Mobil versiya
Yeni Azərbaycan Partiyasının fəaliyyət proqramının əsasında Ulu Öndər Heydər Əliyevin siyasi xətti durur
Tarix: 17-11-2022 | Saat: 11:05
Bölmə:Ölkə | çapa göndər

Yeni Azərbaycan Partiyasının fəaliyyət proqramının əsasında Ulu Öndər Heydər Əliyevin siyasi xətti durur

1980-ci illərin sonlarından keçmiş SSRİ-nin bütün ərazisində geniş vüsət almağa başlamış və nəticə etibarı ilə Sovet imperiyasının süqutuna və parçalanmasına səbəb olmuş məlum hadisələr müttəfiq respublikalarda xalq hərəkatlarının genişlənməsi fonunda ən müxtəlif siyasi təşkilat və partiyaların yaranması ilə müşahidə olunurdu. Eynilə Azərbaycanda da bu proses gedirdi. Xalq azadlıq hərəkatının dalğaları üzərində müxtəlif qüvvələr şəxsi maraq uyğunluqları əsasında siyasi birliyə gəlir və partiyalar yaradırdılar. Lakin 1991-ci ildə ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra bu qüvvələrin və onların yaratdıqları siyasi partiyaların əsl məram və məqsədləri aşkar olunmağa başladı. İki il ərzində iqtidarda bir-birini əvəz edən bu qüvvələr nəticə etibarı ilə Azərbaycan dövlətçiliyinin məhvini planlamışdılar. Bir tərəfdən erməni işğalı, digər tərəfdən də daxili separatçılıq hərəkatları ölkəni vətəndaş müharibəsinin astanasına gətirmişdilər. Azərbaycanın kiçik xanlıqlara parçalanması an məsələsi idi.
Əlbəttə ki, həmin dövrdə ölkədə bu proseslərə qarşı durmağa çalışan, Azərbaycan dövlətçiliyinin xilası üçün yollar düşünən mütərəqqi insanlar da var idi. Məhz bu insanlar dövlətin və xalqın yeganə xilas yolunun Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişində oluğunu hamıdan yaxşı bilirdilər. Buna görə də Azərbaycanın yeni tarixində “91-lər” kimi qalmış məşhur ziyalılar yeni, yalnız xalqın və dövlətin maraqlarından çıxış edəcək bir siyasi partiya yaratmaq ideyası ətrafında birləşərək bu partiyaya rəhbərlik etmək təkilifi ilə xalqın yeganə etimad bəslədiyi və ümid bağladığı dahi şəxsiyyətə, Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Beləliklə, dövlətçilik tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyası yarandı. “91-lər”in son dərəcə cəsarətli addımları nəticəsində həmin dövrdə ölkəmizin üzləşdiyi dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycan xalqının iradəsinə və maraqlarına, milli mənafelərimizin aliliyi prinsipinə əsaslanan Ulu Öndər Heydər Əliyevin siyasi xətti, ümummilli liderin ideyaları Yeni Azərbaycan Partiyasının sonrakı illərdə də fəaliyyət proqramının əsasında durdu. Məhz bu siyasətə sadiqlik, cəmiyyətimizdə bu gün yaşanan həmrəyliyin formalaşmasını təmin etdi.
1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi. Yarandığı ilk gündən YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycan üçün müstəsna əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu partiya bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və həmin ağır dövrdə ölkəmizin qarşısında duran taleyükül məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövr başladı. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, ölkənin siyasi həyatında tutduğu mövqeyi möhkəmləndi. Partiya getdikcə daha çox xalq kütlələrini əhatə etməklə aparıcı siyasi qüvvəyə çevrilməyə başladı. Həmin dövrdə respublikanın ictimai-siyasi həyatının bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə fəallığını artıran Yeni Azərbaycan Partiyasının ilk addımları ölkədə siyasi sabitliyin bərpasına yönəldilmişdi. 1993-cü ilin yayında Azərbaycanın vətəndaş müharibəsinin bir addımlığında durduğu bir vaxtda xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, ölkənin xaosdan çıxaraq inkişaf yoluna qədəm qoymasına imkan verdi.
Ümummilli liderimizin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddət ərzində geniş xalq kütləsinin dəstəyini qazandı. Əlbəttə ki, buna Partiyanın Ulu Öndərin ideyaları əsasında tərtib olunmuş Proqramında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi kimi vəzifələrin prioritet elan olunması müstəsna təsir göstərmiş oldu.
Bu gün birmənalı olaraq deyə bilərik ki, 30 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə ləyaqətlə davam etdirilib və nəticə olaraq YAP regionun ən böyük siyasi partiyasına çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər isə Azərbaycan xalqının, eyni zamanda, iqtidar Partiyasının ən mürəkkəb və ən çətin, eyni zamanda da ən ali məqsədini reallaşdırmış oldu.
2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. Bu qurultayın əlamətdar edən ən mühüm faktorlardan biri əlbəttə ki, Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi Qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. Bu reallıqlar region və ölkəmiz üçün olduğu kimi, Yeni Azərbaycan Partiyası üçün də yeni çağırışlar yaratdı. Həmin tarixi gündən sonra keçmiş dövr ərzində gedən proseslərin təhlili də göstərir ki, YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar Partiyamızın fəaliyyətinin effektivliyinin artmasına və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə ciddi zəmin yaratmışdır.
Bu gün ölkəmizdə davamlı olaraq müşahidə olunan dinamik inkişaf, sürətlə dəyişən reallıqlar və müəyyən olunan yeni obyektiv amillər Yeni Azərbaycan Partiyasının sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların effektivliyini vurğulayır və bu islahatların davamlı olaraq aparılmasını mühüm və zəruri vəzifə kimi müəyyən edir.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024