Mobil versiya
AĞDAMIN AZAD OLUNMASINDAN İKİ İL ÖTÜR
Tarix: 20-11-2022 | Saat: 09:55
Bölmə:Ölkə / Özəl | çapa göndər

AĞDAMIN AZAD OLUNMASINDAN İKİ İL ÖTÜR

Bu gün Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən iki il ötür.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.
Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.
Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub.
Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Çünki ordumuz bu istiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi. Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Buna baxmayaraq, düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləyib. Amma Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb.
Nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Həmin ilin noyabrın 23-də Cənab Prezident İlham Əliyev və Birinci Vitse Prezident birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb.

Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. Ötən müddət ərzində Cənab Prezident İlham Əliyev və Birinci Vitse Prezident xanım Mehriban Əliyeva dəfələrlə Ağdamda səfərdə olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.


Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024