Mobil versiya
Laçın rayonu su ehtiyatları baxımından çox zəngindir
Tarix: 29-11-2022 | Saat: 11:13
Bölmə:Ölkə | çapa göndər

Laçın rayonu  su ehtiyatları baxımından çox zəngindir

Məlum olduğu kimi, Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının bəndlərinə əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bununla da strateji əhəmiyyətə malik Laçın rayonu 28 ildən sonra nəhayət öz gərçək sahiblərinə qaytarıldı. Üstəlik də bir güllə atmadan, bir itki vermədən. Laçının Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də yerinə yetirilmiş oldu və tarixə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adı ilə düşmüş mürəkkəb bir qarşıdurma başa çatdı. Ölkə başçısının da dediyi kimi “Dağlıq Qarabağ münaqişəsi” termini artıq arxada qalıb. Bundan sonra bu termindən sadəcə tarix haqqında danışanda istifadə etmək olar.

Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 01 dekabr tarixində xalqa müraciət etdi. Çıxışı zamanı dövlətimizin başçısı Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu vurğuladı və bu münasibətlə bütün Azərbaycan xalqını və o cümlədən laçınlıları təbrik etdi. Ölkə başçısı bildirdi ki, Laçın Azərbaycanın ən böyük rayonlarından biridir və Laçının Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. Laçın rayonunun təbii sərvətləri- meşə massivi və çay mənbələri haqqında da geniş məlumat verən ölkə başçısı bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialının, kənd təsərrüfatının, turizm potensialının çox böyük olduğunu vurğuladı.

Qeyd edək ki, indi Laçın rayonunun yeni inkişaf dövrü başlayıb. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasının işə salınması bu istiqamətdə yerinə yetirilən ən uğurlu addımlardan hesab olunur. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Həmçinin, rayonun yol-nəqliyyat infrastrukturu ilə bağlı da böyük layihələr reallaşdırılır. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın hava limanı logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək, bölgənin inkişafında önəmli rol oynayacaqdır.

Xüsusilə qeyd edək ki, Laçın və digər rayonların içməli suya olan tələbatı da nəzərdə saxlanılır. Bunun üçün Həkəri çayından istifadə ediləcək. Dövlət başçısı Laçın rayonuna səfərində Həkəri çay Su Anbarının layihəsi ilə tanış olub. Başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. Həkəridə tutumu təxminən 90 milyon kubmetr olan su anbarı tikməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür. Artıq bu sahədə müvafiq tədqiqatlar aparılıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir.

Yaşar Məhərrəmov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Sukanal sahəsi ərazi partiya təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024