev formalaşdırdı.
Bu gün post-münaqişə dövründə dövlətimizin qarşısında duran ən başlıca məqsəd, dinc mühitə və tərəqqiyə əsaslanan, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini sürətli şəkildə həyata keçirmək, bölgənin iqtisadi inkişafına nail olmaq, ən yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri dönməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsindən 2 milyard manat sərf edilmiş, gələn ilin dövlət büdcəsindən isə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bunun real nəticəsidir ki, müharibənin bitməsindən cəmi bir il keçməsinə baxmayaraq azad olunmuş ərazilərdə köklü şəkildə bərpa və quruculuq işləri həyata keçirilmiş, yeni yollar salınmış, kommunikasiya xətləri çəkilmiş, həyati əhəmiyyətli inzibati infrastruktur obyektləri tikilmiş, bir sözlə bölgəyə yeni həyat, yeni nəfəs gəlmişdir. Hal-hazırda bölgənin gələcək inkişafını və ən müasir şəkildə təşkilini nəzərdə tutan bir sıra əhəmiyyətli layihələrin icrası davam etdirilməkdədir.

Belə ki, 2021-ci ildə açılışı olan Füzuli Beynəlxalq Hava Limanı, aprel ayında təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı və gələcəkdə inşası nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanı bölgənin beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün yeni və geniş imkanlar açır.
Eyni zamanda cari ilin oktyabrın 26-da, Prezident İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanılmışdır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki ümumi uzunluğu 124 kilometr olan bu yol Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Həmçinin strateji əhəmiyyətə malik avtomobil yolu ilə yanaşı inşası nəzərdə tutulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti də əhəmiyyətli hadisədir. Bu dəmir yolu istər Azərbaycan, istərsə də region ölkələri üçün böyük strateji önəm daşıyır.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün strateji xətt, həyata keçirilən sistematik siyasi-iqtisadi kurs sayəsində işğalçı Ermənistan bütün mühüm beynəlxalq əhəmiyyətə malik regional layihələrdən kənarda qalmışdır.
Bütün bunlara rəğmən münaqişə artıq keçmişdə qalmış, ölkəmiz öz ərazi bütövlüyün təmin etmiş və yeni bir dövr – sülh, əməkdaşlıq və inkişaf üçün dəyərli fürsət dövrü başlamışdır. Bu səbəbdən qeyri konstruktiv mövqeyi səbəbindən bütün regional layihələrdən təcrid olunmuş və hələ də onun ağrı-acısını çəkən Ermənistan höküməti yaranmış bu fürsəti maksimal dərəcə dəyərləndirməli, qonşu ölkələrə qarşı ərazi iddialarından imtina etməlidir. Post-münaqişə dövründə əsas məqsəd də məhz kommunikasiya əlaqələrinin qurulması və bölgədə davamlı sülhü təmin edəcək dövlət sərhədlərinin delimitasiya və demarkasiya proseslərinin başlanılması və iki ölkə arasında iqtisadi münasibətlərin bərpa edilməsi olmalıdır. Yalnız bundan sonra qonşu ölkələrin ərazi bütövlüyünün tanınması və ölkəmizlə imzalanacaq sülh müqaviləsini əldə etməklə inkişafa nail olmaq mümkündür.
Ermənistandan fərqli olaraq, ölkəmiz hər zaman üzərinə götürdüyü bütün öhdəliklərin, o cümlədən kommunikasiya əlaqələrinin açılması ilə bağlı razılaşmaların yerinə yetirilməsinə sadiqliyini vurğulamışdır. Bölgədə qalıcı sülh və sabitliyin bərqərar olmasına, beynəlxalq hüququn ali prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında yeni əməkdaşlıq formatları çərçivəsində münasibətlərin normallaşdırılmasına tərəfdardır. Bu baxımdan Zəngəzur dəhlizi uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir.
Eyni zamanda bu proses dünyada yük daşımalarının həcminin artdığı bir dövrdə, Xəzər dənizində su nəqliyyatının inkişafında da böyük rol oynayacaqdır. Belə ki, bu dəhlizin Avropa və Asiya ölkələri arasında qitələrarası yeni alternativ nəqliyyat şəbəkəsinin formalaşmasında əhəmiyyəti olduqca yüksəkdir. Bu baxımdan Zəngəzur dəhlizi Uzaq Çin və Qərb dünyası arasında yeni nəqliyyat yolu kimi yükdaşımaların fasiləsiz və səmərəli şəkildə daşınmasında önəmli ticarət marşrutu kimi də çıxış edərək Azərbaycana və bütün iştirakçı ölkələrə yeni dividentlər qazandıracaqdır. Beləliklə yaradılacaq yeni nəqliyyat-kommunikasiya infrastrukturu yük daşımalarının artımına xidmət etməklə regional və dünya miqyasında iştirakçı, tərəfdaş ölkələrə iqtisadi cəhətdən yüksək fayda verəcəkdir, eyni zamanda iqtisadi inkişafın və beynəlxalq ticarətin stimullaşdırılmasında da böyük rola malik olacaqdır.
Zəngəzur dəhlizi otuz ilə yaxın çətin blokada şəraitində yaşamasına rəğmən öz inkişaf yolunu uğurla qət etmiş Naxçıvan Muxtar Respublikasının da Azərbaycanın əsas ərazisi ilə çıxışını təmin etmiş olacaqdır. Dəhliz eyni zamanda Naxçıvan Muxtar Respublikası vasitəsilə qardaş ölkə Türkiyə Cümhuriyyəti ilə əlaqələri də möhkəmləndirəcək və bu əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcəkdir. Beləliklə qardaş ölkələr uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə qovuşacaqlar. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla dünyada ciddi böyük potensiala və gücə malik Türkiyə arasında olan bu birlik Cənubi Qafqazda sülhə, sabitliyə və əməkdaşlığın bərpa olunmasında müsbət dəyişikliklərə töhfə verəcəkdir. Bu baxımdan Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ümumilikdə türk dünyasının coğrafi baxımından birləşməsi deməkdir.
Bu təkcə coğrafi və siyasi anlamda deyil, həmçinin böyük iqtisadi gücə malik və nominal ümumi daxili məhsulu 1,1 trilyon dollardan çox olan türkdilli dövlətlərin strateji və iqtisadi cəhətdən birləşməsi də deməkdir. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızstan 8,5 milyard dollar nominal ÜDM-ə malik ölkələrdir. Bu isə Zəngəzur dəhlizinin kifayət qədər yüksək iqtisadi potensiala və təbii resurslara malik olan böyük və geniş coğrafi ərazidə birləşdirən önəmli nəqliyyat infarsturukturu olduğunun bariz sübutudur.

İskəndərli Zəhra,
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024