Mobil versiya
Müasir dövlətçilik tariximizin ən mühüm və dönüş mərhələsi
Tarix: 03-10-2022 | Saat: 13:26
Bölmə:Siyasət | çapa göndər

Müasir dövlətçilik tariximizin ən mühüm və dönüş mərhələsi


29 il bundan əvvəl, oktyabrın 3-də keçirilmiş prezident seçkilərində xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Bununla da Azərbaycan dövləti özünün müstəqilliyinə, inkişafına aparan yolun ilk addımını atdı.

Ümummilli Lider andiçmə mərasimindəki nitqində bildirirdi ki: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” O, bu andına və öz xalqı qarşısında götürdüyü öhdəliyə hər zaman sadiq oldu. Bir an olsun belə tərəddüd etmədən, ölkəmizi daha böyük bəlalardan, faciələrdən qorudu. O, çox mürəkkəb, həssas məqamda vəzifəsini icra edirdi. Baxmayaraq ki, müstəqilliyimizin bərpası 1991-ci ildə elan edilmişdir. Lakin ölkə xaos və böhran vəziyyətində idi. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq Heydər Əliyevin xidmətidir. Əgər 1991-1993-cü illərdə baş verən hadisələri təhlil etsək görərik ki, həmin dövrdə ölkədə hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə mövcud idi. Ölkəmizin suveren mövcudluğuna təhlükə yaradan bütün hadisələr o zaman dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından, idarəetmədən ən primitiv biliyə belə malik olmayan, ölkəni daha dərin fəlakətlərə aparan, mövcud hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi və hər birimiz bunun canlı şahidləriyik. Əfsuslar olsun ki, onlar bir çox hallarda bunu unudurlar və hələ də müxtəlif dairələrdən aldıqları tapşırığa əsasən öz dövlətinə, xalqına ləkə gətirən, zərbə vuran davranışlarından əl çəkmirlər.

1993-cü ildə Onun qayıdışı və ölkə prezidenti seçilməsi nəticəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əminamanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzülün qarşısı alındı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.

Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraiti düzgün qiymətləndirir, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə balanslaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.

Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Vaxtı ilə doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin bütün qayğıları, problemləri onun gündəlik qayğısına çevrilmişdi. Onun ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olmuşdur. Bu sənəd Azərbaycanın yenidən səfərbər olması, ölkədə sabit inkişaf etməsi, güclü və peşəkar ordu qurması, iqtisadi imkanlarının artırması üçün mühüm məsələ idi.

Ümummilli Lider həm də tarixi varislik prinsipini həyata keçirirdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin vaxtında qəbul edilən qərarları yenidən gündəmə gətirərək, ən mühüm Fərman və Sərəncamları həmin dövrün tarixi davam kimi təsdiqləyirdi. Eyni zamanda, xalqımıza qarşı törədilən erməni soyqırımı hadisələrinə siyasi-hüquqi qiymət verdi, “31 mart Azərbaycanlıların soyqırımı günü” elan olundu. 1995-cu ildə qəbul olunmuş müstəqil dövlətimizin ali sənədinin- Konstitusiyanın müəllifi Heydər Əliyev idi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və respublukamızda müvafiq qanunlar qəbul edilmişdir. 90-cı illərin ortalarından başlayaraq ölkədə yaranan sosial və iqtisadi sabitlik qadın məsələlərinin inkişafına yenidən təkan verdi. Qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı. Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi" barədə Konvensiyasına qoşulmuşdur. Qanunvericilik bazası təkmilləşdirilərək bir sıra qanunlar qəbul olundu. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Ailə Məcəlləsi və Mülki Məcəlləsində qadınların işləmək, iqtisadi, yaşamaq və mülkiyyət sahəsində yeni hüquqları öz əksini tapdı. Onun 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi isə görülən işlərin zirvə nöqtəsi oldu. Bununla qadınlara əlavə səlahiyyət verildi, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu yaradıldı. Bu sənəd hər bir mənada ölkəmizdə qadınların daha fəal olmasına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına yüksək dövlət siyasətinin göstəricisidir. 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə xidmət edən əsas sənəd oldu. Ümummilli Liderin təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi.

Bir sözlə, Ulu Öndər dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimizi nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edirdi. O, deyirdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Ancaq Heydər Əliyev zəkası bu çətinliyin öhdəsindən gəlirdi. Sağlamlığını, həyatını Azərbaycanın inkişafına qurban verən bu dahi şəxsiyyətin həyatının məqsədi Azərbaycan, Azərbaycan xalqı, Azərbaycan Respublikası, Azərbaycan vətəndaşı idi. O, müstəqil dövlətimizin əbədi yaşaması, ərazi bütövlüyümüzün bərpası üçün çox güclü bir təməl qoydu. Heydər Əliyev siyasəti onun fiziki olaraq dünyasını dəyişməsindən sonra da ölkənin inkişafının, müasirləşməsinin və yeniləşməsinin əsasını təşkil edir. 2003-cü ildən bu günə qədər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişafında bu siyasət həlledici rol oynayıb və oynamaqdadır. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması insanların qürur mənbəyinə çevrilir. Azərbaycan inkişaf edir, yenilənir, müasirləşir. Son vaxtlar uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. Artıq Azərbaycan tək başına BMT TŞ-nın 4 Qətnaməsini yerinə yetirərək, suveren hüquqlarını və ərazi bütövlüyünü bərpa etdi. Bu Ümummilli Liderin ən böyük arzusu və ata kimi vəsiyyəti idi. Bu gün isə Böyük Qayıdış üçün Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-tikinti, quruculuq işləri aparılır.

Çıxışlarının birində Ulu Öndər gələcəyə olan böyük inamla deyirdi ki, “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qurur hissi ilə bəyan edəcəkdir”. Bəli, biz artıq “məğlub xalq ”deyilik, biz nəinki region üçün, artıq dünya üçün mühüm əhəmiyyət kəsb edən təşəbbüslərin, layihələrin müəllifinə çevrilmişik, biz müstəqil siyasət həyata keçiririk. Biz fəxr edirik ki, Azərbaycanlıyıq!


Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
professor Hicran Hüseynova
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024