Mobil versiya
Milli Qurtuluşdan Zəfərə gedən yol
Tarix: 15-06-2025 | Saat: 09:57
Bölmə:Karusel / Manşet / Gündəm / Siyasət / Özəl | çapa göndər

Milli Qurtuluşdan Zəfərə gedən yol


Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Azərbaycan xalqının minilliklərlə ölçülən tarixində saysız-hesabsız oxşar tarixi hadisələr olmuşdur və olmaqda da davam edir. Bu hadisələr bir-biri ilə müqayisə və təhlil olunur, nəticələr çıxarılır, bəzən tənqidi, bəzən isə təqdir olunası məqamlar qabardılır. Tamamilə təbii bir prosesdir. Hər bir xalq öz tarixi keçmişinə nəzər sala-sala, yol verilmiş qüsurları təhlil edə-edə gələcəyini müəyyən edir.
Lakin tarixdə elə hadisələr, elə günlər var ki, ya digərləri ilə müqayisəyə gəlməyəcək dərəcədə fəlakətli, ya da xalqın taleyində əsaslı dəyişikliyə, tərəqqiyə və təbəddülata səbəb olur. Mübarizələrlə dolu tariximizdə belə günlər çoxdur. Belə tarixi günlərin və hadisələrin çoxluğunun xalqın millət kimi formalaşmasında, milli kimliyini, dilini, varlığını qorumasında müstəsna əhəmiyyəti də məlumdur. Lakin Azərbaycan xalqının tarixində bir möhtəşəm gün vardır ki, gəlmiş-keçmiş heç bir gün onunla müqayisəyə gəlmir. Bu gün 15 iyun günüdür. Cəmi 32 il yaşı olan bu günü fərqli edən, bütün müqayisələrin və tarixi hadisələrin fövqündə saxlayan nədir? Məhz bu sualın cavabını tapmaq üçün elə 32 il bundan əvvələ qayıdaq və baş verən hadisələrə bu günün baxış bucağından nəzər salaq:
1993-cü ilin əvvəllərində Azərbaycan müstəqilliyini yenicə elan etmiş postsovet ölkələrinin hamısından fərqli olaraq ağır günlər keçirirdi. Ərazilərinin bir hissəsi mənfur qonşular tərəfindən zəbt olunmuş, yeni ərazilərin işğal olunması təhlükəsi yaranmışdı. Üstəgəl, o vaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi, siyasi çəkişmələr, yorğan davasından qaynaqlanan birləşə bilməmək probleminin yaratdığı hərcmərclik, separatçı meyllərin baş qaldıraraq ölkəni fəlakətə doğru aparması açıq-aydın göz qabağında idi. Ölkə elə bir məngənədə sıxılmışdı ki, onu sözlə ifadə etmək çətindir. Dünya güclərinin regiondakı maraqları, Rusiyanın keçmiş müstəmləkəsinə təzyiq və təhdidləri... Havadarlarına arxayın olan ermənilərin vəhşilikləri bir yana, daxili sabitliyin olmaması, cəmiyyətin parçalanmaya və xaosa sürüklənməsi dərin bir inamsızlıq və bədbinlik ruhu yaratmışdı. Belə bir gərgin ortamda xalqın yeganə və son ümid yeri inandığı, etibar etdiyi yeganə şəxsiyyət Heydər Əliyev idi. Sovetlər Birliyinin yönətimində 10 nəfərdən biri olmuş, dəfələrlə Azərbaycan xalqını gözlənilən təhlükələrdən sovuşdurmuş bu böyük şəxsiyyət Naxçıvanda – doğma el-obasında o bölgəni fəlakətdən qurtarma yolunda çaba göstərirdi.
Vəziyyət getdikcə gərginləşirdi. Kəlbəcər kimi mühüm strateji bölgə işğal olunmuş, siyasi rəhbərlikdə baş verən parçalanmalar, iqtisadi vəziyyətin ağırlığı, özbaşınalıq və qanunsuzluq ölkəni addım-addım fəlakətə sürükləyirdi, İqtidardakılar da vəziyyətin fərqində idilər. Yarıtmaz idarəçiliklərinin doğurduğu problemləri dərk etməyə başlamışdılar. Lakin gec idi. Prosesə yön vermək imkanlarının hamısı əldən verilmişdi. Gəncədə mövcud yönətimə qarşı ayaqlanma ölkəni vətəndaş müharibəsinə doğru aparırdı. Xalq isə öz xilaskarının yolunu gözləyirdi. Təkcə gözləmirdi, onun Bakıya gələrək vəziyyətə əl qoymasını təkidlə tələb edirdi. Mövcud iqtidar da xalqın bu israrlı tələbinə qarşı çıxmağın fəlakətə aparcağını anlayaraq Heydər Əliyevin israrla Bakıya gəlməsini xahiş etməyə məcbur oldu.
O gəldi və gəlişi ilə də Ümummilli Liderə çevrildi. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş günü kimi daxil oldu. Bununla da Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başladı. İyunun 24-dən o, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun olaraq müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlətin xarici siyasəti, o cümlədən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı.


Bu illərdə milli ordu quruculuğunda ciddi dəyişikliklərə başlandı. Təcavüzkar erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan münaqişəsinin həllində ilkin mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul etdi. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur. Heydər Əliyev o şəxsiyyətdir ki, bütün varlığı ilə Azərbaycan dövlətçiliyinə, milli məfkurəyə xidməti özünə şərəf bilirdi, azərbaycanlı olmağı ilə fəxr edir və hər bir əməli ilə nəsillərə örnək olmağı bacarırdı. Qazanılmış müstəqilliyin qorunub saxlanmasının müqəddəs vəzifə olduğunu qeyd edən ümummilli lider hər çıxışında, hər nitqində bunu xüsusi vurğulayır və deyirdi: “Əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu və yaşamışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır.”
Zaman göstərdi ki, Azərbaycan xalqının taleyində mühüm rol oynamış elə bir hadisə yoxdur ki, orada Heydər Əliyevin imzası, adı olmasın. Saatlarla, günlərlə, aylarla bu böyük şəxsiyyət haqqında danışmaq olar. Çünki onun həyatı bir tarixdir. Azərbaycanın XX əsr tarixi. Keşməkeşli, mübarizə və inkişaf tarixi...
Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Özünümüdafiə dəstələri və könüllü batalyonlar ləğv edildi və beləliklə, Ulu Öndər Heydər Əliyev vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunu yaratdı. Həmin ordu isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin öndərliyi ilə 2020-ci ildə öz sözünü dedi və tarixə Zəfər dastanı yazdı, düşməni darmadağın edərək torpaqlarımıza azadlıq bəxş elədi.
"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", – deyən Ulu Öndər Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu.
Ümummilli liderimiz Azərbaycan xalqının qədim tarixinə, zəngin mədəniyyətinə arxalanan, onu dünyada yetərincə təbliğ edən böyük bir intellekt sahibi idi, özündən sonra nəhəng bir siyasi və mənəvi irs qoyub getmişdir. Bu irsin əsas mahiyyətini və məzmununu, böyük bir missiyanı Ulu Öndərin öz sözləri ilə belə xarakterizə etmək olar: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”. Buna görədir ki, onun irsi indi xalqımıza düzgün yol göstərir, bütün qələbələrimizin rəhninə çevrilmişdir.
Bu gün nail olduğumuz nə varsa, 15 iyun 1993-cü il tarixindən qaynaqlanır. Zəfərimiz də, inkilşafımız da, regionda söz sahibi olan dövlətə çevrilməyimiz də həmin günə söykənir.
Ulu Öndər ideyalarına sədaqətlə xidmət edən, bu ideyaları zərgər dəqiqiliyi ilə həyata keçirən cənab İlham Əliyevin Qurtuluşdan Zəfərə gedən yola öndərlik etməsi, təhvil aldığı estafeti layiqincə davam etdirməsi elə həmin gündən – 5 iyun Milli Qurtuluş günündən başlayır. Çünki bu günü tarix edən Ulu Öndər Heydər Əliyev dühası olmuşdur. Milli Qurtuluş gününün müqayisə edilməzliyinin sirri də məhz budur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə