Mobil versiya
Ali Baş Komandan Qarabağın Azərbaycan olduğunu bütün dünyaya sübut etdi
Tarix: 24-09-2022 | Saat: 11:54
Bölmə:Ölkə | çapa göndər

Ali Baş Komandan Qarabağın Azərbaycan olduğunu bütün dünyaya sübut etdi

Erməni ideoloqlarının otuz il ərzində böyük səylərlə hazırladıqları və “yenilməz erməni ordusu” mifinə dayanan ideoloji sütunlar bu gün tamamilə çökmüş vəziyyətdədir. Həm də otuz il bəslənmiş bu mifoloji ideyalar cəmi 44 günlük hərbi əməliyyatlar nəticəsində darmadağın edildi. Azərbaycan öz ərazi bütövlüyünü Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəsilə bərpa etdi və Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və davamlı inkişafa nail olmağın yeganə yolunu hər kəsə açıq-aydın göstərdi. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə Azərbaycanın birmənalı mövqeyini açıqlayaraq bəyan edib ki, biz Ermənistanla sülh müqaviləsinin imzalanmasını, ölkələrimizin bir-birilərinin ərazi bütövlüyünü tanımalarını və sərhədlərin delimitasiyası prosesinin başlamasını istəyirik. Çünki biz Cənubi Qafqazda, hətta bütün dünyada sülhün və əmin-amanlığın, inkişafın tərəfdarıyıq. Ancaq əgər Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddiaları xülyaları ilə yaşayırsa bu zaman bizim Şanlı Ordumuzun dəmir yumruğu onu yenidən qəflət yuxusundan oyatmağa hazırdır.

Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Bununla belə münaqişənin sülh yolu ilə həlli üçün, torpaqlarımızın işğaldan azad edilməsi üçün də heç bir konkret tədbir görülmürdü. Hətta ərazilərdən erməni qoşunlarının çıxarılmasına dair BMT-nin müvafiq qətnamələri də icra olunmurdu. Artıq bu gün məlum olur ki, əslində bu münaqişənin həlli heç nəzərdə də tutulmamışdı. Beynəlxalq təşkilatlar sadəcə vaxtı uzadaraq Azərbaycanı işğal vəziyyəti ilə barışmağa sövq etməyə çalışırdılar. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq hərbi əməliyyatlara başladı və bununla da özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Savaş meydanında əldə olunmuş qələbədən sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, indiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə və ən əsası da bunu bizə qəbul etdirməyə çalışırdılar. Lakin Azərbaycan Prezidenti hər zaman deyirdi ki, alternativ var və bu, torpaqların müharibə yolu ilə azad edilməsidir. 44 günlük Vətən müharibəsi dövlət başçımızn bu dəfə də haqlı olduğunu bütün dünyaya göstərdi.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 02 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunacaq. Bu Sərəncam şəhid ruhlarına, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın ən bariz təzahürüdür.

Ölkənin hərbi qüdrətinin durmadan artması Azərbaycanda həyata keçirilən uğurlu ordu quruculuğu işinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması da məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci il tarixində başladığı və cəmi 44 günə tarixi Qələbə əldə etməklə başa vurduğu Vətən müharibəsinin nəticələri ilə sübut etdi ki, Cənubi Qafqazın ən qüdrətli ordusudur. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlər, Silahlı Qüvvələrdə aparılan islahatlar Azərbaycan Ordusunu bu günkü səviyyəyə qaldırdı. Bu gün Şanlı Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün əsas təminatçısı olmaqla xalqımızın əsl qürur mənbəyidir.

Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri də bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, milli həmrəyliyimiz, xalqın öz Prezidentinə olan sonsuz inamı və bu zəmində müharibənin ilk günlərindən müşahidə etdiyimiz böyük ruh yüksəkliyi oldu. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Vüqar Əliyev,
Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024