Mobil versiya
Sərhədlərin delimitasiyası dayanıqlı sülhün bərqərar olması yönümündə atılacaq zəruri addımdır
Tarix: 08-10-2022 | Saat: 12:13
Bölmə:Ölkə | çapa göndər

Sərhədlərin delimitasiyası dayanıqlı sülhün bərqərar olması yönümündə atılacaq zəruri addımdır

Oktyabrın 5-də ilk dəfə olaraq Azərbaycan Milli Şəhərsalma Forumunun məhz Ağdamda keçirilməsi Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin bərpasına, yenidən qurulmasına və inkişafına göstərdiyi xüsusi diqqət və qayğının daha bir təzahürüdür. Dünyanın 44-dən artıq ölkəsindən nümayəndələrin iştirak etdiyi bu tədbir erməni faşizminin əsl simasının bir daha ifşa olunmasında və bütün qəddarlığı ilə beynəlxalq ictimaiyyətə yenidən təqdim olunmasında əhəmiyyətli rol oynadı. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev iştirakçıların diqqətini bir daha Ermənistan hökumətinin və silahlı qüvvələrinin işğal dövründə Azərbaycan ərazilərində törətdikləri hərbi cinayətlərə yönəltdi. Diqqətə çatdırıldı ki, işğala qədər Qarabağın ən böyük şəhəri olan Ağdam 30 ilə yaxın müddət davam edən işğal dövründə tamamilə dağıdılıb. Bütün binalar viran qoyulub, daşları bir-bir sökülüb, oğurlanıb və satılıb. Ermənilər dini-tarixi abidələrimizi talan edib, məscidlərimizdə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb.
Bu gün Azərbaycan keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng layihələr həyata keçirməkdədir. İşğal edilmiş digər ərazilərdə olduğu kimi, Ağdamın da yenidən qurulması prosesi böyük vüsətlə davam edir. O cümlədən oktyabrın 4-də Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna etdikləri səfər bir sıra hadisələrlə əlamətdar oldu. Səfər çərçivəsində cənab dövlət başçısı və birinci xanım Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində və Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Bütün bu tədbirlər Ağdamın yenidən qurulması istiqamətində aparılan işlərin heyratamiz vüsətindən və dinamikasından xəbər verir.
Ermənistan isə Azərbaycanın quruculuq işlərini və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını mümkün qədər ləngitmək məqsədilə faktiki olaraq 30 il ərzində törətdiyi hərbi cinayət əməllərini indi də davam etdirir. Bu gün işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində apardığı işlərdə Azərbaycanın qarşısında duran ən böyük çətinliklərdən biri məhz minalar məsələsidir. Vətən müharibəsinin başa çatmasından artıq iki il keçsə də, ölkəmiz hələ də ərazilərində ermənilər tərəfindən basdırılmış minalardan dolayı insan tələfatı verir. Bu iki il ərzində təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb və bu rəqəm hər həftə artır. Ermənilər işğal dövründə Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırıblar və bütün beynəlxalq razılaşmalara zidd olaraq hələ də mina sahələrinin xəritələrini təqdim etməkdən boyun qaçırır.
Lakin 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Azərbaycan Ermənistana sülh təklif edir. Ölkəmiz sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürüb. Bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Dövlət başçımızın dediyi kimi, artıq sərhədlərin delimitasiyası üzrə komissiyalar vaxt itirmədən iki ölkə arasında faktiki mövcud olmayan sərhədin müəyyənləşdirilməsi üzərində fəal işləməyə başlamalıdırlar.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025