Mobil versiya
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var
Tarix: 24-07-2022 | Saat: 12:16
Bölmə:Ölkə | çapa göndər

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri beynəlxalq münasibətlər sisteminin mühüm oyunçusu olan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı fəaliyyətdir. Qeyd edək ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı, enerji təhlükəsizliyi və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirmişdir. Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi vəziyyət, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Avropa İttifaqı üçün cəlbedici edən faktorlardır.

Yeri gəlmişkən, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıran mühüm akt 1996-cı il aprelin 22-də imzalanan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" oldu. 1999-cu ildə qüvvəyə minən, qarşılıqlı münasibətlərin hüquqi-normativ əsasını təşkil edən bu sazişi Ümummilli lider Heydər Əliyev "Azərbaycan dövləti üçün çox böyük əhəmiyyəti olan tarixi hadisə" kimi səciyyələndirmişdi. Bu saziş cəmiyyətin müxtəlif sferalarında - siyasi, iqtisadi, mədəni, sosial və s. qarşılıqlı münasibətlərin inkişafına yönəlmişdi. Sazişə əsasən təsis edilən tərəfdaşlığın əsas məqsədləri tərəflər arasında siyasi dialoqun inkişafı və bunun üçün müvafiq çərçivənin yaradılması, demokratiyanın möhkəmlənməsi və bazar iqtisadiyyatına keçidin başa çatdırılmasına yardım, davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə tərəflər arasında ticarətin və sərmayə qoyuluşunun inkişaf etdirilməsi, qanunvericilik, maliyyə, vətəndaşlıq, elm, texnologiya və mədəniyyət sahələrində əməkdaşlığın əsaslarının qurulması. Bu sazişdən irəli gələn vəzifələrin icrası, Avropa İttifaqı ilə əlaqələrin genişlənməsi və tənzimlənməsi sahəsində məqsədəuyğun tədbirlərin hazırlanıb həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 1999-cu il tarixli sərəncamı ilə dövlət komissiyası yaradılıb. Bundan əlavə ölkə başçısı hər zaman öz bəyanatlarında bildirmişdir ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır, ikitərəfli münasibətlər də yüksəlməyə doğru gedir. Eyni fikirləri Prezident cənab İlham Əliyev bir neçə gün öncə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyaye ilə görüşü zamanı da bildirdi. Bu baxımdan iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” münasibətlərin daha da dərinləşməsi və inkişaf etdirilməsi yönümündə xüsusi əhəmiyyət kəsb edən sənəddir. Keçirilən mətbuat konfransında dövlət başçısı Prezident İlham Əliyev bir sıra vacib məqamlara toxundu. Strateji tərəfdaşlığın, iqtisadi əlaqələrin, enerji təhlükəsizliyi, azad olunmuş torpaqların iqtisadi potensialı kimi məsələlərdən danışan cənab Prezident qeyd etdi ki, Azərbaycanla Avropa İttifaqının bu yöndə birgə fəaliyyət göstərməsi hər iki tərəfin lehinədir və Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir.

Ölkə başçısı İlham Əliyevin çıxışında diqqət mərkəzində olan əsas məsələlərdən biri enerji siyasətində sosial-iqtisadi inkişafı təmin üçün mühüm vasitə kimi istifadə olunması məsələsinin qeyd olunmasıdır. Enerji strategiyasının uğurla icra olunması və neft gəlirlərinin səmərəli istifadə edilməsi nəticəsində ölkəmizdə sosial-iqtisadi ifrastrukturun müasir tələblərə uyğun yenidən qurulması təmin olunub, iqtisadiyyatımız şaxələndirilib və qeyri-neft sektorunda güclü potensial formalaşdırılb. Enerji layihələrinin daxili inkişafımız üçün əhəmiyyətini qeyd edən cənab Prezident bildirmişdir ki, enrji amili, enerji diplomatiyası və bütün layihələr ökəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə olunan gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir. Görüş zamanı hər iki tərəfin xüsusilə vurğuladığı məqam Azərbaycanla Avropa İttifaqının komanda şəklində birgə fəaliyyəti daima müsbət nəticə verməsidi. Cənub Qaz Dəhlizi layihəsi buna bariz nümunədir. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur. Cənub Qaz Dəhlizi layihəsinə nəzər saldıqda, onun bir çox parametrlər üzrə çox nadir olduğunu görə bilərik. Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir. Həmin ölkələr arasında sıx əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı. Bir sözlə Azərbaycan Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı bazarına çatdırılmasında həlledici rol oynayır.

Ən əsası görüşdə səslənən fikirlər, imzalanan enerji sahəsində strateji dərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycan ilə Avropa İttifaqı arasında ikitərəfli əməkdaşlığı bir daha möhkəmləndirdi. Möhtərəm Prezidentimizin dediyi kimi, Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır və nəzərdə tutulan planların icrası ticari dövriyyəni həm Azərbaycan xalqının, həm də Avropa ölkələri xalqlarının rifahı naminə artıracaq. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və bu münasibətlər getdikcə daha da dərinləşəcək və möhkəmlənəcək.

Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli
kənd ərazi partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025