Mobil versiya
Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub
Tarix: 03-10-2022 | Saat: 16:30
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub

1991-1993-cü illərdə Azərbaycan XX əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsilə üz-üzə qalmışdı. Həmin dövrdə ölkəyə rəhbərlik edən siyasi qüvvələrin səriştəsizliyi və şəxsi ambisiyalarını ümumxalq mənafeylərindən üstün tutmaları ciddi fəsadlara yol açmışdı. 1993-cü ilin may-iyun aylarında ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Müstəqilliyin itirilməsi, Azərbaycanın isə parçalanaraq dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi bütün reallığı ilə ölkənin başı üzərini almışdı. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. Həmçinin dövlətçilik anlayışından xəbəri olmayan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilməyəciyini artıq dərk edən o dövrkü iqtidar da sonda Heydər Əliyevdən imdad istədi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və qiyamın qarşısını aldı. 1993-cü ilin 15 iyun tarixində yenə də xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Ulu Öndər xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ümummilli Lider çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Birmənalı olaraq demək lazımdır ki, 1993-cü il iyunun 15-dən oktyabr ayının 3-dək davam edən dövr ərzində ilk növbədə ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi. Əldə olunan ən mühüm nailiyyətlərdən biri isə, əlbəttə ki, separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısının alınması oldu. Bundan sonra Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri son dərəcə yüksək dəqiqliklə müəyyən etdi, qabaqcıl ölkələrin təcrübəsində artıq uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinə müraciət edərək, onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modeli quruldu. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi.
3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil həyat yaşayır. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. Ulu Öndərin təşəbbüsü ilə iqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı və bazar iqtisadiyyatına keçid baş verdi.
Qərbə inteqrasiya yolunu tutan ümummilli lider Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı.
Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi yeri vardır. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Vüqar Əliyev,
Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024