Mobil versiya
Aqşin Mürsəlov: “Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi”
Tarix: 12-12-2022 | Saat: 08:30
Bölmə:Ölkə | çapa göndər

Aqşin Mürsəlov: “Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi”

“Hər zaman olduğu kimi, bu il də dekabr ayının 12-də bütün dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini sonsuz ehtiramla anırlar. Məlumdur ki, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə Heydər Əliyev İli elan olunub. Qeyd olunmalıdır ki, bu qərar Azərbaycan xalqının iradəsinin ifadəsi və öz xilaskar oğluna olan sevgisinin bariz təcəssümüdür. 1993-cü ilin keşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini və dövlətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, bugünkü möhtəşəm uğurlarımızın əsas təminatçısı kimi çıxış edən xalq-dövlət birliyi yarandı.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlov deyib.

Müsahibimiz qeyd edib ki, müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Həmçinin A.Mürsəlov Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşdığını vurğulayıb: “Hələ sovetlər dönəmində ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. Ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, dəryada batan gəmini xatırladan idmanımız taleyin ümidinə buraxılmışdı. Həmin illərdə idman sahəsində yaranmış vəziyyətə münasibət bildirərkən Heydər Əliyev demişdir: “... 1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi.” Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi.”

Daha sonra A.Mürsəlov fikirlərini davam etdirərək bunları deyib: “Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev Prezident seçildikdən sonra da idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.”

Sonda müsahibimiz bu gün də Azərbaycanda Heydər Əliyev siyasi kursunun uğurla davam etdiyini vurğulayaraq bunları deyib: “Ulu öndər Heydər Əliyevin siyasi xətti, ümummilli liderimizin müəllifi və təşəbbüskarı olduğu islahatlar kursu bu gün də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Son iki ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb. Eyni zamanda da Azərbaycan vətəndaşının rifahı daim prioritetdə saxlanılıb. Qeyd etmək lazımdır ki, möhtərəm dövlət başçımız tərəfindən həyata keçirilən bu islahatlar Azərbaycan cəmiyyətində birlik və həmrəyliyin formalaşması və bu əsasla Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz üçün möhkəm zəmin yaradılması baxımından müstəsna rol oynayıb. Azərbaycan xalqı, Azərbaycan ordusu 2020-ci ildə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşərək işğalçı erməni ordusunu darmadağın etdi və bununla da ölkənin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bundan sonra Azərbaycan ulu öndər Heydər Əliyevin ideyalarının sönməz işığında əbədi olaraq müstəqil və qalib ölkə kimi yaşayacaq”, - deyə Aqşin Mürsəlov vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024