Mobil versiya
Ulu Öndərin hakimiyyətə gəlişi antiazərbaycan qüvvələrinin bütün cəhdlərini boşa çıxardı
Tarix: 01-10-2022 | Saat: 16:17
Bölmə:Ölkə | çapa göndər

Ulu Öndərin hakimiyyətə gəlişi antiazərbaycan qüvvələrinin bütün cəhdlərini boşa çıxardı

Dünya azərbaycanlılarının ümummilli lideri Azərbaycanın dövlət quruluşunun iki fərqli və hətta tam ziddiyyətli siyasi formasiyada mövcud olduğu ayrı-ayrı dövrlərdə respublikaya rəhbərlik etmişdir. Belə ki, Ulu Öndər 1969-1982-ci illərdə kommunist ideologiyasının hökmranlıq etdiyi sovet imperiyasının tərkibində olan Azərbaycan SSR-ə, 1993-2003-cü illərdə isə artıq müstəqil Azərbaycana rəhbərlik etmişdir. Birmənalı olaraq qeyd olunmalıdır ki, bu iki fərqli, hətta ziddiyyətli tarixi dövrlərin hər biri məhz ümummilli lider Heydər Əliyevin fədakar əməyinin, səmərəli işgüzarlığının, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycan üçün sürətli və hərtərəfli inkişaf dövrü olmuşdur.

Əlbəttə ki, bu iki tarixi mərhələdən məhz müstəqillik dövrünü ölkəmiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən həlledici dövr kimi qeyd etmək olar. Məsələ bundadır ki, SSRİ tərkibində mövcud olduğu illərdə Azərbaycan müstəqil olmasa da, ən azından ərazi bütövlüyü müəyyən edilmiş sərhədlər çərçivəsində təmin olunan respublika statusuna malik idi. Lakin müstəqilliyin ilk illərində cərəyan edən hadisələr artıq ölkəmizin sadəcə ərazi bütövlüyünü deyil, həm də ümumilikdə varlığını real təhdid altına almışdı. Əgər həmin dövrdə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi hətta ən qısa müddətə olsa belə gecikdirilsəydi, bu gün artıq dünyanın siyasi xəritəsində ən yaxşı halda ölkəmizin ərazisində bir neçə xırda marionet rejimli dövlət yerləşdirilmiş olacaqdı. Bu faciənin qarşısını ala biləcək yeganə şansı Azərbaycana Ulu Öndərin respublikada hakimiyyətə gəlməsi verə bilərdi və müdrik xalqımız bu şansı qaçırmadı.

1991-1993-cü illərdə ölkəmizin suveren mövcudluğuna təhdid yaradan bütün amillərin həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verdiyi danılmaz bir həqiqətdir. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Ölkədə siyasi vəziyyətin həqiqətən də son gərginlik həddinə çatdığını göstərən ən önəmli faktorlardan biri də bu idi ki, dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü də sonda Heydər Əliyevdən imdad istəmək məcburiyyətində qalmışdı. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün əvəzsiz lideri Heydər Əliyevi Bakıya dəvət etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və qiyamın qarşısını aldı. Ulu öndərin Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı.

1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri isə Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi.
Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi I Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu.

Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Qeyd etmək lazımdır ki, ölkənin sosial-iqtisadi inkişafının təmin olunması ilə bağlı görülmüş ən əsas işlərdən biri də məhz “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur. İlk dəfə 8 ölkəni əhatə edən bu müqavilə növbəti illərdə 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açmışdır. Bağlanmış müqavilələr hesabına ölkənin neft sektoru sürətlə inkişaf etdirilmiş, ölkəyə daxil olan vəsaitlər hesabına qeyri-neft sektorunun inkişafına və əhalinin sosial problemlərinin həllinə nail olunmuşdur.

1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişaf mərhələsinin başlanmasına təkan vermişdir. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratmışdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmiş, dünya miqyasında layiqli yerini tutmuşdur.

Ulu Öndər Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi və onun müdrik siyasətini birmənalı olaraq qəbul edirdilər.

Ümummilli Liderin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Və nəhayət bütün bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Azərbaycan bu inamlı qələbəsilə öz gücünü bütün dünyaya nümayiş etdirdi.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə