Mobil versiya
Türk birliyinin gücü
Tarix: 17-11-2022 | Saat: 11:42
Bölmə:Ölkə | çapa göndər

Türk birliyinin gücü

Məlum olduğu kimi, Prezident İlham Əliyev həmişə türk dünyasının bir olmasına çalışır və türkdilli ölkələrin siyasi, iqtisadi sahədə əlaqələrinin möhkəmləndirilməsində müstəsna rol oynayır. Qeyd edək ki, 2009-cu il 3 oktyabr tarixdə Naxçıvanda Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Türkdilli dövlətlər bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyir, eyni zamanda iqtisadi, siyasi əlaqələri durmadan genişləndirir. Türkdilli dövlətlər tərəfindən icra edilən bütün layihələr öz töhfəsini verməkdədir. 
Yeri gəlmişkən, Azərbaycan-Türkiyə, Azərbaycan-Türkmənistan, Azərbaycan-Qazaxıstan arasında neft-qaz sahəsində sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın nəticəsidir ki, Xəzər dənizinin neft-qaz ehtiyatları dünya və Avropa bazarlarına çıxarılır. Bütün çətinliklərə və xarici təzyiqlərə baxmayaraq, məhz Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti və mahir diplomatiyası nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa edilmişdir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycanın neft-qaz resursları Avropaya nəql olunur. İmzalanmış ikitərəfli sazişə əsasən, Qazaxıstanın neft-qaz resursları şaxələnmiş şəkildə Azərbaycan vasitəsilə dünya bazarına ixrac edilir. 
Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi türkdilli dövlətlər arasında əlaqələrin daha da inkişaf etdirilməsinə böyük töhfə verməkdədir. Humanitar və mədəni sahələrin inkişaf etdirilməsi istiqamətində də əlaqələrin yaradılmasının önəmli olması barədə cənab İlham Əliyevin irəli sürdüyü təkliflər üzv dövlətlər tərəfindən rəğbətlə qarşılanmışdır. İcra edilmiş bütün layihələrin məqsədi türkdilli dövlətlərin bir-birilə daha sıx əlaqələr qurmasına  yönəlmişdir. Qürurla qeyd etmək lazımdır ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası daha da inkişaf etdirilərək və gücləndirilərək Türk Dövlətləri Təşkilatına çevrilmişdir. Bu təşkilatın yaradılmasında Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin xidməti misilsizdir. 11 noyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşünün keçirilməsi tarixi bir hadisə oldu. Görüşdə müzakirə edilən məsələlərə, həyata keçirilən böyük layihələrə və gələcəkdə təşkilatın qarşısına qoyduğu hədəflərə nəzər saldıqda çox yaxın zamanda Türk Dövlətləri Təşkilatının beynəlxalq sistemdə nüfuzlu bir quruma çevriləcəyini əminliklə söyləmək olar. Təşkilata üzv dövlətlərin yerləşdiyi coğrafiyaya nəzər salsaq görərik ki, bu ölkələr Asiya ilə Avropanı birləşdirən bir ərazidə yerləşir. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təbii ehtiyatları çox zəngindir və bu təbii ehtiyatlar 23 dövlətin üzv olduğu Avropa İttifaqı ölkələrinin təbii ehtiyatlarından azı iki dəfə çoxdur. Bu baxımdan üzv ölkələr qarşılıqlı sərmayə yaradaraq iqtisadi əlaqələri daha sıx şəkildə qurmaq barədə razılığa gəliblər.
Zirvə görüşündə cənab Prezident İlham Əliyevin çıxışı və Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin güclənməsi üçün verdiyi təkliflər, türkdilli xalqların təhlükəsizliyinin təmin edilməsi üçün irəli sürdüyü təşəbbüslər böyük rəğbətlə qarşılandı və düşünürəm ki, bu təkliflər bir yol xəritəsi kimi də qəbul edilə bilər. Dövlət başçımızın da qeyd etdiyi kimi türk dövlətləri Təşkilatı artıq vahid türk ailəsinə çevrilir.  Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı regionun vahid güc mərkəzinin əsasını qoydu. Dövlət başçımızın Türk Dövlətləri Təşkilatında da lider olduğunun şahidi olduq. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türkdilli dövlətlər bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərəcək. Siyasi, eləcə də həyatın bütün sahələrində, o cümlədən müdafiə və müdafiə sənayesi sahəsində də əməkdaşlıq etməklə türkdilli ölkələri güclü dövlətlərə çevirəcək. Bu gün müstəqil türkdilli ölkələrdən kənarda milyonlarla soydaşımız yaşayır. Onların təhlükəsizliyinin, hüquqlarının, milli kimliyinin qorunmasının təşkilatın diqqətində olması barədə ölkə rəhbərinin fikirləri dövlət başçıları tərəfindən rəğbətlə qarşılandı. Azərbaycandan kənarda yaşayan 40 milyon azərbaycanlı digər ölkələrdə öz ana dilində təhsil almaq imkanlarından məhrum edilib. Azərbaycan dövlətindən ayrı düşmüş azərbaycanlılara ana dilimizi, adət-ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları və öz tarixi vətənləri ilə əlaqələrini kəsməmələri üçün dövlətimiz onlara hər zaman dayaq olacaq.
Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxladı. 2020-ci ildə Azərbaycan Ermənistan üzərində tarixi qələbə qazanaraq işğala son qoydu. Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. İşğal müddətində Ermənistan böyük vəhşiliklər törətdi, şəhər və kəndlərimizi viran qoydu, məscidlərimizi dağıtdı, təhqir etdi. Artıq Azərbaycan bu torpaqlarda quruculuq və abadlıq işlərinə başlayıb və bunu sürətlə davam etdirir. İşğal dövründə türkdilli dövlətlər hər zaman Azərbaycanı dəstəkləyib və bu gün də quruculuq və abadlıq işlərində bizimlə bir yerdədir. Çox sayda Türkiyə şirkətləri quruculuq işlərində yaxından iştirak edir. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan dövləti tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa edəcək.
Müharibənin başa çatmasından 2 il keçməsinə baxmayaraq, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir və Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır. Zirvə görüşündə qəbul edilmiş bəyannamədə üzv dövlətlər Zəngəzur dəhlizinin açılmasının vacib olduğunu qeyd etdilər.

Ən əsası, Zəngəzur dəhlizi Orta dəhliz olaraq Asiyadan Avropaya ən qısa və iqtisadi cəhətdən səmərəli quru yol hesab olunur.

Gülər Əmiraslanova,
YAP Göygöl rayon təşkilatı üzrə Quşqara kənd ərazi partiya təşkilatının sədr müavini
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024