Mobil versiya
Cənab Prezident İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə dünyaya vacib mesajlar verdi
Tarix: 18-11-2022 | Saat: 09:21
Bölmə:Ölkə / Özəl | çapa göndər

Cənab Prezident İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə dünyaya vacib mesajlar verdi

Cənab Prezident İlham Əliyev Səmərqənddə keçirdiyi ikitərəfli görüşlər və Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışı ilə yeni bir tarix yazdı. Dövlətimizin başçısının çıxışı üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yeni səviyyəyə yüksəldiyini bilmək və qarşıda dayanan hədəfləri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Birincisi, çıxışda Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olması vurğulandı. İkincisi, bir daha elan edildi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu yol 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayıb. Dövlət rəhbəri böyük iqtisadi potensiala, enerji ehtiyatlarına, nəqliyyat yollarına, müasir hərbi imkanlara malik olan 200 milyonluq türk dünyasının problemlərini və onların həlli üçün səylərin birləşdirilməsinin, əməkdaşlığı genişləndirməyin vacibliyini söylədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin zirvə görüşündəki çıxışı bilavasitə türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə və dünyanın hər bir guşəsində yaşayan türkdilli xalqların hüquqlarının qorunmasına istiqamətlənmişdir. Çünki bu xalqların sayı 200 milyondan çoxdur. Onları eyni köklər, mədəniyyətlər və tarix birləşdirir. Onların birliyi, eyni mövqedən çıxış etmələri təhlükəsizliklərinin təmin edilməsi üçün vacibdir. Səmərqənddəki çıxışı zamanı Prezidentimiz bir daha xatırladıb ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.
Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Dövlət rəhbəri bu fikirləri söyləyərkən bilavasitə Azərbaycanın hüdudlarından kənarda yaşayan 40 milyondan çox azərbaycanlının əksəriyyətinin hüquqlarının pozulmasını nəzərə çatdırır və bu insanların gələcək taleyi haqqında düşünməyin vacibliyini bildirir. Harada yaşamalarından asılı olmayaraq Azərbaycanı sevən, azərbaycançılıq uğrunda mübarizə aparan soydaşlarımızın hüquqlarının qorunması, birliyinin təmin edilməsi və dünya ölkələrində məskunlaşan türkdilli  xalqların birgə platformasının yaradılması bu günümüzün reallığı, zamanın tələbidir. Başda Türkiyə və Azərbaycan olmaqla Türk Dövlətləri Təşkilatının timsalında artıq bu tələb həyata keçirilməkdədir. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı ərazi bütövlüyümüzün bərpası məsələsində hər zaman ölkəmizə mənəvi və siyasi dəstək olub. Vətən müharibəsinin ilk günlərində təşkilatın yaydığı bəyanatda münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi qeyd edildi. Təşkilat müharibənin əvvəlindən sonunadək Azərbaycanın yanında oldu. Bütün bunlar göstərdi ki, Azərbaycanın şanlı Qələbəsi bütün türk dünyasının Zəfəridir. Azərbaycanın və Türkiyənin bir-birinə dəstəyi digər türk ölkələrinə bir mesaj oldu.


Azərbaycan Prezidenti cənab İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı türk birliyinin vacibliyini qeyd edərək, Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətini və Zəngəzur dəhlizinin türk dünyası üçün önəmini xüsusi vurğulayıb. Hazırda Türkiyə Qarabağın dirçəlişi prosesində fəal iştirak edir. Bundan başqa, Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaq. Bu da qardaşlıq nümunəsidir. Bu baxımdan, düşünürəm ki, türk dövlətləri işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaqlar. Cənab Prezident İlham Əliyev Səmərqənddəki tarixi əhəmiyyətli çıxışında dünya türklərinin, o cümlədən bütün azərbaycanlıların arzu və istəklərini ifadə etdi. Ən başlıcası, xarici ölkələrdə yaşayan 40 milyonluq azərbaycanlının hüquqlarının qorunmasını Türk Dövlətləri Təşkilatının başlıca hədəfləri kimi göstərərək böyük bir tarix yaratdı. Hədəf düzgün və aydındır. Müqəddəs bir yolun başlanğıcındayıq. Bu yolun da uğurla başa çatacağına inanırıq.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024