Mobil versiya
Kəlbəcəri dünyanın turist mərkəzinə çevirəcəyik
Tarix: 21-11-2022 | Saat: 17:21
Bölmə:Ölkə | çapa göndər

Kəlbəcəri dünyanın turist mərkəzinə çevirəcəyik

Kimin ilk dəfə söylədiyini bilmirəm, amma çox gözəl deyimdir. Doğrudan da öz təbii gözəlliyi, əsrarəngiz mənzərələri ilə insanı valeh edən Kəlbəcərə Tanrı bütün gözəlliklıəri verib. Uca dağlar qoynunda yerləşən bu diyar mərdlər, igidlər oylağı olub həmişə. Saz, söz adamları olan kəlbəcərlilər dürüstlük, səmimilik daşıyıcıları olublar. Həm də bu yurd mərd oğulları ilə tanınıb.
Təəsssüf ki, sovetlər birliyinin dağılmasından sonra mənfur və qaniçən qonşuların illər uzunu yeritdiyi məkrli siyasət bu gözəl diyardan da yan keçmədi. Müstəqilliyimizin kövrək, dövlətçiliyin zəif vaxtında amansız düşmən havadarlarının köməyi ilə Kəlbəcəri işğal etdi. Kəlbəcərin, eləcə də hər bir rayonun işğalını böyük faciə adlandıran cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, “1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Çünki Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. Kəlbəcərin işğalı nəticəsində onminlərlə soydaşımız məcburi köçkünə çevrilmişdi”.
İllərdir torpaqlarımızı işğal altında  saxlayan erməni vandallarının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalından bir neçə gün sonra, 1993-cü il aprelin 30-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.
Lakin ötən 27 il ərzində Ermənistan bu qətnamənin tələblərini yerinə yetirməyib. Qətnamənin icrasız qalmasının əsas səbəbi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesi zamanı işğalçıdan bunu tələb etməmələri, həm də onu himayə etməsi olub. Lakin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu.
Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri, məktəbləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.
Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bu baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür.Unitazını belə götürb qucağında tərk edən erməni illərlə yaşadığı, barını bəhrəsini gördüyü torpağa da qənim kəsildi. Meşələr yandırıldı təbiət amansız istismara düçar edildi. Çünki bu torpaqlar onların deyildi.
Müzəffər Ali baş Komandan çıxışlarının birində qeyd etdi ki, “Kəlbəcərdə mənfur düşmən digər cinayət də törədib, qanunsuz məskunlaşma aparıb. Həm Ermənistan ərazisindən qanunsuz yollarla orada insanlar məskunlaşıb, həm də xarici ölkələrdən. Bu isə hərbi cinayətdir və Cenevrə Konvensiyasına görə hərbi cinayət sayılır. Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan.
Biz isə qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi - Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək”. 
Bəli, azərbaycan xalqı ermənilərdən fərqli olaraq qurub yaratmağı, cansız təbiətə belə can verməyi sevir. Bu sevgiylə Vətən məhəbbəti, qurub yaratmaq əzmi də qayıdıb Kəlbəcərə. Qayıtmışıq ki yeni kəndlər, şəhərlər salaq, Kəlbəcəri dünyanın turist mərkəzlərindən birinə çevirək. Azrəbaycan adlı üzüyün qaşı olan Kəlbəcər indi azad günlərini yaşayır və onun uğrunda şəhid olan övladları ilə fəxr edir!

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024