Mobil versiya
Səfər İsmayılov : “Azərbaycanın bu gün əldə etdiyi bütün tarixi qələbələr, böyük uğurlar da məhz Heydər Əliyev siyasi kursunun uğurlu davamının nəticəsidir”
Tarix: 06-12-2022 | Saat: 09:00
Bölmə:Ölkə / Özəl | çapa göndər

Səfər İsmayılov : “Azərbaycanın bu gün əldə etdiyi bütün tarixi qələbələr, böyük uğurlar da məhz Heydər Əliyev siyasi kursunun uğurlu davamının nəticəsidir”

“ Azərbaycan xalqının ümummilli lideri, görkəmli tarixi şəxsiyyət Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra respublikamızın həyatında əsaslı dönüş yarandı. O dövrə qədər Sovet İttifaqının geridə qalmış, aqrar respublikası olan Azərbaycan qısa müddət ərzində sürətlə inkişaf edən sənaye respublikasına çevrildi. Həmin illərdə Azərbaycanda xüsusilə müasir, yüksək texnoloji istehsal proseslərinin tətbiq olunduğu müəssisələrin sayı artmağa başladı. Sənayenin inkişafı ilə həm də respublikanın İttifaq miqyasında tanınmasına, milli mədəniyyətin daha şəbəkəli səviyyədə təbliğinə şərait yarandı. Bakının ittifaq miqyasında ən iri şəhərlərdən birinə çevrilməsi də həmin illərə təsadüf edir. Bakıda metro tikintisi başa çatdı, yeni ali təhsil ocaqları fəaliyyətə başladı. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına əsaslanan siyasi kursu Azərbaycanın müttəfiq respublika kimi inkişafında önəmli rol oynadı.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Lənkəran rayon 1 saylı notariat ofisinin rəhbəri, xüsusi notarius Səfər İsmayılov deyib.

Müsahibimiz ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişinin birbaşa xilaskarlıq missiyası olduğunu qeyd edib: “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi artıq müstəqillik dövründə, amma daha dəqiq desək, bu müstəqilliyin az qala itirilməsi ərəfəsində baş verdi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycanın müstəqilliyi bərpa olundu. Lakin bir tərəfdən ölkədə formalaşmış separatçılıq meyilləri və bu zəmində yetişməkdə olan vətəndaş qarşıdurması, digər tərəfdən erməni işğalı Azərbaycanda dövlətçiliyin itirilməsi təhlükəsini bir reallıq olaraq ortaya çıxarmışdı. Xarici qüvvələrin Azərbaycanı xırda marionet dövlətlərə parçalamaq və dünya xəritəsindən birdəfəlik silmək planları həyata keçmək üzrə idi. Belə bir təhlükəli və mürəkkəb məqamda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Ümummilli lider xalqın səsinə səs verdi və bununla da Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən qurtaracaq xilaskarlıq missiyasını öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ümummilli lider Heydər Əliyev xalqımızın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı.”

Daha sonra Səfər İsmayılov Azərbaycanın bugünkü uğurlarının əsasında da məhz Heydər Əliyev siyasi kursunun durduğunu vurğulayaraq bunları deyib: “Ulu öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası və siyasi kursu bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunmalıdır ki, möhtərəm dövlət başçımızın müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə Heydər Əliyev İli elan olunması da bütün Azərbaycan xalqının iradəsinin ifadəsidir. Çünki xalqımız bilir ki, Azərbaycanın bu gün əldə etdiyi bütün tarixi qələbələr, böyük uğurlar da məhz Heydər Əliyev siyasi kursunun uğurlu davamının nəticələridir. Əlbəttə ki, bu nailiyyətlərdən ən vacibi budur ki, bu gün Azərbaycan artıq özünü dünyaya torpaqlarını işğaldan azad etmiş qalib ölkə olaraq təqdim edib. 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdu. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu, BMT-nin 30 il kağız üzərində qalan Qətnamələrin icrası təmin edildi. Artıq neçə müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti kimi çıxış edən Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində önəmli rol oynayır. Azərbaycan Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısıdır. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsidir. Bütün bunlar bir daha göstərir ki, ölkəmizin hərtərəfli inkişafı üçün Ulu Öndər Heydər Əliyevin hazırladığı və dövlətimizin başçısı, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlər bu gün də müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edir və bu, uzun illər bundan sonra da davam edəcək”, - deyə
Səfər İsmayılov müsahibəsini bitirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024