Mobil versiya
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirib 
Tarix: 25-11-2022 | Saat: 11:10
Bölmə:Ölkə | çapa göndər

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanı  regionun ən qüdrətli dövlətinə çevirib 

Məlum olduğu kimi, bu gün ölkəmiz dünyada Qafqazın lideri, torpaqlarını güc yolu ilə azad edən qalib dövlət, özünün müstəqil və qətiyyətli siyasəti olan, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilən ölkə kimi tanınır. Bu gün tariximizin qürurverici dönəmindən ötən dövrə nəzər salanda Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra hansı ağır dövrlərdən, çətin maneələrdən keçdiyini daha aydın görürük. Bir daha qətiləşdiririk ki, əgər Ümummilli Lider Heydər Əliyev olmasaydı, Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası siyasi arenaya daxil olmasaydı, Ulu Öndər 1993-cü ilin ağır günlərində hakimiyyət sükanının arxasına keçməsəydi, bugünkü güclü Azərbaycan barəsində qürurla bəhs edə bilməzdik.
Xüsusulə qeyd etməliyik ki, tarixi elə müstəqil Azərbaycanın tarixi ilə bərabər olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxışı zamanı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bu mühüm məqamlar üzərində xüsusilə dayandı. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə müraciət edib, Onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha ciddi təhlükələrlə qarşı-qarşıya qala bilərdi: “Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi”.
Müstəqilliyimizin qorunması, dövlətçiliyimizin yaşadılması üçün ziyalıların Ümummilli Lider Heydər Əliyevə müraciət etmələri təsadüfi deyildi. Çünki Ulu Öndər Heydər Əliyev istər Azərbaycana birinci rəhbərliyi zamanı, istərsə də SSRİ rəhbərliyində təmsil olunduğu illərdə ölkəmizin inkişafı üçün əlindən gələni etmişdi. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan o dövrdə tarixinin ən böyük iqtisadi yüksəlişinə nail olmuşdu. Buna görə də 1993-cü ilin ağır günlərində məhz Ulu Öndərin sayəsində Azərbaycan bütün təhlükələrdən xilas olaraq bugünkü uğurlara doğru istiqamət aldı.
1993–2003-cü illərdə Ulu Öndər Heydər Əliyev ölkəmizin rəhbəri kimi müasir dövlətçiliyimizin əsaslarını yaratdı, hüquqi dövlət quruculuğunu reallaşdırdı, mütərəqqi islahatlar yolu ilə Azərbaycanı inkişaf yoluna çıxardı, dünya birliyinin ehtiram olunan üzvünə çevirdi. 
2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə gedilən möhtəşəm inkişaf yolu müstəqillik tariximizin mühüm mərhələsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin siyasi xətti davam və inkişaf etdirilərək güclü Azərbaycan dövləti quruldu: “Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır”.
Əvvəldə qeyd olunduğu kimi, Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövləti bu gün regionda söz sahibi olan dövlətdir. Ölkəmiz həm də qlobal enerji təhlükəsizliyində aparıcı rol oynayır. Bu mənada Azərbaycan regionda öz sözünü deməklə yanaşı, qlobal miqyasda da ehtiramla qəbul olunan, prinsipial mövqeyi olan ölkədir.
Ən nəhayət, Ulu Öndər Heydər Əliyevlə başlanan, Prezident İlham Əliyevlə davam etdirilən inkişaf siyasətinin mərkəzində dayanan əsas məsələlərdən biri torpaqlarımızın işğaldan azad edilməsi idi. Düzgün və qətiyyətli siyasət, Azərbaycanın yüksəlişi, beynəlxalq mövqelərini daha da möhkəmləndirməsi nəticə etibarilə torpaqlarımızın da işğaldan azad olunmasını təmin etdi. Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın tarixinin ən qüdrətli dövləti olmasının əyani təsdiqidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, dövlətimiz Ulu Öndərin etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Bütün bunlar bir daha təsdiq edir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirib.

Vüqar Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024